Kreml xarici kəşfiyyat şefini Bakıya niyə göndərdi: Putinin İKİ HƏDƏFİ
Bizi izləyin

Nida Təhlil

Kreml xarici kəşfiyyat şefini Bakıya niyə göndərdi: Putinin İKİ HƏDƏFİ

Rusiya Federasiyasının Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Serqey Narişkin Bakıdadır. Rəsmi məlumata görə, Narişkin Prezident İlham Əliyev tərəfindən qəbul edilib. Görüşdə Rusiya-Azərbaycan münasibətləri və regional təhlükəsizlik məsələləri müzakirə olunub.



Bakı-Moskva xəttində sular öz axarında axır və münasibətlər olduqca normaldır. Bu baxımdan Narişkinin Bakıya hansısa problemi müzakirə etmək üçün gəlmədiyi aydındır. Lakin Putinin Bakıya məhz xarici kəşfiyyatın rəhbərini göndərməsi təsadüfi deyil. Xüsusilə Ermənistanda Serj Sarkisyanın istefası ilə nəticələnən hadisələr fonunda Narişkinin gəlişi Moskvanın sərhədləri boyunca baş verə biləcək proseslərdən narahatlığını göstərir.

Narişkinin Bakı səfərində iki kontekstdə yanaşmaq olar:

Birinci: Ermənistanda Qərb ölkələrindəki erməni diasporunun dəstəyini alan Paşinyanın başlatdığı hərəkat Rusiya üçün siqnal oldu. Moskva aksiyaların 11-ci günündə vəziyyətin tamamilə nəzarətdən çıxmaması üçün Karen Karapetyanı dövriyyəyə saldı və Sarkisyanın istefası ilə vaxt qazandı. (Oxu: Ruslar Sarkisyanı niyə qurban verdi: istefanın sirri). Lakin prosesin tamamilə başa çatdığı və hər şeyin rusların istəyinə uyğun olacağını demək hələlik çətindir. Çünki İrəvandakı proseslərin arxasında Qərbin dayanmadığını və bunun Rusiyaya qarşı yeni cəbhə olmadığını demək sadəlövhlük olardı. Bu baxımdan, Ermənistan Kreml üçün ciddi xəbərdarlıq mesajıdır. Qərblə açıq müharibə aparan Putin xarici kəşfiyyat şefini Bakıya göndərməklə Azərbaycanın Rusiyaya münasibətindən, daha doğrusu, Qərb-Rusiya qarşıdurmasında mövqeyindən əmin olmaq istəyir. Və güman ki, Moskvanın Bakıdan istəyi ən azından mövcud neytrallığını qorumaqdır.

İkinci: Moskva Bakının İrəvandakı hadisələri fürsət bilib işğal altındakı ərazilərin azad olunması üçün hərəkətə keçə biləcəyindən qorxur. Əslində hazırda Bakı üçün yaranmış vəziyyət ələdüşməz fürsət ola bilər: seçkilər sakit şəkildə başa çatdı; ölkə daxilində köklü kadr islahatları aparılır, hansı ki, bu islahatlar əhalidə inamı daha da gücləndirir; işğalçı ölkədə isə daxili qarışıqlıq və xaos diqqəti Qarabağdan yayındırır və bu gün istənilən hərbi əməliyyat postdakı erməni əsgərinin silahı qoyub qaçması ilə nəticələnə bilər.

Güman ki, Bakı bu vəziyyəti dəyərləndirməmiş deyil. Çünki İrəvanda hakimiyyət dəyişikliyi Qarabağ münaqişəsində də fors-major situasiya yaradır və danışıqların “sıfırdan başlama” təhlükəsi var.

Həmsədrlərin Sarkisyanın istefasından dərhal sonra “tərəfləri eskalasiyadan çəkinməyə çağırışı və danışıqların təcili yenilənməsinin vacibliyi” bəyanatı, BMT baş katibi Antoniu Quterrişin bu bəyanata qoşulması da vəziyyətin hər an nəzarətdən çıxa biləcəyini göstərir.

Bu situasiya fonunda Narışkinin Bakı səfəri Kremlin də Qarabağda toqquşmaların baş verəcəyindən narahatlığını ortaya çıxarır. Rusiyanın əsas qorxusu sərhədlərinin dibində - Qarabağda baş verə biləcək eskalasiyadan Qərbin ona qarşı yeni cəbhə kimi istifadə edə bilməsi ehtimalıdır.

Hesab etmək olar ki:

- Narişkin Putinin istəklərini Azərbaycan liderinə çatdırdı və Bakının mövqeyini bir daha yoxladı;

- Azərbaycan tərəfini yaranmış vəziyyətin Qarabağ danışıqlarına necə təsir edəcəyi maraqlandırır və görüşdə bu məsələdə Rusiyanın hansı mövqe sərgiləyəcəyi müzakirə olunub;

Cəbhədə proseslərin inkişafı Narışkinin Bakı səfərinə işıq tutacaq.

Asif Nərimanlı

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm