Nida Xəbər
"Qarabağ münaqişəsi kimlər üçünsə çirkli biznesdir" – Ramiz Mehdiyevdən yeni məqalə
Azərbaycan Respublikası Prezidentinin
Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev Qarabağ
münaqişəsinin hazırkı vəziyyəti ilə bağlı məqalə yazıb. “Ermənistan
Vətəndaş Cəmiyyəti kontekstində Ermənistan–Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsi” adlanan məqalənin tam versiyasını BURADAN oxuya bilərsiniz.
Ramiz Mehdiyev məqaləsində 2016-cı ilin aprel hadisələrindən sonra
Ermənistan və Azərbaycan təmas xəttindəki gərgin vəziyyətdə heç bir
əhəmiyyətli dəyişikliyin olmadığını yazır.
“Nə prezidentlərin görüşü, nə də ATƏT-in Minsk qrupunun vasitəçilik
fəaliyyəti lazımi nəticələr vermədi. Qarabağ probleminin həllində,
danışıqların bərpa olunmasında ən nüfuzlu beynəlxalq təşkilatlar və
ayrı-ayrı siyasi xadimlər iştirak edirlər. Lakin hələlik heç kim
Dağlıq Qarabağda atəşkəs rejiminin gələcəkdə ədalətli sülhlə
yekunlaşacağına zəmanət verə bilmir”,- deyə akademik məqaləsində
qeyd edib.
Ramiz Mehdiyev vurğulayır ki, faktik olaraq müharibə nə cəbhədə
(işğal edilən torpaqlar indiyə qədər azad olunmayıb), nə
diplomatik, nə də media məkanında bitib: “Kiməsə Dağlıq Qarabağ
münaqişəsinin qalması həm biznes, həm də siyasət yürütmək imkanı –
çirkli biznes və çirkli siyasət,- baxımından sərfəlidir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Ermənistan və
Azərbaycan xalqlarının qarşılıqlı əlaqələrində qanayan yaradır. Bu
münaqişə artıq uzun illərdir ki, kəskin və ciddi problem olaraq
qalır. Ermənistan və Dağlıq Qarabağ separatçıların günahı
ucbatından başlayan müharibənin dəyəri olduqca yüksək oldu, bunu
unutmaq olmaz. Bəlkə də Ermənistan prezidenti Serj Sarkisyanın öz
həmvətənlərinin fikrinə qulaq asmağın və işğal olunan Azərbaycan
torpaqlarının azad olunması istiqamətində konkret tədbirlər
görməsinin vaxtı çatıb?”
Akademik daha sonra yazır ki, beynəlxalq birliyin və güclü
dövlətlərin “köməyinə” ümid edən qonşu ölkə öz şəxsi sülh
potensialını, hazırda xalqların arasında inamın yaradılmasına
xidmət etməyən müasir siyasi texnologiyaları və əsrlik ənənələri
unutmamalıdır. Regionda sülhün əldə olunması üçün bu ideyadan daha
real və asan yol yoxdur. Əgər Ermənistan rəhbərliyi münaqişənin ən
ağrılı aspektləri üzrə tərəflərin mövqelərinin yaxınlaşdırılması
yollarını axtarmasa, ağrılı suallara cavab verməyə çalışmasa, onda
problemin həllinin uzanmasının nəticələri acınacaqlı olacaq.
“Aydındır ki, istənilən konflikt kimi Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin də determinantı siyasi xadimlərlə yanaşı,
xalqdır. Bura cəmiyyətin nümayəndələri, ziyalılar, KİV əməkdaşları,
QHT, diaspora təşkilatlarının nümayəndələri daxildir. Münaqişənin
real mənbələrinin ictimaiyyət önünündə və “yerlərdə” müzakirəsini
keçirməklə hər iki ölkənin nümayəndələri birgə əhəmiyyətli
nəticələrə gələ bilərlər.
Münaqişənin həllinin uzanması şəraitində vəziyyətinin istənilən
formada gərginləşməsi, güclər balansının dəyişməsi ən ağlasığmaz
faciəvi nəticələrə səbəb ola bilər. Ona görə də, sülhün əldə
olunması üçün əhəmiyyətli hüquqi baza ola biləcək xalq
diplomatiyası formatı da daxil olmaqla, Azərbaycan və Ermənistanın
nümayəndələri arasında əlaqələrin intensivləşdirilməsi olduqca
əhəmiyyətlidir”- deyə Ramiz Mehdiyev yazır.
Akademik vurğulayır ki, ənənəvi olaraq, xalq diplomatiyasının
müvəffəqiyyətləri, vəziyyətin nizamlanması həm daxili, həm də
dövlətlərarası məsələlərin həllinə yardım edir. Çünki
sivilizasiyanın inkişafının əsas göstəricisi, proqressin mühərriki
sadə insanlardır: “Vəzifə səlahiyyətləri, protokol baryerləri və
peşəkar şərtliliklərlə deyil, yalnız öz vətəndaşlıq borcunu yerinə
yetirməyə, vətəninə meydana çıxan çətinlikləri dəf etməkdə yardımçı
olmağa çalışan vətənpərvərlər özlüyündə peşəkar siyasətçilərin
illər və on illiklər boyu dəfedilməz kimi görünən problemlərin
həllində müəyyənləşdirici halqa rolunu oynayır”.
Ramiz Mehdiyev məqalədə qeyd edir ki, Azərbaycan ənənəvi olaraq
ərazisində çoxsaylı xalqların və milli azlıqların (ermənilər də
daxil olmaqla), həmçinin, müxtəlif konfessiyaların nümayəndələrinin
yaşadığı suveren dövlətdir. Multikulturalizm müasir Azərbaycanın
dövlət siyasətidir. Eyni zamanda, bu, bizim xalqımızın əsas
fərqləndirici cəhətlərindən biridir, bunun sayəsində öz
mentaliteti, mənəviyyatına görə azərbaycanlılar həmişə sülh
tərəfdarı olan xalqlarla sülh və dostluq şəraitində yaşayıblar.
Ermənilərin minnətdar olacağına ümid edən Azərbaycan onların
səmimiliyinə inanaraq, 1918-ci ilin may ayında İrəvan şəhərini
onların yaratdığı dövlətin paytaxtı (siyasi mərkəzi) olması üçün
onlara güzəştə getdi. Bizim əmin-amanlığımız həmişə böyük və kiçik
mənada mədəniyyətimizdən və zehnimizdən, dövlət və məişət
işlərindən asılı olub. Ona görə də, Azərbaycan həmişə Ermənistan da
daxil olmaqla, hamı ilə sülh və bərabərliyin tərəfdarı olub.
Azərbaycan prezidenti İlham Əliyev Bakıda keçirilən dünya dini
liderlərinin sammitinin açılışında çıxışı zamanı vurğuladığı kimi,
“Biz elə etməliyik ki, bütün münaqişələr tezliklə həll olunsun. Elə
etməliyik ki, insanlar bir-birlərinə mehriban yanaşsınlar. Bu
anlamda təkcə siyasətçilərin fəaliyyəti yetərli deyil”.
“Tarix öyrədir: Mövcud problemləri birgə həll etmək lazımdır.
Dövlətlərin fəaliyyətlərinin aydın şəkildə müəyyənləşdiyi
sərhədlərinin olduğu yerdə insanlar daim şəxsi ünsiyyət quracaq,
ümumi məqsədlər, dəyərlər, ümid və həyəcanın ifadələri təmas
nöqtələrini tapacaq. Bu nöqteyi-nəzərdən sülh danışıqları üçün
müharibəyə qarşı mövqe həmişə ən konstruktiv və məhsuldardır”,-
deyə məqalədə qeyd olunub.
Ramiz Mehdiyev xatırladır ki, 2016-cı il noyabrın 8-də Bakıda
Qeyri-Hökumət Təşkilatları Forumunun təşəbbüsü ilə keçirilən
“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: əsas maneələr və
nizamlama perspektivləri, Ermənistandan və Azərbaycandan baxış”
adlı beynəlxalq konfransı hər iki xalq arasında əlaqələrin
yaradılması, Dağlıq Qarabağ üzrə mövqelərin yaxınlaşdırılması,
tərəflərin təmas xəttində yeni qarşıdurma qığılcımının qarşısının
alınması, mövcud təhlükələrin aradan qaldırılması baxımından
növbəti mərhələdir. Bu konfrans öz xalqının taleyinə biganə
olmayan, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin
reallıqlarını anlayan, yəni qarşı tərəflə də danışmağı, eşitməyi və
anlamağı bacaran şəxslərin cəlb olunması ilə ən geniş səviyyədə
Azərbaycan-Ermənistan qarşılıqlı əlaqələrinin gələcək inkişafı üçün
xüsusi əhəmiyyətə malikdir.
“Görüşün leytmotivi bu tezis olub ki, iki qonşu dövlətin əsas
probleminin həlli ilə yalnız hökumətlər deyil, həm də xalqların
özləri məşğul olmalıdır. Və ya konfransının iştirakçısı Vahe
Avetyanın ehtiyac içində olan ermənilərin əhval-ruhiyyələrini ifadə
edərək, dediyi kimi, “Tanrı, əgər varsansa, biz böyükləri öz
uşaqlarımıza etdiklərimizə görə bağışla. Əgər biz böyüklər, ölənə
qədər səhvlərimizi düzəltməsək, onda uşaqlarımızı darda qoyacağıq.
Ayılın, düşünün, böyüklər. İnformasiya və internet dövründə Allah
bizim canımızı almayana qədər gələcək nəsillərin həyatını
yaxşılaşdırmaq üçün əlimizdə hər şey var. Əs Salam Aleykum!”,- deyə
yazıda bildirilir.
Akademik xatırladır ki, konfransda Ermənistan vətəndaş cəmiyyətinin
fəalları – jurnalist, “Meridian” qeyri-hökumət təşkilatının
vitse-sədri Syuzan Caqinyan, “Milli Azadlıq Hərəkatı” təşkilatının
rəhbəri Vaan Martirosyan, Azərbaycanın nümayəndələri – Milli
Məclisin deputatları, QHT rəhbərləri, bizim ölkədə akkreditasiyadan
keçən beynəlxalq təşkilatlar və diplomatik korpusun nümayəndələri
iştirak ediblər.
- Erməni vətəndaş cəmiyyətinin bir neçə təmsilçisinin Bakıya
gəlməsi heç də hər gün baş verən hadisə deyil.- Ramiz Mehdiyev
yazır,- Demək olar ki, Ermənistan hakim rejimindən asılılığı
olmayan Ermənistan qeyri-hökumət sektorunun nümayəndələri ilk dəfə
Azərbaycana səfər etdilər. Bakıya səfərlə bağlı qərar hüquq
müdafiəçilərin özləri tərəfindən verilib. Ermənistan hakimiyyətilə
hər hansı məsləhətləşmələrdən söhbət gedə bilməz, çünki bu
hüquq-müdafiəçilərinin kritik baxışları hakim dairələr tərəfindən
qəbul olunmur. V.Avetyan Bakıda dedi ki, “Bizim bu konfransda
iştirakımız xalq diplomatiyası tərəfdarı olmağımızın
göstəricisidir. Ermənistanda hakimiyyətlə eyni mövqedən çıxış edən
ictimai hərəkatın nümayəndələrinin bütün fəaliyyəti bizim
Azərbaycandan olan həmkarlarla birgə qurmaq istədiyimiz prosesin
dağıdılmasına yönəldilib”.
Bakıya gələn ermənilər, onların öz etiraflarına görə, daimi olaraq
Ermənistan rəhbərliyinin təzyiqlərinə məruz qalırlar. Hüquq
müdafiəçilərinin düşdüyü bu arzuolunmaz vəziyyət ölkə üçün baha
başa gələn və yaxın gələcəkdə daha böyük siyasi boşluq və iqtisadi
sınaqlarla üzləşəcək Sarkisyan rejiminin onun yürütdüyü siyasətə
qarşı təniqdlərə dözümsüzlüyü ilə izah olunur.
Lakin Süzan Caginyanın da mətbuat konfransında dediyi kimi, “Dağlıq
Qarabağ münaiqşəsinin həlli vaxtı artıq çatıb. Bu münaqişə hazırda
Ermənistan hakimiyəti tərəfindən tətbiq olunan metodlarla deyil,
sülh yolu ilə həll olunmalıdır. Bu münaqişə nəticəsində insnaların
ölümü çox pisdir, faciəvidir”. (azvision.az)
-
Kriminal03:30
Sumqayıtda DƏHŞƏT: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər
-
MDB18 Aprel 23:12
Bu ölkədə falçı və cadugərlərlə bağlı SƏRT QƏRAR VERİLƏCƏK
-
Magazin118 Aprel 22:48
Məşhur xanəndə ONLARI QINADI: "Bu saat necə gəldi geyinirlər" - FOTO