İran niyə Afrin əməliyyatına qarşı çıxır? - Tehranın türk qorxusunun SİRRİ
Bizi izləyin

Nida Təhlil

İran niyə Afrin əməliyyatına qarşı çıxır? - Tehranın türk qorxusunun SİRRİ

Asif Nərimanlı

Türkiyə ordusunun Afrin əməliyyatı bölgədə bütün tarazlığı alt-üst etdi. Və şübhəsiz ki, bu, Türkiyənin əlini gücləndirəcək. Amerikanın Türkiyənin qarşısında susması, neytral açıqlamalar verməsi təəccüblü olduğu qədər İranın Afrin əməliyyatına qarşı çıxması da düşündürücü oldu. Hərçənd, Vaşinqtonun PKK/PYD/YPG terrorçularından yaratdığı Suriya Demokratik Qüvvələrinin (SDQ) nəzarətində qurmaq istədiyi “sərhəd ordusu” Türkiyə qədər İran üçün da ciddi təhlükədir. Türkiyə uzun müddətdir hazırlaşdığı Afrin əməliyyatını məhz “sərhəd ordusu” planının ortaya çıxmasından sonra sürətləndirdi. Bu, İran üçün da yarana biləcək təhlükənin ortadan qaldırılmasıdır və düz məntiqlə əməliyyata ən böyük dəstək Tehrandan gəlməli idi.



Çünki: Amerika qurmaq istədiyi 30 minlik “sərhəd ordusu” Türkiyə və İran sərhədlərini mühafizə etməli, yəni, bu iki ölkənin Suriyaya girişinin qarşısında əngəl olmalıdır; Əgər hədəf Şimali İraqdan başlayaraq, Suriyanın şimalı boyunca Türkiyənin cənub sərhədlərində Aralıq dənizinə çıxacaq “kürd dəhlizi”nin yaradılmasıdırsa, buna paralel olaraq, İranın da qarşısına Vaşinqtonun nəzarətində olan ciddi güc çıxarmaqdır; Şimali İraq Kürd Muxtariyyətində “müstəqillik referendumu” ilə buna ilk cəhd edildi, lakin həmin vaxt, Ankara və Tehran birgə hərəkət edərək, oyunu pozdu; Məsələyə bu kontekstdə yanaşdıqda, Afrin əməliyyatı İranın da maraqlarına uyğun gəlir.

Çünki: SDQ-nin damı altında “sərhəd ordusu” yaradılarsa, bu, Şimali İraq Kürd Muxtariyyətinin də “müstəqillik yolunu” yenidən açacaq; dolayısı ilə Ərbilin də daxil olduğu “kürd ordusu” formalaşacaq ki, bu, ilk növbədə İranın İraqa, həm də İraq üzərindən Suriyaya girişində əngələ çevriləcək; Bölgədə “kürd ordusu”nun formalaşması İran daxilində PKK-nın uzantısı olan PJAK-ın da ayaqlanması və bu ölkənin ərazi bütövlüyünə təhlükə yaratması deməkdir.

İran İraqa və İraq üzərindən Suriyaya girə bilməsə, bölgədə ciddi güc itirəcək. Bu, həm də Livanda Tehranın nəzarətindəki “Hizbullah”la əlaqənin kəsilməsi deməkdir. Amerikanın Səudiyyə Ərəbistanında keçirdiyi son əməliyyatın əsas hədəflərindən biri də bu idi: Ər-Riyadı bölgədə gücləndirmək, İranın ərəb dünyasına uzanan yollarını və “Hizbullah”a dəstəyini kəsmək, son nəticədə bölgədə Tehranın əsas gücü olan bu orduya qarşı müharibəyə başlamaq. “Hizbullah”ın adının terror təşkilatı siyahısına salmaq niyyəti də buna hesablanıb. Və böyük ehtimalla bu plan hələ də davam edir.

Bütün bunların fonunda İranın Afrin əməliyyatına reaksiyası düşündürücüdür. Tehran fikrini belə əsaslandırır ki, Türkiyənin Afrində həyata keçirdiyi “Zeytun budağı” əməliyyatı Suriya münaqişəsinin həlli istiqamətində aparılan Astana danışıqlarını pozur, həmçinin, bu, Suriyanın ərazi bütövlüyünə təhdiddir.

İran “ərazi bütövlüyü” amilini “Fərat Qalxanı” əməliyyatında da önə sürərək, Türkiyəyə qarşı çıxmışdı.

Tehranın əsas qorxusu: İran hesab edir ki, Suriyanın bölünməsi bölgədə “domino effekti” yarada və bu effekt onun da ərazi bütövlüyünə təhlükə ola bilər.

Lakin “Zeytun budağı” əməliyyatına verilən reaksiya təkcə ümumi qorxudan qaynaqlanmır, ortada regional maraqların toqquşması və Suriya masasında kimin əlindəki kartın daha güclü olması faktoru diqqətdən yayınmır. İranın reaksiyasını anlamaq üçün Afrin əməliyyatında Türkiyənin hədəfinə baxmaq lazımdır:

- Türkiyə Afrin, ardınca da Münbiçi təmizləməyi bacarsa, “Fərat Qalxanı” ərazisi tamamilə Ankaranın nəzarətinə keçəcək. Bu, Suriyada strateji əhəmiyyətli Hələbin qərb və şərq cəbhədən Türkiyənin mühasirəsinə düşməsi deməkdir;

- Afrindən sonra Münbiçin ələ keçirilməsi Türkiyəyə Suriyada ABŞ və Rusiya arasında sərhəd olaraq qəbul edilən Fərat çayının şimalına da nəzarət imkanı yaradacaq;

- Bu iki faktor Türkiyəni Suriya masasında gücləndirəcək;

(Oxu: Afrin əməliyyatının şifrələri: Türkiyə böyük oyunları necə pozur?).

“Zeytun budağı”nın hədəfləri fonunda İranın narahatlığı:

a) Hər şeydən öncə İran Türkiyənin bölgədə Hələbi mühasirəyə ala biləcəyindən narahatdır. Çünki Ankara buna nail olarsa, Əsəd rejimi üzərində, dolayısı ilə İranın Suriyadakı rıçaqları üzərində bir xal önə keçə bilər. Yəni lokal güc balansında Türkiyənin önə çıxması İranın maraqlarına uyğun deyil.

b) Türkiyə “Zeytun budağı” ilə istədiyinə nail olarsa, Suriya masasında kartları xeyrinə dəyişdirəcək və təbii ki, Əsədə qarşı olan müxalifləri – Azad Suriya Ordusunu (ASO) masaya əyləşdirəcək. Rusiya Suriyada qalmaq və münaqişənin həllində maraqlarının təmin edilməsi şərti ilə buna neytral yanaşır, lakin ASO-nun masada olması Əsədin, dolayısı ilə İranın maraqlarına ziddir. Əsəd rejiminin də Afrin əməliyyatına qarşı çıxması və PYD-yə dəstək açıqlamaları verməsinin səbəbi budur. Əsəd əvvəlcə “Amerika ilə birgə hərəkət edənlər xaindir” deyərək PYD-yə qarşı çıxdı, lakin Afrin əməliyyatı PYD/YPG-nin yerinə ASO-nun keçməsi deməkdir. Hansı ki, Suriyada rejim müxalifləri xain və terrorçu olaraq görür.

c) İran qəti şəkildə Əsədin getməsini istəmir, çünki Suriyada yeni sistem onun bölgəyə dair strategiyasının əleyhinədir, həmçinin, uzun illər ərzində bölgədə qurduğu lojistikaya təhlükə yarada bilər. Hərçənd, ASO-nun mövqeyinin güclənməsi bu planı pozur. Türkiyənin Afrin əməliyyatı ilə Suriya masasında güclənməsi məhz bu təhlükəni gündəmə gətirdi.

d) Ən nəhayət, İran oyundan kənarda qalmaqdan narahatdır. Çünki Türkiyə Afrini təmizləyib, Münbiçə doğru hərəkətə keçəcəksə, əlini ikiqat gücləndirəcək. Münbiçin türk ordusunun əlinə keçməsi Türkiyəyə Suriyada ABŞ və Rusiya arasında sərhəd olaraq qəbul edilən Fərat çayının şimalına nəzarət imkanı yaradacaq. Və Rusiya ilə Amerika Ankara ilə hesablaşmağa məcbur olacaq. İran qorxur ki, bu baş tutacağı təqdirdə, Suriya masasında onun yerinə Amerika keçə və Ankara, Moskva və Vaşinqton problemin həllində razılaşa bilər. Çünki Türkiyənin Suriyada əlinin güclənməsi Vaşinqtonun Ankara ilə uzlaşmaq istəyini daha da artırır. Təbii ki, Amerika uzlaşmada İranın olmaması şərti üzərində israrla dayanacaq. Tramp Administrasiyasının İranın vurulmasını xarici siyasətdə əsas prioritet olaraq seçməsi də bu ehtimalı gücləndirir. Türkiyə və Rusiyanın bununla razılaşıb-razılaşmayacağı sonrakı məsələdir, indiki halda İran belə bir atmosferin yaranmasından çəkinir.

Hərçənd, İranın Türkiyənin Suriyadakı addımlarına israrla qarşı çıxması Ankaranın siyasətinə yenidən baxması ilə də nəticələnə bilər. Bu baxımdan, İranın sərgilədiyi mövqe özünün bölgədəki varlığına təhlükə yaradır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm