“Sağlıq olsun, bəy!” - Əli Kərimlinin liderlik eşqi və müsavatçılardan SOS
Bizi izləyin

Nida Təhlil

“Sağlıq olsun, bəy!” - Əli Kərimlinin liderlik eşqi və müsavatçılardan SOS

“Təəssüf ki, dəvətlilərin bəziləri – o cümlədən Leyla Yunus, İsgəndər Həmidov, Əli Kərimli, yəqin ki, üzrlü səbəblərdən iştirak edə bilmədilər. Sağlıq olsun!”

Bu səhhətində ciddi problemlər yaranan Müsavat Partiyanın keçmiş başqanı İsa Qəmbərin 2014-cü ildə dediyi sözlərdir. AXC-nin yaranmasının 25 illiyi münasibətilə partiyanın qərargahında keçirilən toplantı ilə bağlı fikirlərini Feysbuk səhifəsində paylaşan başqan oxu AXCP sədri Əli Kərimliyə atmışdı. Müsavatın keçirdiyi tədbirə dəvət olunsa da, Əli Kərimli ora gəlməmiş və təbii ki, bu da İsa Qəmbərin xətrinə bərk toxunmuşdu.

Başqan “Sağlıq olsun!” demişdi. Olacaqmı? İsa bəyin səhhəti barədə bir qədər sonra.

Məsələ burasındadır ki, bu, partiya liderlərinin bir birinə atdığı nə ilk ox idi, nə də sonuncu olacaqdı. Müxalifətin üzdə olan (hər halda bu partiyalar ana müxalifət statusuna iddia edirlər –red.) iki partiyası - Müsavatla AXCP müstəqillik dönəmində dəfələrlə kəllə-kəlləyə gəlib. İsa Qəmbər Əli Kərimli ixtilafı demək olar ki, siyasi jurnalistikanın ənənəvi mövzularından biri olub. Bu partiyaların fundamentləri yeni qurulandan münasibətlər də mənfi müstəvidə formalaşıb. Nə İsa Qəmbər Əli Kərimlinin, nə də ikinci birincinin liderliyini qəbul edib.

Demkonqres, SİDSUH, DUH, "Azadlıq" bloku, "Yes", İctimai Palata, Milli Şura... Müsavat və AXCP-nin təmsil olunduğu bu ittifaq və blokların hamısının məramı bir olub. Seçkiyə vahid namizədlə getmək və təbii ki, Əli Kərimli ilə İsa Qəmbərdən birinin namizədliyini razılaşdırmaq. İsa Qəmbər və Əli Kərimlinin bir-birinə patoloji nifrətinin nəticəsi idi ki, hətta 2013-cü il prezident seçkiləri öncəsi İctimai Palatada vahid namizədlə bağlı müzakirələrdə razılıq əldə olunmadı. Nəticədə də düşərgənin digər təmsilçiləri olan Cəmil Həsənli və müstəqil ekspert Ərəstun Oruclunun adları səsləndirildi.

Analoji proses 2003-cü ildə də müşahidə edilmişdi. Əli Kərimli İsa Qəmbərə güzəştə getməmişdi.

Müxalifətin bir dam altında birləşməsinin vacibliyini hər çıxışda vurğulayan AXCP liderinin məhz özünün bu cəbhəyə ən böyük zərbəni vurduğunu kimsə inkar edə bilməz. Bunun üçün AXCP sədrinin keçmiş müavini Razi Nurullayevin 2015-ci ildə söylədiyi fikirləri yada salmaq lazımdır:

“1990-cı ildən, Xalq Cəbhəsinin İdarə Heyətindən bəri bir-birini qəbul etməyən Etibar Məmmədov və İsa Qəmbər bir masa arxasında otura bilirdi. Lalə Şövkət, İlyas İsmayılov, Rəsul Quliyev mübarizə meydanında birgə addımlayırdı. Biz Əli Kərimlini o müstəviyə gətirmək istəyirdik. Əli Kərimlini AXCP-nin siyasi varisi yox, həm də mənəvi varisi etmək istəyirdik. Elçibəyin sözdə deyil, əməldə və siyasi uğurda əsl davamçısı etmək istəyirdik, onu bu statusda görmək istəyirdik. Amma o, bunu bacarmadı. Yenidən intriqalar, siyasi oyunlar və çəkişmələr. Özünün “siyasi rupor”unu öyrədib Müsavatın üzərinə göndərdi. O da ki, heç nədən iyrənmir. Özü də üzərinə beşini qoyub dedi. Müxalifət bir-birinə dəydi və əsas hədəfdən uzaqlaşdı”.

Bəli, Əli Kərimlinin siyasətdəki əsas hədəflərindən biri məhz, yuxarıda da deyildiyi kimi, özünün “siyasi rupor”unu öyrədib Müsavatın və İsa Qəmbərin üzərinə göndərmək” olub. İllərdir, bu iki partiyanın funksionerləri həm onların nəzarətində olan media orqanları, həm də sosial şəbəkələr üzərindən qarşılıqlı hücumların şahidləri olub. Əli Kərimli bu qarşıdurmalarda “görünməz” olmağa çalışsa da, hücumların onun tərəfindən istiqamətləndirildiyi heç vaxt şübhə doğurmurdu.

Azərbaycan müxalifətində İsa Qəmbəri əsas siyasi rəqib kimi görən Əli Kərimli, görünür, indiki halda göydəndüşmə fürsət əldə edib. Məsələ burasındadır ki, səhhəti Müsavatın keçmiş başqanına bundan sonrakı siyasi proseslərə aktiv qatılmasına əngəl ola bilər.

Ağır xəstəlikdən əziyyət çəkən Müsavatın keçmiş başçıcı İsa Qəmbərin Türkiyənin "Hacəttəpə" klinikasında müalicəsi davam edir. Onun müalicəsi ilə məşğul olan həkimin bildirdiyinə görə, İsa Qəmbərin sağlamlıq durumu son dərəcə kritikdir. Həkimlər İsa Qəmbərin həyatını xilas edirlər, ürəyinə stendlər qoyurlar. Məlumata görə, keçmiş başqan reanimasiya şöbəsində yerləşdirilib və pnevmoniya nəticəsində yoluxduğu bir infeksiyadan müalicə olunur. İsa Qəmbərin başının sağ yarımkürəsində şiş və ürəyinin qapaqlarında daralma da aşkarlanıb. Onun sağlıq durumunda yaranan problemlərin aradan qaldırılması çətin görünür. Elə bu səbəbdən də xəstənin müalicəsinin evdə, yaxud klinikada davam etdirilməsi məsələsi ətrafında yaxın qohumları ilə məsləhətləşmərin aparıldığı bildirilir. Qeyd edək ki, keçmiş başqanın sağlıq durumu ilə bağlı yayılan məlumatı gerçək olaraq qəbul etmək sadəlövhlük olardı. Mümkündür ki, İsa Qəmbərin real sağlıq durumu ilə bağlı ictimaiyyətə olduğu kimi deyil, səthi məlumat verilsin. Bu versiya həm həkim etikası baxımından inandırıcı görünür, həm də onun yaxınlarının xahişi ilə sirr kimi saxlanıla bilər. Bütün hallarda görüntü ondan ibarətdir ki, keçmiş başqanın səhhətində ciddi problemlər yaşanır və onun aradan qaldırılması üçün uzun zaman sərf olunacaq.

Məlumat üçün onu da qeyd edək ki, keçmiş başqana qoyulan diaqnoz elə də adi xəstəliklərdən sayılmır. Xəstəliyin aradan qaldırılması üçün bahalı və güclü immuntutumlu dərman vasitələrinin istifadəsinə ehtiyac yaranır. Həmin dərmanların əldə edilməsi üçün isə külli miqdarda vəsaitin xərclənməsi tələb olunur.

Müsavat daxilində də İsa Qəmbərin sağlıq durumu ilə bağlı söz-söhbətlər yaranıb: qayıdacaq, qayıtmayacaq? Məlum olduğu kimi, onun başqanlıqdan getməsi və partiyanı Arif Hacılıya həvalə etməsi bir çox sıravi müsavatçının narazılığına səbəb olmuşdu. Partiyanın sonuncu qurultayından başlanan söz-söhbət bu gün də davam etməkdədir və yenu başqanı qəbul etməyənlərin sayı getdikcə artmaqdadır.

Və indiki Əli Kərimli ilə Müsavatın eyni mitinqdə iştirakı AXCP liderinin heç zaman qəbul etməyən sıravi muzavatçılar tərəfindən də xoş qarşılana bilməz. Ötən bir neçə il ərzində Milli Şuranın kütləvi etiraz aksiyalarına qatılmayan Müsavatın indiki halda belə bir addım atması təəccüb doğurmaya bilməz.

Çox güman ki, müsavatçıları naharat edən əsas məqam Müsavat Partiyasının liderinin səhhətinin normal olmadığı və aktiv siyasətə qayıtması ilə bağlı ortada sulların qaldığı bir vaxtda Əli Kərimlinin ənənəvi qarşıdurmada önə keçmə ehtimalının olmasıdır. Sirr deyil ki, müsavatçıların əksəriyyəti partiyanın yeni başqanı Arıf Hacılıya zəif lider kimi yanaşırlar və onun İsa Qəmbərin yoxluğunda Əli Kərimlinin təsiri altına düşəcəyi təhlükəsinin real olduğunu düşünürlər.

Və bu ssenari olduqca real görünür. Hər halda son illər Müsavatla birgə mitinqlərin keçirilməsinə müsbət yanaşmayan Əli Kərimlinin indiki halda bunu etməsinin arxasında “liderlik” eşqindən başqa heç nə dayanmır.

Qarşıdakı mitinq Qərbə də “lider”in kim olmasının sübutu baxımından şans ola bilər. Belə bir şəraitdə Milli Şuranın əsas aparıcı qüvvəsi olan AXCP sədri Əli Kərimlinin əsas rəqibinin siyasi səhnədən silmək şansından necə istifadə edəcəyi isə yaxın günlərdə məlum olacaq.

Müsavatçılar təhlükəni çox yaxından hiss edirlər. Proseslərin gedişatını onların müqavimətinin hansı səviyyədə olması müəyyən edə bilər.

Başqan 2014-cü ildə “Sağlıq olsun!” demişdi. Təki olsun. Azərbaycan bütün siyasi qüvvələr keçmiş başqanın sağalmasını arzulayırlar. Bircə Əli Kərimlidən başqa...

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm