Putinin seksual rəqibi: Sobçakın qərarının arxasında nə durur? - QƏRB MƏTBUATININ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

Putinin seksual rəqibi: Sobçakın qərarının arxasında nə durur? - QƏRB MƏTBUATININ XÜLASƏSİ

Rusiyanın məşhur teleaparıcısı Ksenia Sobçak 2018-ci ildə keçiriləcək prezident seçkilərində namizəd kimi iştirak edəcək.

Publika.az xəbər vermişdi ki, Sobçak prezidentliyə namizədliyini yazılı və videoaçıqlama ilə elan edib.

Lakin onun namizədliyi birmənalı qarşılanmayıb. Bəzi müxalifətçilər Kremlin “zərərsiz düşmən” olaraq Sobçakın namizədliyini planlaşdırdığını iddia edirlər. Məlumat üçün bildirək ki, Ksenianın atası, Sankt-Peterburqun keçmiş meri Anatoli Sobçakın Putini siyasətə gətirən şəxs olması sirr deyil.

O, çoxdan qərb KİV-nin fokusuna düşüb. Qərbin nüfuzlu nəşrləri "Möhkəm fındıq", "Rusiya müxalifətinin ruporu", "Rusiyanın Peris Hiltonu", “Rusiya müxalifətinin Cülyettası”... və s. kimi ifadələrlə məşhur teleaparıcı Kseniya Sobçakı zaman-zaman mədh ediblər.

2012-ci ildəki etiraz hərəkatının dalğasında Kseniya Sobçak özünə həm Rusiya, həm də qərb mətbuatında ad qazana bilib. Demək olar ki həmişə qərbdə bu televiziya aparıcısına aşkar maraq sərgilənib. Bu da izah olunandır: bəlkə Vladimir Putinin güclü, elektoratlı rəqibi meydana çıxıb? Hər dəfəsində eyforiyaya qapılan qərb KİV-i bu dəfə də fala baxır...

Gözlənilməz geridönüş və yeni tapmacalar

Qərb mətbuatı Kseniya Sobçakın siyasi səhnəyə qayıdışına çoxmənalı reaksiya verdi. Məsələn, Britaniya “The Independent”i yazdı ki, "Rusiyanın Peris Hiltonu" prezident postu uğrunda Vladimir Putinə əsl rəqib gəlir. Alman “NTV”si məlum açıqlamanı daha emosional şərh etdi: "Rus Peris Hilton” Putini devirmək istəyir. Narahat keçmişə malik olan telejurnalist onun dördüncü dəfə prezident olmasına mane olmağı arzu edir".

Bununla bərabər Sobçakın siyasi geridönüşünü "Navalnının ümidlərinə zərbə" adlandıranlar da var: “Financial Times” qeyd edir ki, müxalifət sıralarında ehtimal ki, parçalanma olacaq. “Əlbəttə, Sobçakın namizədliyi seçkiyə "enerji qatacaq", əks təqdirdə seçki əvvəlcədən düşünüldüyü kimi keçəcəkdi”, - Britaniya jurnalistləri qeyd edirlər.

Başqaları fərz edirlər ki, elit gözəlçənin “came back”i tamamilə planlaşdırılmış aksiyadır... Kseniya Sobçak guya Kremlin siyasi tamaşasında baş rol oynayır, liberal və gənc fəalların səslərini öz üzərlərinə götürərək, müxalifəti zəiflətmək istəyir. Bunu Alman “Die Welt”i və İsveçrə “Neue Zurcher Zeitung”u yazır. “Müxalifət düşərgəsində aparıcıya etibarsız yanaşırlar”, - İsveç nəşri fikrini izah edir.

Fransız “Le Temps”i də belə düşünür: “Ona namizəd olmağa icazə verilməyən məhkumluğuna baxmayaraq, Navalnı qarşıdakı seçkidə müxalifətin əsas namizədidir. Hakimiyyət əsas müxalifətçinin ayaqlarının altına yeni rəqib ataraq, onu oyundan tamam çıxarmaq istəyir", - qəzet şərh edir.

Xatırlatmağa dəyər ki, Vladimir Putin özü hələ 2018-ci ildə prezident seçkisində iştirak edib-etməyəcəyini elan etməyib. Bu baxımdan Qərb mətbuatına Kseniya Sobçakın yeni “at gedişinin” arxasında nəyin durduğunu təxmin etmək üçün yalnız fala baxmaq qalır.

O da mümkündür ki, məşhur qəzetlərin şərhlərinin heç biri həqiqətə yaxın deyil. Bəlkə, qlamur aparıcının sadəcə olaraq Rusiyanın birinci qadın prezidenti olmaq kimi səmimi arzusu var?..

Zaur H.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm