Nida Təhlil
Ankaranın Münbiç təklifi və Əsədin Afrinə “girməsi”nin pərdəarxası - TƏHLİL
Asif Nərimanlı
Ötən həftə Vaşinqtondan iki yüksəkvəzifəli şəxs Ankaraya gəldi:
əvvəlcə ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri McMaster, ardınca
dövlət katibi Reks Tillerson. Hər iki şəxsin məqsədinin Türkiyənin
Afrindən sonra Münbiçə doğru hərəkət etməsinin qarşısını almaq,
yaxud bu məsələdə anlaşmaq olduğu məlumdur. Lakin ilk diqqətçəkən
məqam Ağ Evin McMasterlə Tillersonun çantasına eyni təklifi qoyub,
ayrı-ayrı vaxtlarda niyə Ankaraya göndərməsi idi. Tilersonun səfər
trafikinə baxdıqda düşünmək olar ki, McMaster gəlib getdikdən sonra
dövlət katibi də yolunu Beyrutdan sonra Ankaraya salmaq ehtiyacı
duyub, yaxud müşavirin nail ola bilmədiyinə, o, nail olmağa cəhd
edib. Hər iki şəxsin Ankara səfərlərinin öncədən
proqramlaşdırıldığı bu versiyanı masadan qaldırır. Hesab etmək olar
ki, Vaşinqtonda Trampla Tillerson arasında hansısa fikir ayrılığı
mövcuddur, bu baxımdan, Ağ Evin sahibi öz müşavirini, Dövlət
Departamenti isə dövlət katibini Türkiyəyə yolladı. Burada şübhələr
açıq olaraq qalır. Lakin bu səfərlər fonunda Türkiyəyə verilən
təklif və Türkiyənin verdiyi təklif Suriya mənzərəsini yenidən
bulanıqlaşdırdı.
Türkiyəyə verilən təklif: “PYD ilə birləşib PKK-ya
qarşı mübarizə aparaq!”. Bu fikri ABŞ müdafiə naziri Ceyms Mattis
NATO toplantısında Türkiyə müdafiə naziri Nurettin Canikli ilə
görüşündə səsləndirdi. İlk baxışda ABŞ-ın Türkiyə ilə zarafat
etdiyi, daha sərt desək, Ankaranı ələ saldığı görünür.
- Türkiyə PKK/PYD/YPG-ni birlikdə terrorçu olaraq qəbul edir və
hazırda aparılan əməliyyat da bu terrorçuları məhv etməkdir.
-“Zeytun budağı” əməliyyatının aparıldığı Afrin PKK lideri Abdulla
Öcalanın Suriyada ilk təşkilatlanma qurduğu bölgədir.
- ABŞ Rakkanı İŞİD-dən azad edəndə əməliyyatda iştirak edən Suriya
Demokratik Qüvvələri (SDQ: PYD/YPG döyüşçülərindən təşkil olunub)
Öcalanın posterini qaldırdılar.
- Bu gün Afrində mühasirəyə düşən PYD-yə kömək üçün məhz Qəndildən
PKK-çılar gəlir.
PYD-nin PKK-nın Suriya qolu olması və hər ikisinin eyni hədəfə
doğru addımlaması haqda faktları saydıqca bitməz. Amerikanın buna
rəğmən, “PYD-ni PKK-ya qarşı döyüşdürmək” təklifi gülməli göründüyü
qədər də düşündürücüdür. Və Vaşinqton bu təklifi irəli sürərkən heç
də qeyri-ciddi deyil:
a) ABŞ-ın Türkiyənin bu təklifi qəbul etməyəcəyini bildiyi halda
dilə gətirməsi Ankaraya “PYD-ni terrorçu kimi görmədiyi və ona
dəstəyi kəsməyəcəyi” mesajını bir daha çatdırmağa hesablanıb.
b) Vaşinqtonun eyni təklifi daha əvvəl iki dəfə də Ankaraya təqdim
etdiyi haqda informasiya da xüsusi diqqət çəkir. Bu o deməkdir ki,
okeanın o tayındakılar təkliflərində ciddidirlər və PYD ilə
Türkiyənin birlikdə PKK-ya qarşı döyüşməyini istəyirlər. Böyük
ehtimalla, Vaşinqtonun bu planı PKK daxilində onun maraqlarına
uyğun olmayan qrupları təmizləməyə hesablanıb və şübhəsiz ki,
söhbət İrana bağlı olanlardan gedir. İranın əmrində olan
“Hizbullah”ın PKK-da müəyyən qruplara dəstək verdiyi, terror
təşkilatına canlı qüvvə ilə yardım etdiyi, hətta bu prosesdə
Tehranın da əlindən gələni etdiyi zaman-zaman gündəmə gəlib. Bu
baxımdan, Amerika İranın PKK içindəki uzantlarını PYD-nin əli ilə
təmizləmək və Türkiyənin də bu prosesə dəstək verməyini təmin etmək
fikrindədir. Mattisin “PYD ilə PKK-nı döyüşdürək” təklifinin
arxasındakı əsas səbəb də məhz budur.
Türkiyənin təklifi: “PYD Fəratın şərqinə çəkilsin,
bundan sonra Türkiyə və ABŞ ordusu Münbiçdə ortaq hərəkət edə
bilər”. Çavuşoğlu bu təklifi Ankarada qəbul etdiyi Tillersona
bildirdi, ikinci isə düşünəcəklərini dedi. Ankaranın bu təklifi
ortaya maraqlı suallar çıxarır. Xüsusilə Türkiyə PYD-nin Münbiçdən
çıxaraq, Fəratın şərqinə çəkilməsini istəyirsə və ABŞ bununla
razılaşacaqsa, bu, “Ankara sərhədlərində PKK/PYD/YPG
terrorçularının kanton, muxtariyyət, yaxud da quruluş formasından
asılı olmayaraq, ərazi əldə etməsini qəbul edirmi?” sualına diqqət
çəkir.
Çünki: Türkiyənin “Fərat qalxanı”, İdlib
əməliyyatı, ardınca Afrin hərəkatının ana məqsədi Şimali İraqdan
başlayaraq, Suriyanın şimalından keçməklə Aralıq dənizinə çıxacaq
“kürd dəhlizi” layihəsinin, yəni Türkiyənin cənub sərhədlərində PKK
dövlətinin yaradılmasının qarşısını almaqdır. Hələ Obama dövründə
bu plan dövriyyəyə girdi və Türkiyə “Fərat qalxanı” hərəkatı ilə
ilkin mərhələdə buna mane oldu. ABŞ Türkiyə ilə üz-üzə gəlməmək
üçün dəhlizin istiqamətini bir qədər cənuba – Ankaranın
dəstəklədiyi Suriya müxalifətinin əlindəki İdlibə çəkərək, Afrinə
birləşdirmək planını dövriyyəyə saldı. Vaşinqtondan gələn
“İdlibdə Əl-Qaidə terrorçuları var, Türkiyə buna göz
yumur” mesajı da İdlibə müdaxiləyə əsas yaratmaq və
Türkiyəni terrora dəstək verən ölkə elan edərək, oyundan kənarda
saxlamaq gedişi idi. Ankara İdlib əməliyyatı ilə buna mane ola
bildi. Afrini təmizlənməsi də hələ o vaxtdan gündəmdə idi. Afrində
“Zeytun budağı” əməliyyatına başlayan Türkiyə “növbəti
hədəf Münbiçdir, daha sonra İraqa qədər ərazini terrorçulardan
təmizləyəcəyik” mesajını verdi.
Türkiyənin bundan başqa seçiminin olmadığı da
məlumdur: PKK-nın əsas qərargahı Şimali İraqdakı
Qəndildədir; 40 ildir əziyyət çəkdiyi terroru kökündən məhv etməyin
yeganə yolu Qəndilə qədər olan əraziləri təmizləmək və “arının əsas
yuvası”nı dağıtmaqdır; əks təqdirdə, “dərman xəstəliyin
sadəcə qarşısını alır, onu birdəfəlik sağaltmır”.
Bu baxımdan, Türkiyənin Münbiç təklifinin onun maraqlarına uyğun
olmadığı aydındır. Çünki PYD-nin Fəratın şərqinə çəkilməsini
istəyirsə, bu, o deməkdir ki, terrorçuların Şimali İraqdan Fərat
sahillərinə qədər olan ərazidə, yəni Türkiyənin cənub-şərq
sərhədlərində mövcudluğunu qəbul edir.
ABŞ Münbiç təklifini qəbul edərsə: ilk və əsas
şərti PYD-nin Fəratın şərqində mövcudluğunun qəbul etdirilməsi və
Cenevrədəki Suriya masasına tərəf kimi əyləşməsi olacaq; Suriyada
Türkiyə-İran-Rusiya cəbhəsi qarşısında yeganə silahı olaraq əlində
qalan PYD-nin xilası üç ölkədən birinin onu qəbul etməsindən keçir
və xüsusilə bu ölkə Türkiyədirsə, o zaman, Vaşinqton oyundan
qazanclı çıxa bilər.
a) Bu, ABŞ-a regiondakı əsas müttəfiqi və üz-üzə gəlmək istəmədiyi
Türkiyəni itirməmək şansı verə bilər.
b) Türkiyə sərhədlərində Şimali İraq və Suriya ərazisinin bir
hissəsinin də daxil olduğu “kürd dövləti”ni yaratmasına yeni imkan
açıla bilər. (Şimali İraqda baş tutmayan “müstəqillik
referendumu” da buna hesablanmışdı. Oxu: “Kürd dövləti”nin hədəfləri: regional-etnik
müharibəyə doğru).
c) Türkiyənin neytrallaşdırılması bölgədə Rusiya, xüsusilə də İrana
qarşı müharibədə güc balansını tamamilə Vaşinqtonun xeyrinə
dəyişdirə bilər.
Və burada Türkiyənin təəccüblü görünən təklifinin
pərdəarxası diqqət çəkir. Ankara bilə-bilə özünü niyə oda
atır?:
BİRİNCİ: Suriya masasında əlini gücləndirmək.
Türkiyənin Afrin əməliyyatı əslində “Fərat qalxanı” hərəkatının ilk
etapda tamamlanmasıdır. Bura təmizlənəndən sonra türk ordusu
Fəratın şimal sahilindən – Əl-Babadan Afrinə qədər bütün ərazini
nəzarətə götürəcək. Lakin strateji baxımdan Münbiçin önəmi daha
böyükdür. Türkiyə Münbiçə nəzarəti təmin edərsə:
a) “Fərat qalxanı” hərəkatı ərazisi genişlənəcək və Fərat çayının
sahilində möhkəmlənəcək.
b) Bu, Türkiyəyə Suriyada Rusiya və ABŞ arasında şərti sərhəd
olaraq qəbul edilən Fərat sahillərində güc əldə etmək imkanı
verir.
c) Münbiçə nəzarət Türkiyəyə Suriyada Əsəd rejiminin əlindəki
strateji Hələb bölgəsini şərq və qərb cəbhədən mühasirəyə alması və
danışıqlar masasında əlini gücləndirməsi deməkdir. (İran və
Əsədin Afrin əməliyyatına qarşı çıxmasının əsas səbəblərindən biri
məhz budur. Oxu: İran niyə Afrin əməliyyatına qarşı çıxır? - Tehranın
türk qorxusunun SİRRİ).
Ankaranın İran və Əsədlə yanaşı, ABŞ-ı da narahat edən
“Afrindən sonra yolumuz Münbiçədir” mesajının
arxasında da bu hədəflər vardı. ABŞ-a verilən təkliflə də
Türkiyənin Münbiçi ordu ilə yox, diplomatiya ilə ələ almaq istəyi
görünür. Hesab etmək olar ki: Türkiyə Afrin əməliyyatını başa
vurandan sonra ordunu ikinci və daha böyük əməliyyata salmaq
istəmir və məsələni məhz DİPLOMATİYA ilə həll etmək niyyətindədir.
Lakin faktiki olaraq, bu, “Pirr qələbəsi” deməkdir. Türkiyə “Pirr
qələbəsi” ilə razılaşacaqmı?! Fikirlər bu nöqtədə qarışır və baş
verənləri anlamaq üçün “baxış bucağı”nı dəyişdirməkdən savayı yol
görünmür.
İKİNCİ: rusların oyunu və Suriyada qarışan
kartlar. “Əsəd ordusu Afrinə girəcək”. Bu xəbəri Rusiyanın
rəsmi “RİA Novosti” agentliyi yaydı. Xəbərdə deyilir ki, “anlaşma
əldə olunub, Afrin bölgəsi də daxil olmaqla Türkiyə ilə sərhədə
qədər Suriya hökumətinin nəzarətinə veriləcək”. Ankaranın ABŞ-a
Münbiç təklifinin səbəblərini məhz burada axtarmalıyıq.
Suriyada Əsəd Rusiya və İranın istəyinin əksinə addım atmadığı
məlumdur, deməli, onun Afrinə daxil olmaq planı da Moskva və
Tehranda, yaxud da iki paytaxtdan birində hazırlanıb. İranın açıq
şəkildə Afrin əməliyyatına qarşı çıxdığını nəzərə alsaq, oxlar
Tehranı göstərir, amma Moskvanın icazəsi olmadan Əsədin Türkiyəyə
qarşı çıxmayacağı detalını da unutmamalıyıq. Bu baxımdan, Əsəd
ordusunun Afrinə girməsi planının Moskvada hazırlandığı, Tehranda
dəstəkləndiyi görünür.
