Bir daşla iki hədəf: Sarkisyan həbsə gedəcək, Qarabağı geri qaytarmağa məcbur olacaqlar
Bizi izləyin

Nida Təhlil

Bir daşla iki hədəf: Sarkisyan həbsə gedəcək, Qarabağı geri qaytarmağa məcbur olacaqlar

“Bilirsiniz ki, Azərbaycandan kənarda bir çox ölkələrdə qanunvericilik səviyyəsində Xocalı bir qətliam hadisəsi, soyqırımı kimi tanınıb və pislənib. Bu qətliamın həyata keçirilməsinə əmr verən şəxslər vardır ki, bu şəxslər haqqında müəyyən işlər görmək mümkündür. Bunun üçün mütləq mənada Beynəlxalq Cinayət Məhkəməsinə müraciət etmək lazımdır".

Bu sözləri Publika.az-a politoloq Natiq Miri baş nazir postundan istefa verən Serj Sarkisyanın başçılıq etdiyi Qarabağ klanının cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı məsələni dəyərləndirərkən deyib.

Politoloq bildirib ki, Xocalı soyqırımını törədən şəxslər dünyanın ən ali təşkilatları tərəfindən ittiham olunmalıdır:

“Təəssüf ki, nə Azərbaycan, nə də Ermənistan Beynəlxalq Cinayət Məhkəməsinin üzvüdür. Ancaq hüquqi çərçivədə bu məsələni Haaqa Beynəlxalq Hüquq Məhkəməsinə çıxarmaq olar. Eyni zamanda bu məsələni hüquqi zəmində beynəlxalq təşkilatlarda: Avropa Şurası Parlament Assambleyasında, Avropa Parlamentində, Avropa Komissiyasında, hətta Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları ilə bağlı komitəsində müzakirə predmeti kimi təqdim etmək olar ki, Serj Sarkisyan bilavasitə bu cinayət hadisələrinə rəhbərlik edib. Və beynəlxalq səviyyədə ittiham olunsun. Xocalı soyqırımı, Dağlıq Qarabağ problemini heç bir zaman gündəmdən salmaq lazım deyil. Xüsusilə, bu məsələnin müzakirəsi Dağlıq Qarabağ problemində Azərbaycanın mövqeyini gücləndirər. Aydın olmalıdır ki, Azərbaycan Dağlıq Qarabağ və onun ətrafında yerləşən işğalçı rejimə - cinayətkar bir rejimə qarşı mübarizə aparır və bu mübarizənin qarşı tərəfi ilə biz sülh masası ətrafında oturmağa vadar edilirik. Bu bütün tribunalardan deyilməlidir ki, ən azından belə insan faciələri və buna səbəb olan insanlar dünyaya olduğu kimi tanıtdırılsın.

Serj Sarkisyan da artıq Ermənistanda siyasi platformada olmadığı üçün mövqeləri zəifləyib. Ona görə də, əlbəttə, Qarabağ klanının cinayət məsuliyyətinə cəlb edilməsi bütün zamanların gündəm məsələsi olmalıdır. Bu təkcə Cənubi Qafqazla bağlı məsələ deyil. Bu gün Yaxın Şərqdə, Suriyada böyük bir müharibə suçu işlənir. Əsəd rejimi öz xalqına kimyəvi silahlar tətbiq edir. Bununla bağlı sənədlər ABŞ-ın rəhbərlik etdiyi komissiya tərəfindən toplanır və gələcəkdə həm BMT səviyyəsində, həm də Beynəlxalq Cinayət Məhkəməsi səviyyəsində bu faktların hesabı sorulacaq”.

Natiq Miri qeyd edib ki, Qarabağ klanının Ermənistandakı təsir gücü sıfıra enib və bu klan bir daha fəaliyyət göstərə bilməyəcək:

“Qarabağ klanının Ermənistandakı gələcək taleyi ilə bağlı İrəvanda etiraz aksiyalarına başçılıq edən Nikol Paşinyan konkret açıqlama verib. Açıqlamada bildirib ki, inqilabın əsas hədəflərindən biri yerinə yetirilib. Yəni, Sarkisyan baş nazir postundan istefa edib. İkinci hədəf isə parlamentin, xalqın içindən bir nəfərin baş nazir postuna müvəqqəti olaraq təyin edilməsi və bundan sonra kabinet formalaşdırılmasıdır. Ancaq yaxın müddətdə erkən parlament seçkiləri keçirilməlidir. Bu kontekstdə Paşinyan vurğulayıb ki, bu gün hakimiyyətdən devrilən Sarkisyan və onun liderlik etdiyi Respublika Partiyası düşünməsin ki, kölgədə yenə də Ermənistanı idarə edə biləcək. Buna qətiyyən imkan verilməyəcək, tezliklə parlament seçkiləri keçirilməklə xalqın istədiyi hökumət formalaşdırılacaq. Sözün əsl mənasında, Paşinyanın nəzərdə tutduğu seçkilər və onun nəticələri xalqın istəyini əks etdirəcəksə, bu artıq Ermənistanda Qarabağ klanının siyasi hakimiyyətinin sonu demək olacaq. Bu da regionda Azərbaycan üçün yeni bir şans anlamına gəlir. Nikol Paşinyan Qərb təfəkkürlü, yenilikçi bir liderdir. Eyni zamanda ona da əmindir ki, Sarkisyanın bu günə saldığı Ermənistanın faciəvi durumuna əsas səbəblərdən biri Dağlıq Qarabağ və ətraf rayonların işğalı və bu torpaqlara yiyələnməkdə israr edilməsidir. Məhz bunun nəticəsində Azərbaycan və qardaş Türkiyə bütün qlobal iqtisadi layihələrdən, yeni qlobal kommunikasiya sistemlərindən Ermənistanı təcrid edib. Bu da Ermənistanın gələcək inkişaf perspektivinin önünü kəsib. Düşünürəm ki, yeni hökumət xalqın seçdiyi hökumət olacaqsa, ölkəni bütün sahələrdə inkişaf etdirmək istəyəcəklərsə, ilk növbədə, Qarabağ probleminin həllinə ehtiyac duyulacaq. Beləliklə, qarşı tərəf sülh danışıqlarının nəticə verməsinə möhtac olacaq. Əks təqdirdə köhnə hökumətlə yeninin bir fərqi qalmayacaq. Ancaq inqilabın əsas dayağı olan gənclər tamamilə başqa şeylər arzulayır və tələb edirlər. Buna görə də hökumət onların istəklərini nəzərə almaq məcburiyyətindədir”.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm