• USD 1,7001 0,00% EUR 2,0842 +0,30%
    • GBP 2,3777 +0,87% RUB 0,0301 +0,33%

Torpaqların azad ediləcəyi TARİX, “aprel müharibəsi” SSENARİSİ... - HƏFTƏNİN SİYASİ XÜLASƏSİ

Torpaqların azad ediləcəyi TARİX, “aprel müharibəsi” SSENARİSİ... - HƏFTƏNİN SİYASİ XÜLASƏSİ

NATO və Rusiyanın yüksək rütbəli hərbçiləri Bakıda görüşəcəklər. Azərbaycan amerkalı turistlərin təhlükəsizliyinə risk olan dövlətlər arasında ikinci kateqoriyaya daxil edilib. Ermənistanda baş nazir postu uğrunda Serj Sarkisyanla Karen Karapetyan arasında siyasi intriqa qızışır. ABŞ-ın hazırladığı yeni nüvə doktrinası nüvə silahından məhdud istifadəyə icazə verəcək. Donald Tramp “altılıq” qrupunun Tehranla bağladığı nüvə sazişinin şərtlərinə daha 120 gün riayət etmək niyyətindədir. ABŞ tezliklə Rusiya oliqarxlarına qarşı yeni sanksiyalar tətbiq edəcək. ABŞ-dakı seçkilərə Rusiyanın müdaxiləsi ilə bağlı ABŞ-dan növbəti ittiham səsləndirilib. Suriya ordusunun İdlibdə müxalifət güclərinə hücumları Ankara tərəfindən etirazla qarşılandı. İran və Rusiya Afrin əməliyyatı üçün Türkiyəyə yaşıl işıq yandırıb. Rusiyanın Suriyadakı Hmeymim hərbi hava bazasına son günlər edilən hücumlarla bağlı şok detallar üzə çıxıb. Koreya Respublikası ilə KXDR arasında əlaqələrin normallaşdırılması üzrə ilk dialoq start götürüb.

Azərbaycan, Dağlıq Qarabağ

NATO-nun Avropada Birləşmiş Silahlı Qüvvələrinin Ali baş komandanı, general Kertis Skaparrotti və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Qerasimovun Azərbaycana səfəri gözlənilir. Bu barədə “BuzzFeed” nəşri məlumat yayıb.

"Yalnız rəsmi məlumatlara görə, cari ilin cəmi 8 günü ərzində işğalçı ordunun 4 nəfər hərbi qulluqçusu ölüb, 10 nəfəri isə ağır yaralanıb". Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistan və işğal altında yerləşən Qarabağda düşmən itkilərinin sayı daim artır.

“2018-ci ildə də Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasının mümkün olacağı şübhəlidir”. Bu barədə məşhur amerikalı politoloq, ABŞ dövlət katibinin xüsusi müşaviri işləmiş Pol Qobl deyib.

Onun sözlərinə görə, münaqişə bu gün ABŞ və Rusiya problemin həllində maraqlı deyil.

“Ermənistan milli konqresi” partiyası Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı partiyanın lideri Levon Ter-Petrosyanın əvvəlki mövqeyini dəstəkləyir. Bu barədə partiyanın mətbuat katibi Arman Musinyan deyib.

Onun sözlərinə görə, “Erməni milli konqresi” Ter-Petrosyanın 2016-cı ilin 17 dekabrında keçirilən partiya qurultayında münaqişənin həlli ilə bağlı irəli sürdüyü təklifi ən unikal variant hesab edir.

Rusiya prezidentinin səlahiyyətli nümayəndəsi, politoloq Sergey Markov hesab edir ki, 2018-ci ildə Dağlıq Qarabağ münaqişəsinin nizama salınması 2017-ci il ssenarisi üzrə davam edəcək. Markov Qarabağda “aprel müharibəsi” ssenarisinin təkrarlanacağını da istisna etmir.

ABŞ Dövlət Departamenti amerikalı turistləri xarici ölkələrə səfər zamanı təhlükəsizlik riskləri haqqında məlumatlandırmaq üçün yeni sistem işə salıb. Yeni sistem çərçivəsində Azərbaycan amerkalı turistlərin təhlükəsizliyinə risk olan dövlətlər arasında ikinci kateqoriyaya daxil edilib.

Vaşinqton həmçinin münaqişə ilə əlaqədar olaraq Dağlıq Qarabağa baş çəkməməyi məsləhət görüb.

Ermənistan

Erməni parlamenti mart ayının ilk ongünlüyündə yeni prezidenti seçəcək. Ermənistanın İctimai Televiziyası seçilən prezidentin aprelin 9-da vəzifəyə gələcəyi barədə məlumat yayıb.

“Məhz bu tarixdə Ermənistanın parlament formasına keçidi rəsmən sona çatacaq. Eyni zamanda, yeni hökumət yaradılacaq” - məlumatda bildirilib.

1984-cü ildə ləğv edildiyi açıqlanan millətçi erməni terror təşkilatı ASALA Gürcüstanın Cavaxetiya bölgəsində “Virk-Yerkir” adı ilə yenidən qurulur. Bu barədə Beynəlxalq Əsilsiz Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİMDER) rəhbəri Göksel Gülbey deyib.

“Kavkazplus” saytı erməni terror təşkilatının Cavaxetiyada yenidən ortaya çıxdığını və bunun Ermənistanın dövlət siyasətindən qaynaqlandığını yazıb.

Ermənistanda baş nazir postu uğrunda Serj Sarkisyanla Karen Karapetyan arasında siyasi intriqa qızışır. Fevral ayında Ermənistan parlament idarəetmə sisteminə keçəcək. Bundan sonra prezident institutu formal xarakter daşıyacaq.

Ermənistanda prezident Serj Sarkisyan və baş nazir Karen Karapetyanın bir neçə günlük yoxa çıxması şübhəli suallar yaradıb. Karapetyan 2018-ci ilin ilk iş günündə məzuniyyət götürüb.

Sarkisyan isə milad bayramı münasibətlərilə keçirilən kilsə mərasimlərinə qatılmayıb.

Ermənistanın müdafiə naziri Viqen Sarkisyan istefaya göndərilə bilər. Bu barədə “Aykakan Jamanak” qəzeti şəxsi mənbələrə istinadən məlumat yayıb. Mənbələr Serj Sarkisyanın Viqen Sarkisyana müdafiə naziri postunda özünü doğrultmadığına görə narazılıq edib.

Türkiyə, İran, Yaxın Şərq

Türkiyənin Milliyyətçi Hərəkat Partiyası (MHP) 2019-cu il prezident seçkilərində namizəd irəli sürməyəcək. Bunu MHP-nin sədri Dövlət Baxçalı təşkil etdiyi mətbuat konfransında deyib.

“MHP prezidentliyə namizəd irəli sürməyəcək. İnanırıq ki, konstitusiyaya dəyişikliklərdə birlikdə hərəkət etdiyimiz partiya ilə birlikdə nəticə almaq Türkiyənin xeyrinə olacaq. Prezident seçkilərində Rəcəb Tayyib Ərdoğanı dəstəkləyəcəyik”, - Baxçalı bildirib.

Suriyanın şimalında PYD-yə (PKK terror təşkilatının Suriya qanadı - red.) 4 min TIR silah-sursat göndərən ABŞ terrorçularla bağlı yeni bir addım atmağa hazırlaşır. İŞİD bəhanəsiylə Türkiyə sərhədində terror xətti qurmağa çalışan Vaşinqton PYD-nin nəzarətindəki 28 min kvadrat kilometrlik ərazini diplomatik olaraq tanımaq niyyətindədir.

Suriya rejimi “Ən-Nüsrə” Cəbhəsi bəhanəsi ilə mülayim müxalifləri vurur. Bu barədə Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu danışıb.

“Nümayiş etdirilən bu mövqe siyasi həll prosesini baltalaya bilər”, - nazir qeyd edib.

Türkiyə Suriya ordusunun İdlibdəki təhlükəsizlik zonasının sərhədlərini pozması xəbərindən sonra Rusiya və İranın Ankaradakı səfirlərini ynavarın 9-da XİN-ə çağırıb.

Suriya ordusunun İdlibdə əyalətində müxalifət güclərinə qarşı hücumları Ankara-Rusiya-İran üçbucağında gərginlik yaradıb. Rejim güclərinə Rusiya qırıcılarının dəstək verdiyi bildirilir. Türkiyənin Xarici İşlər Nazirliyinin başçısı Mövlud Çavuşoğlu son iki gün ərzində İran və Rusiyaya hücumların dayandırılması barədə xəbərdarlıq edib.

Rusiya Müdafiə Nazirliyinin isə Türkiyə Silahlı qüvvələri Baş qərargah başçısı Hulusi Akar və Milli İstihbarat Təşkilatının (MİT) rəhbəri Hakan Fidana məktub göndərdiyi bildirilir.

“Suriyada terror təşkilatının qurmaq istədiyi dəhlizin çökdürülməsinin zamanı gəlib”. Bunu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisində (TBMM) Ədalət və İnkişaf Partiyasının (AKP) qrup toplantısında çıxışında deyib.

Ərdoğan qeyd edib ki, Türkiyənin bütün sərhədlərində təhlükəsizliyi təmin edəcək proses başa çatdırılacaq.

Qeyd edək ki, Türkiyə prezidenti ötən həftə Fransa səfərindən qayıdan zaman verdiyi açıqlamasında Suriyanın şimalında bir terror dəhlizinin yaradılmasına heç zaman icazə verməyəcəklərini bildirmişdi.

İran və Rusiya Afrin əməliyyatı üçün Türkiyəyə yaşıl işıq yandırıb. Bu haqda Astana formatında Rusiya nümayəndə heyəti ilə danışıqlarda istirak edən suriyalı beynəlxalq məsələlər üzrə mütəxəssis Besil əl-Hac Casim bildirib.

Onun sözlərinə görə, Tehran və Moskva Afrin əməliyyatı ilə bağlı təşəbbüsü tamamilə Ankaraya verib. Siyasi mütəxəssis qeyd edib ki, Rusiya və İran əməliyyatla bağlı mövqeyini 2017-ci il sentyabr ayının son həftəsində keçirilən 7-ci Astana toplantısında Türkiyə nümayəndə heyətinə çatdırıb.

ABŞ Suriyada son kartını oynayır. “Haber7” saytının yazdığına görə, uzun illərdir PKK-ya Suriyanın şimalında “dövlət” vəd edən ABŞ indi terrorçuları “nizami ordu”ya çevirməyə başlayıb.

PKK və PYD-ni (PKK terror təşkilatının Suriya qanadı - red.) Aralıq dənizinə çatdıracaq “terror dəhlizi” qurmaqda uğursuzluğa düçar olan və Məsud Bərzaninin əli ilə İraqın şimalında referendumdan istədiyi nəticəni ala bilməyən ABŞ PYD-ni əlindəki son kart kimi istifadə etməklə bölgədə daimi qalmaq istəyir.

Türkiyə, Rusiya və İranın qurduğu üçtərəfli ittifaqı və atdığı addımları həzm edə bilməyən ABŞ bölgədə yeni oyunlar qurur. Bunu Suriyanın İdlib əyalətində baş verən son hadisələri və Rusiyanın bu ölkədəki bazalarına hücumları şərh edən “Haber7” saytı yazıb.

Qeyd edilir ki, Astana formatı ilə Suriya danışıqları masasından kənarda qalan ABŞ regionda daimi qalmaq üçün heç bir addımdan çəkinmir. PYD-nin işğal etdiyi ərazilərdə “dövlətləşmə” layihəsini həyata keçirməyə çalışan ABŞ terror təşkilatı ilə 10 maddəlik planın icrasını razılaşdırıb.

İsrail qırıcıları Suriya ordusuna növbəti zərbələr endirib. Qırıcılar paytaxt Dəməşq yaxınlığında yerləşən Kalamun bölgəsində Suriya ordusuna aid silah-sursat anbarını bombalayıb.

Suriyanın rəsmi xəbər agentliyi SANA isə ölkənin hava hücumundan müdafiə sistemlərinin İsrailə aid hərbi təyyarəni vurduğunu bildirib. Xəbərə görə, İsraildən atılan raketlər də məhv edilib.

Rusiyanın Suriyadakı Hmeymim hərbi hava bazasına son günlər edilən hücumlarla bağlı şok detallar üzə çıxıb. Türkiyənin “Haber7” saytının yazarı Taha Dağlı hücumların Bəşər Əsəd rejiminə yaxın qrup tərəfindən həyata keçirildiyini bildirib.

Araşdırmalar hücumun Rusiya istehsalı və 6 kilometr mənzilli minaatanla həyata keçirildiyini ortaya çıxardı. Ətraf ərazilər isə Rusiya və Bəşər Əsəd rejiminin nəzarəti altındadır.

Suriyada döyüşçülərin Xmeymim və Tartus bazalarına hücum cəhdləri zamanı ABŞ-ın kəşfiyyat təyyarəsi iki baza arasında uçuş həyata keçirib. Bu haqda Rusiyanın Müdafiə Nazirliyi bildirib.

Rusiya Federasiyası Şurası Müdafiə və Təhlükəsizlik Komitəsinin sədr köməkçisi Frants Klintseviç ABŞ-ın Rusiya hərbi bazalarına hücumuna dair açıqlamasında da ABŞ-ın gizli xidmət agentliklərinin bu işdə əli olduğundan əmin olduğunu qeyd edib.

Yanvarın 11-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı olub. Prezidentlər iki ölkə arasındakı əlaqələr, o cümlədən Suriyadakı son durumu müzakirə ediblər. Putin Suriyadakı PUA ilə hücum cəhdlərinin Türkiyə ilə əlaqəsinin olmadığını və bunun kimlər tərəfindən törədildiyini bildiyini söyləyib. O bildirib ki, bu kimi təxribatlar partnyorlar arasında əlaqələri pozmağa yönəlikdir.

ABŞ-ın Rusiyanın Suriyadakı hərbi bazalara PUA hücumu ilə heç bir əlaqəsi yoxdur. Bunu ABŞ Silahlı Qüvvələri Baş Qərargahının nümayəndəsi general Kennet Makkenzi deyib.

Yanvarın 8-də Suriyanın İdlib şəhərində güclü partlayış törədilib. Hadisənin videosu terrorçuların fəaliyyətinin monitorinqi ilə məşğul olan “Directorate 4” Teleqram-kanalında dərc edilib.

Kanalın mənbələri bildiriblər ki, şəhərdə “Hayat Tahrir aş-Şam” qruplaşmasının (“Ən-Nüsra” Cəbhəsinin əsasında yaradılıb) döyüşçüləri fəaliyyət göstərirlər. Məlumata görə, onlar əsasən Şimali Qafqazdan gəlmə döyüşçülərin yer aldığı “Ajnad Qafqaz” qruplaşmasının qərargahının yaxınlığında minalanmış avtomobil yerləşdiriblər.

Zərərçəkənlərin sayı haqqında rəsmi məlumat yoxdur. Bəzi məlumatlara görə, 20 nəfər ölüb, 30-dan çoxu yaralanıb. Başqa mənbələr isə ümumilikdə 120-dən çox insanın öldüyünü və yaralandığını bildiriblər.

İrandakı aksiyaları bitmiş hesab etmək olmaz. Bunu MKİ-nin direktoru Maykl Pompeo söyləyib.

“İran rejimi güclə təhdid etdiyi zamanda Qasım Süleymani xalqın pullarını Livan, Suriya və Yəməndə havaya sovurur. Bununla da Allah bilir, kimləri birləşdirib İranı dünyanın böyük dövlətlərindən birinə çevirib, terrorizmin sponsoru etmək istəyirlər. İranda teokratik rejim hökmranlıq edir. İran xalqı bu rejimi istəmir. Mən ümid edirəm ki, iranlılar hakimiyyətə qarşı qiyamı davam etdirəcəklər. Məncə, bu etirazlar hələ bitməyib. Hər şeyi İran xalqı edib. Bu hadisələrin arxasında MKİ dayanmayıb”, - Pompeo bildirib.

“İrandakı hadisələrin əsas hədəfi Çindir. Hadisələr İranda yox, Əfqanıstanda nəzarətdən çıxacaq. ABŞ yeni super güc olan Çinin dünyaya açılan qapısını – Əfqanıstanı bağlamaq istəyir”. Bu barədə İbni Haldun Universitetinin beynəlxalq əlaqələr şöbəsinin dosenti Talha Köse deyib.

Onun sözlərinə görə, Trampın İrana qarşı hərəkətə keçəcəyi əvvəldən məlum idi.

İranın ali dini lideri ayətulah Əli Xamanei ölkəsində hakimiyyət əleyhinə keçirilən etiraz aksiyaları ilə əlaqədar ABŞ prezidenti Donald Trampı təhdid edib. Ölkənin əsas dini mərkəzi olan Qum şəhərinə gələn dini lider burada din xadimləri və xalq kütlələri qarşısında dekabrın 28-də başlanan aksiyaların kənardan təşkil edildiyini bildirib.

“Ağlı yerində olmayan bu adam, bunun cavabsız qalmayacağını bilməlidir”, - dini lider deyib.

İranda aksiyalar dayansa da, baş verənlərin hədəfləri haqda müxtəlif versiyalar və proqnozlar irəli sürülür. Ən maraqlı proqnozlardan biri isə iranlı politoloq Kayhan Barzaqerin fikirləridir.

K.Barzaqer bildirib ki, İranda baş verən daxili gərginlik və bunun fonunda müşahidə olunan ABŞ-İran qarşıdurması Dağlıq Qarabağda müharibəyə səbəb ola bilər.

ABŞ Prezidenti Donald Tramp “altılıq” qrupunun Tehranla bağladığı nüvə sazişinin şərtlərinə daha 120 gün riayət etmək niyyətindədir. Bu haqda öz mənbələrinə istinadən “Bloomberg” agentliyi bildirib.

Xəbərə görə, qərar milli təhlükəsizlik məsələləri üzrə prezidentin məsləhətçisi Herbert Makmaster, müdafiə naziri Ceyms Mettis və dövlət katibi Reks Tillerson da daxil olmaqla, milli təhlükəsizlik üzrə bütün komanda ilə müzakirələrdən sonra qəbul edilib.

Avropa Birliyi İranla nüvə razılaşmasını saxlamalı və onu digər problemlərin həllindən ayırmalıdır. Bunu jurnalistlərə açıqlamasında Almaniya Xarici İşlər naziri Ziqmar Qabriyel söyləyib.

“AB İranla olan nüvə razılaşmasını qoruyub saxlamaq istəyir. Bu ölkə regionda çətin rol oynayır, amma biz İranla razılaşmanı digər problemlərdən ayırmaq istəyirik”, – deyə o bildirib.

Yeddi il əvvəl “Ərəb Baharı”nın başladığı Tunisdə etiraz aksiyaları keçirilir. Ölkənin 20-dən çox şəhərində keçirilən aksiyalar paytaxt Tunisə də keçib.

Polis Tunis və Tabarba kimi şəhərlərdə küçələrə çıxan insanlara qarşı bibər qazı və təzyiqli sudan istifadə edib. Bəzi şəhərlərdə qarətlərin başladığı bildirilir.

ABŞ, Rusiya, Qərb-Rusiya münasibətləri

ABŞ-dakı seçkilərə Rusiyanın müdaxiləsi ilə bağlı ABŞ-dan növbəti ittiham səsləndirilib. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Mayk Pompeo Rusiya və bəzi başqa dövlətlərin 2018-ci ildə ABŞ Konqresinə keçiriləcək seçkiləri qarışmağa çalışacağını bildirb.

Rusiya NATO-ya üzv ölkələrə qarşı hərbi fəaliyyətlərə hazırlaşır. Bunu “Bild” qəzetinə müsahibəsində Estoniya Silahlı Qüvvələrinin komandanı, general-leytenant Rixo Terras söyləyib. Onun sözlərinə görə, “Qərb-2017” hərbi təlimi zamanı Moskva NATO-ya qarşı Avropada genişmiqyaslı hərbi kampaniya ssenarisi üzərində işləyib.

“Bu, təkcə Baltikyanı dövlətlərə qarşı yönəlməyib. Buraya Şimaldan Qara dənizə qədər bütün dövlətlər daxildir. Bizim ordumuz istənilən ssenariyə qarşı effektiv reaksiyaya hazırdır”, - o deyib.

NATO Rusiyanın sualtı gəmilərinin sayının artmasını böyük narahatlıqla qarşılayır. Rusiyanın sualtı gəmilərinin fəaliyyəti son illər Atlantik okeanı və Aralıq dənizində fəallaşıb. Almaniyanın “Frankfurter Allgemeine Zeitung” nəşri xəbər verir ki, NATO-nun qorxuları ötən ilin mayında Rusiyanın sualtı gəmilərindən İŞİD terror qruplaşmasına zərbələrin endirilməsindən sonra daha da artıb.

“Rusiya hərbi dəniz gücünə, xüsusən sualtı gəmilərə ciddi sərmayələr qoyur”, - NATO-nun baş katibi Yens Stoltenberq ötən ilin sonunda bildirib.

Rusiya Müdafiə Nazirliyinin beynəlxalq hərbi əməkdaşlıq üzrə baş idarəsinin keçmiş müdiri, general-polkovnik Leonid İvaşovun fikrincə, ABŞ Rusiya strateji hücum silahları (SNV) və orta və yaxın mənzilli raketlərin ləğv edilməsi haqqında müqavilə (RSMD) üzrə danışıqlarda Moskvaya ultimatum verəcək.

“2000-ci illərin əvvəlindən ABŞ strateji mövqeyi nüvə silahlarının potensialını azaltmaq və eyni zamanda, öz hərbi üstünlüyünü başqa istiqamətlərdə gücləndirməkdən ibarətdir. Bu, yüksək dəqiqlikli silahlarla sürətli qlobal zərbə konsepsiyasıdır”, - general-polkovnik təsdiq edib.

Amerika hakimiyyəti nüvə silahından istifadə ilə bağlı məhdudiyyətləri zəiflətmək və yeni, gücü daha az olan nüvə döyüş başlığı hazırlamaq niyyətindədir. Bu haqda silahlara nəzarət və onların yayılmaması üzrə Milli Təhlükəsizlik Şurasının keçmiş direktoru Con Vulfstalaya istinadən “Qardiyan” nəşri bildirib.

Onun sözlərinə görə, ABŞ Müdafiə Nazirliyi (Pentaqon) nüvə siyasətinin yeni doktrinasını hazırlayıb. Doktrinaya əsasən “Trident D5” ballistik raketləri belə döyüş başlıqları ilə təchiz ediləcək. Con Vulfstala vurğulayıb ki, ABŞ belə hərəkətlərlə Şərqi Avropada yaranacaq konfliktlər zamanı Rusiyanın taktiki döyüş başlıqlarından istifadəsinə maneə yaratmağı planlaşırır.

Rusiya Federasiya Şurasının müdafiə və təhlükəsizlik məsələləri üzrə komitəsinin sədr müavini Frans Klinseviçin sözlərinə görə, ABŞ-ın yeni nüvə doktrinası və ballistik raketlərin yeni modifikasiyası dünyada strateji qüvvə nisbətini Birləşmiş Ştatların xeyrinə dəyişdirmək gücündə deyil.

ABŞ-ın daxili işlərinə müdaxilə ilə bağlı Rusiyaya yönələn bütün ittihamlar yalnız ikitərəfli əlaqələrə deyil, eyni zamanda Amerika tərəfinə zərər verir. Bu sözləri Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

Peskov rəsmi Moskvanın Rusiya əleyhinə aparılan kampaniyanın davam etdirilməsinə təəssüfləndiyini bildirib.

ABŞ tezliklə Rusiya oliqarxlarına qarşı yeni sanksiyalar tətbiq edəcək. Bu haqda ABŞ-ın maliyyə naziri Stiven Mnuçin bildirib.

“Biz bunun üzərində işləyirik. Yeni sanksiyalar yaxın gələcəkdə elan ediləcək”, - Mnuçin deyib.

Eyni zamanda Rusiyanın “Kommersant” qəzetinin yazdığına görə, ABŞ administrasiyası Konqresə Rusiyanın ali rəhbərliyinə yaxın məmurlar və biznesmenlərin siyahısını təqdim etməyə hazırlaşır. Onların sayı 50-dən çox, ailə üzvlərinin sayı ilə birlikdə isə 300-ə qədər ola bilər. Nəşrin məlumatına görə, “qara siyahı”ya düşmə sanksiyalarA avtomatik məruz qalma anlamına gəlmir, amma bu, riski artırır.

Qeyd edək ki, “Kreml hesabatı” adlandırılan sənədin yanvarın 29-da açıqlanacağı bildirilir.

Rusiya ABŞ-ın hazırladığı “Kreml hesabatı” sanksiyalarını cavabsız qoymayacaq. Bunu jurnalistlərə açıqlamasında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov söyləyib.

“Sanksiya fəaliyyətləri hər zaman əks tədbirlərlə üz-üzə qalır. Bu halda da biz prinsipimizdən əl çəkməyəcəyik”, - deyə o bildirib.

ABŞ Avropaya 2018-ci ilin yayında 1-ci tank briqadasını göndərəcək. Bu barədə bəyanatı ABŞ-ın NATO-dakı nümayəndəliyi yayıb. Vaşinqton bu addımı “Atlantik həlli” əməliyyatı çərçivəsində atacaq.

Qeyd edək ki, “Atlantik həlli” əməliyyatı 2014-cü ilin aprelində başlayıb. Əməliyyatda ABŞ Quru Qoşunları iştirak edir. Əməliyyat Polşa, Baltikyanı, Rumıniya, Bolqarıstan və Macarıstan kimi ölkələri əhatə edir.

ABŞ yenidən Paris iqlim razılaşmasına qayıda bilər. Bunu Norveç Baş naziri Ernoy Solberqlə görüşü zamanı ABŞ Prezidenti Donald Tramp söyləyib.

“Paris razılaşması ABŞ-a qarşı çox ədalətsiz addım idi. Bu müqavilə çərçivəsində bizim bizneslə məşğul olmağımız çox çətin idi. Bu müqavilə bizim çoxlu dəyərli aktivlərimizi apardı. Buna rəğmən biz müqaviləyə yenilənmələr çərçivəsində qayıda bilərik” – deyə o bildirib.

“İyrənc yerlərdən gələn insanlar bizim nəyimizə lazımdır? ABŞ Norveç kimi ölkələrdən miqrantları qəbul etməlidir”. Bunu ABŞ Prezidenti Donald Tramp Haiti, Salvador və Afrika ölkələrindən gələn miqrantlar haqqında razılaşmanı müzakirə etmək üçün Ağ Evdə konqresmenlərlə görüşündə deyib.

Ağ Ev də öz növbəsində Trampın bu açıqamasını inkar etməyib.

Birləşmiş Millətlər Təşkilatı (BMT) Trampın ölkəsinə daxil olan qaçqınlar barədə ifadələrinə kəskin reaksiya verib. BMT-nin insan hüquqları üzrə Ali Komissarının idarəsinin nümayəndəsi Rupert Kolvill Trampın ifadələrini “şokedici və utancverici” adlandırıb.

Tokio 2019-cu ilin mayında çoxillik ərazi mübahisəsində irəliləyişə nail olmaq ümidilə Rusiya prezidenti Vladimir Putini Yaponiyaya dəvət etmək imkanına baxır. Bu haqda Yaponiya hökumətindəki mənbələr bildirib.

Rusiya prezidenti Vladimir Putin 2016-cı ilin dekabrında Yaponiyaya səfər öncəsi bu ölkənin “Nippon” televiziya şirkəti və “İomiuri” qəzetinə müsahibəsində Moskvanın Tokio ilə ərazi probleminin olmadığını deyib.

Rusiya aktiv şəkildə 19 Avropa ölkəsinin işinə müdaxilə edib. Bu barədə məlumat ABŞ Demokratlar Partiyasının hesabatında yer alıb. Hesabatda Rusiya kiberhücumları təşkil etməkdə, təbliğat kampaniyası aparmaqda, radikal qrupları dəstəkləməkdə, Ukrayna və Gürcüstan hökumətlərinə qarşı hərbi əməliyyatlarda ittiham edilib.

Qeyd edək ki, hesabat demokrat senatoru Ben Kardinin təşəbbüsü ilə hazırlanıb.

Macarıstanın baş naziri Viktor Orban ölkəsinin müsəlman ölkələrindən olan qaçqınları qəbul etməyəcəyini bildirib. Nazir qaçqınları "işğalçı müsəlmanlar" adlandırıb.

"Biz həmin insanlara müsəlman qaçqın kimi yox, işğalçı kimi baxırıq", - deyə Orban bildirib.

Koreya böhranı

Yanvarın 9-da Koreya Respublikası ilə KXDR arasında əlaqələrin normallaşdırılması üzrə ilk dialoq start götürüb. Seul-Pxenyan danışıqlarının əsas mövzusu ikitərəfli əlaqələrin inkişaf etdirilməsi üçün praktik addımların atılması, xüsusilə, Şimali Koreya idmançılarının Pxençxan şəhərində keçiriləcək 2018-ci il Qış Olimpiadasında mümkün iştirakı məsələləri olacaq.

Hər iki ölkənin nümayəndə heyəti beş nəfərdən ibarətdir.

Cənubi Koreyanın Pxençxan şəhərində keçiriləcək Qış Olimpiya Oyunlarında iştirakı üçün Koreya Xalq Demokratik Respublikası (KXDR) barəsində sanksiyaların yumşaldılması imkanına baxacaq. Bu haqda Cənubi Koreya Xarici İşlər Nazirliyinin nümayəndəsi Ho Qyu Dok deyib.

ABŞ Prezidenti Donald Tramp Şimali Koreyaya hərbi müdaxilə məsələsini gündəmə gətirib. Bu barədə “Vol Strit” jurnalı məlumat yayıb.

Qeyd edək ki, Seul və Pxenyanın danışıqların başlamağa qərar verdiyi gün belə bir xəbərin yayılması diqqət çəkib.

Donald Tramp Şimali Koreya nüvə və raket proqramını dayandırana qədər təzyiq göstərməyi dayandırmaq niyyətində deyil. Bu barədə ABŞ-ın vitse-prezidenti Mayk Pens danışıb. Onun sözlərinə görə, Trampın bu barədə mövqeyi ötən il ərzində dəyişməz qalıb.

“Cənubi Koreyanı, bölgədəki müttəfiqlərimizi dəstəkləyirik. Şimali Koreya ABŞ-ı təhdid edən nüvə-raket proqramlarından çıxana qədər iqtisadi və diplomatik sahələrdə maksimum təzyiq göstərəcəyik”, - Pens bildirib.

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə baxmayaraq Şimali Koreya nüvə-raket sınaqlarını davam etdirəcəyini açıqlamışdı.

Şimali Koreya lideri Kim Çen İn bu raundu qazandı və o, durumu yumşaltmağa çalışır. Bu sözləri Rusiya lideri Vladimir Putin qəzet və informasiya agentliklərinin rəhbərləri ilə görüşündə deyib.

“O, özünün strateji problemini həll etdi. Onun əlində nüvə başlığı var. 13 min km-lik mənzilə sahibdir və demək olar ki, dünyanın hər yerinə, ən azından düşmənlərinin torpaqlarına çatacaq gücdədir”, - Kreml rəhbəri bildirib.

“Koreya Xalq Demokratik Respublikası həttta yüzillik sanksiyalara dözə bilər”. Bunu Koreya Xalq Demokratik Respublikası (KXDR) lideri Kim Çen In Dövlət Elmlər Akademiyasının alimləri qarşısında çıxışında deyib.

“Ağır sınaqlar şəraitində Koreya inqilabının qələbəsinin sirlərindən biri də bizim elm və texnikanın inkişafına mühüm diqqət ayırmağımızdır. Sərbəst milli iqtisadiyyat hətta düşmənlərin yüzillik sanksiyaları qəbul edəcəyi halda belə, elmi-texniki kadrlar və işıqlı başların sayəsində çətinliklər yaranmayacaq”, - dövlət başçısı bildirib.

Ukrayna

“Rusiya prezidenti Vladimir Putinə Qərbin təzyiqinin gücləndirilməsi və bu ölkədə keçiriləcək seçkilərdən sonra, Rusiyanın Donbasdan çıxarılması üçün əlverişli an yarana bilər”. Bunu “The Atlantic Council” nəşri üçün yazdığı məqaləsində NATO-nun baş katibinin keçmiş birinci müavini Aleksandr Verşbou bildirib.

“Qonşu ölkənin ərazilərinin işğalına görə artan maliyyə və siyasi təzyiq prezident seçkilərindən sonra Putin tərəfindən qiymətləndirilə bilər. Qərbin təzyiqinin artması, Ukraynaya ölümcül silahların çatdırılması, həmçinin yeni sanksiyaların tətbiqi üzrə təhlükələr Putini inandıra bilər ki, vaxt Rusiya üçün işləmir və Donbasdan geri çəkilməlidir. Bu anda isə BMT-nin güclü sülh missiyası lazım olacaq”, - o yazıb.

Ukraynalı deputat, millətçi lider Dmitri Yaroş Krımın azad edilməsini nəzərdə tutan xüsusi planı elan edib. Yaroş Kiyevin yalnız Donbasda deyil, həmçinin Krım, Kuban və digər etnik Ukrayna ərazilərində də hakimiyyətlərini bərpa edəcəyini bildirib.

“Azadlıq” radiosuna müsahibəsində Ukraynanın birinci prezidenti Leonid Kravçuk deyib ki, Ukrayna Donbas müharibəsini dayandırmaq üçün iki əsas addımı atmalıdır.

Donbasda Ukrayna hərbiçilərinin sərəncamında artıq ABŞ-dan çatdırılan letal (ölümcül) silahlar var. “BellingCat” layihəsinin Şərqi Avropa və Avrasiya məsələləri üzrə aparıcı tədqiqatçısı Arik Toler bildirib.

Onun sözlərinə görə, Ukraynaya ölümcül silahların çatdırılması ətrafında yaranan səs-küy təəccüblü görünür.

Rusiya Krımda S-400 sistemlərini yerləşdirib. Sistemlərin yarımadanı Ukrayna tərəfindən gələn təhdidlərdən qoruyacağı bildirilir. Bu komplekslərin xüsusilə Çonqar və Armyansk rayonlarının hava məkanlarını nəzarət altında saxlayacağı vurğulanıb.

Qərbin bəzi dairələri Krımın Rusiyanın tərkib hissəsi kimi tanınması ssenarisini nəzərdən keçirməyə başlayıblar. Bunu jurnalistlərə açıqlamasında Rusiya prezidentinin Krımdakı rəsmi nümayəndəsi Georgi Muradov söyləyib. Onun sözlərinə görə, bu qruplar Rusiya üzərində sanksiyaların götürülməsi məsələsini də diqqətdə saxlayırlar.

Qeyd edək ki, Krım Ukrayna ərazisidir. Yarımada 2014-cü ildə Rusiya tərəfində ilhaq olunub.

Yanvarın 10-da Donbasda anti-terror əməliyyatları zonasında vəziyyət yenidən kəskinləşib. Anti-terror əməliyyatları qərargahının mətbuat mərkəzindən verilən məlumata görə, rusmeylli separatçıların atəşi nəticəsində üç Ukrayna hərbçisi həlak olub, daha üçü yaralanıb.

Qeyd edilir ki, Ukrayna Silahlı qüvvələri Luqansk istiqamətində separatçı güclər tərəfindən 120 və 82 millimetr kalibrli minaatanlar, həmçinin böyük kalibrli pulemyotlardan atəşə tutulub. Rəqibin xüsusi fəallığı həmçinin Svetlodarsk yaşayış məntəqəsi istiqamətində qeydə alınıb.

“Rusiya və Ukraynanın münasibətlərində çətin ki, 2018-ci ildə hansısa mühüm dəyişikliklər olacaq”. Belə proqnozu "Novaya Vremya" nəşrində dərc etdiyi yazısında siyasi şərhçi Dmitri Oreçkin səsləndirib.

Onun sözlərinə görə, Rusiya qoşunları geri çəkilməyəcək və Ukrayna qoşunları Donbasın qayıdışı üçün hücuma başlamayacaq.

Oreşkin Donbasın Şimali Kipr Respublikası və ya Dağlıq Qarabağ kimi havadan asılmış vəziyyətdə olacağını təxmin edir.

“2018-ci il Rusiya üçün keçid ili olacaq, buna görə də Donbasda kəskin dəyişiklikləri gözləmək lazım deyil”. Bunu politoloq, beynəlxalq hüquq mütəxəssisi, “Ukrayna Avropada” beynəlxalq təşkilatın vitse-prezidenti Vladimir Poselskiy “Apostrof” nəşrinə müsahibəsində deyib.

Onun sözlərinə görə, Kreml münaqişəni dondurmağa çalışacaq. Poselskiy bunun səbəblərini açıqlayıb.

Ömər Dağlı

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>