Moskva hansı “ata oynayır”?: Burada Rusiyanın
Suriyada PYD-ni ələ almaq niyyəti yenidən boylanır. Moskva Cenevrə
danışıqlarının davamı kimi başlatdığı, lakin müstəqil platformaya
çevirdiyi Soçi masasında Suriya böhranını həll etmək və ABŞ-ın
bölgədən tamamilə çıxarılmasına nail olmaq istəyir. Türkiyə bu
masada haqlı PYD terrorçularını görmək istəmir. Rusiya istəməsə
belə bununla razılaşır, lakin bu, Ankaranın strateji maraqlarına
uyğun olsa da, tərs məntiqlə ABŞ-ın da PYD üzərindən bölgədə
qalmasına əsas yaradır. Moskvanın qəbul etmədiyi məhz bu detaldır.
Və ABŞ-ın “Afrin bizim təsir dairəmizə daxil deyil, Türkiyənin
əməliyyatına qarışmayacağıq” deməsi ruslar üçün Afrindəki PYD-ni
ələ almaq üçün yeni imkan yaratdı. Vaşinqton bununla şahmat
taxtasında “piyadanı verib, atı qurtarmaq gedişi etdi” – Afrini
Türkiyəyə verərək, həm Ankranın qəzəbindən müəyyən qədər yayınmış
oldu, həm də Münbiçdə güclənərək, PYD-ni Fəratın şərqində
möhkəmləndirmək imkanı qazandı. Moskva burada dövriyyəyə girir.
Rusiyanın planına görə: Afrindəki qüvvələri ələ
almaqla ABŞ-ın PYD kartı ikiyə bölünür; ABŞ-ın PYD-ni Suriya
masasına tərəf kimi çıxaranda, Moskva öz əlindəki “PYD kartını” işə
salır; son nəticədə bütün tərəflər Suriya münaqişəsinin danışıqlar
yolu ilə həlli üçün masaya əyləşəndə Rusiya ABŞ-a qarşı “ikinci
PYD-ni” çıxarır; görünür, Rusiya Türkiyəyə qarşı çıxmağı gözə
alaraq, bu karta nail olmaq gedişi edir.
Və böyük ehtimalla Türkiyənin Münbiç təklifinin arxasındakı əsas
səbəb budur. Ankara rusların və iranlıların Suriyada oynadığı oyuna
qarşı ABŞ-la “yaxınlaşmaq” gedişi edir. Məqsəd heç də cəbhəni
dəyişmək yox, Rusiyaya mesaj verməkdir. Türkiyə də ABŞ-ın Münbiçi
onunla paylaşmaq istəməyəcəyini anlayır. Çünki:
1. ABŞ Münbiçdə hərbi bazalarını quraraq, burada ciddi şəkildə
möhkəmlənib. Bu baxımdan, indiyə qədər 5 min TIR-dan çıx silah
verərək, “nizami ordu” səviyyəsinə qaldırdığı PYD kartını kiminləsə
paylaşacağı inandırıcı görünmür. Amerikalı rəsmilərin Ankara
səfərindən sonra “Münbiç məsələsində israrlıyıq” deyə verdikləri
açıqlamalar da bunu göstərir.
2. Türkiyənin məğlubiyyətə bərabər olan “Pirr qələbəsi” ilə
razılaşacağı da inandırıcı deyil.
3. Türkiyə Münbiç təklifi ilə iki gediş edir: birinci: ABŞ-a
anlaşmaq üçün son təklifini verəndən sonra Münbiçə daxil olur; bu,
Türkiyənin Münbiç əməliyyatında diplomatiya baxımından əlini
gücləndirə bilər; ikinci: “ABŞ-la razılaşa bilərəm” deyərək,
Rusiyaya oyunu qaydalarına görə oynamaq mesajını verir.
Çavuşoğlunun “Münbiç təklifi”ni səsləndirməsindən dərhal sonra
Lavrovun “ABŞ-ın Suriyada əsl planlarına” dair açıqlamalar verməsi
də Moskvanın artıq narahat olduğunu göstərir.
Bu gün Suriya dövlət televiziyası Əsəd ordusunun bir neçə saat
içində Afrinə daxil olacağı haqda rəsmi açıqlama yayması da bu
prosesin davamıdır. Görünür, türklərlə ruslar arasında çatlar bir
qədər də dərinləşdiyi üçün bu informasiya yayılıb və Moskva “mesaja
qarşı mesaj” gedişi edərək, geri çəkilmək istəmədiyini nümayiş
etdirir. Lakin “Əsəd ordusu Afrinə girəcəkmi?!” məsələsi müəmmalı
olaraq qalır. Çünki bu, Əsədlə Türkiyənin yox, dolayısı ilə Rusiya
və İranla Türkiyənin üz-üzə gəlməsi deməkdir. Və Moskvanın bu oyunu
sona qədər oynayacağı (oynaya biləcəyi) heç də inandırıcı deyil,
xüsusilə ABŞ-ın yeni sanksiyalarının Kremlin divarları önünə qədər
gəldiyi bir vaxtda...
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək