Azərbaycan və Rusiya DİN arasında qarşılıqlı yardım protokolu imzalandı
Bizi izləyin

Nida Xəbər

Azərbaycan və Rusiya DİN arasında qarşılıqlı yardım protokolu imzalandı

Daxili işlər naziri Ramil Usubov rusiyalı həmkarı Vladimir Kolokoltsevin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, nazir bu səfərin birgə əməkdaşlığın daha da genişlənməsinə təkan verəcəyinə əmin olduğunu bildirib və səfərə hazırlıq mərhələsində razılaşdırılmış xeyli təşkilati işlərin görüldüyünü, bu baxımdan 2017-2019-cu illərdə Azərbaycan ilə Rusiya Daxili İşlər nazirlikləri arasında qarşılıqlı yardım haqqında Protokolun layihəsinin razılaşdırıldığını, həmin sənədin imzalanmasında hər iki tərəfin maraqlı olduğunu vurğulayıb.

R.Usubov dövlət başçıları İlham Əliyev və Vladimir Putinin siyasi iradələrinə uyğun olaraq ölkələrimiz arasında mehriban qonşuluq və strateji tərəfdaşlıq münasibətlərinin daha da inkişaf etdiyini qeyd edib. Son illər qarşılıqlı faydalı işbirliyinin müsbət nəticələrinin olduğu, müxtəlif istiqamətlərdə, o cümlədən, cinayətlərin açılması, axtarışda olanların tutulması, onların ekstradisiyası, sərhədyanı regionlarda birgə razılaşdırılmış tədbirlərin keçirilməsi məmnunluqla xatırlanıb.

R.Usubov bu günlərdə sərhədyanı ərazilərdə keçirilən "Sərhəd-Sipər" kompleks əməliyyat-profilaktik tədbirlərini yada salıb və Rusiya Federasiyası Dağıstan Respublikasının Daxili İşlər Nazirliyinin əməkdaşları ilə sıx əlaqələrə malik olduğumuzu, tərəflər arasında daimi informasiya mübadiləsi aparıldığını, ən müxtəlif səviyyələrdə görüşlərin həyata keçirildiyini bildirib.

Daha sonra qonaqlara ölkəmizdə cinayətkarlıqla mübarizənin vəziyyəti barədə geniş məlumat verilib. Kadr hazırlığı sahəsində göstərilən köməyə görə təşəkkür edən nazir əmin olduğunu bildirib ki, bu səfər ikitərfli münasibətlərin inkişafında əhəmiyyətli hadisə olacaq, eyni zamanda, əməliyyat-xidməti fəailiyyətin bütün sahələrində əməkdaşlığı dərinləşdirməyə əlavə impuls verəcək.

Səmimi qəbula və ətraflı məlumata görə təşəkkür edən V.Kolokoltsev iki ölkənin daxili işlər orqanları arasında əməkdaşlığın genişləndirilməsində Rusiya tərəfinin də maraqlı olduğunu, hazırkı səfərin bu məqsədə xidmət edəcəyinə əminliyini, eyni zamanda, Azərbaycan-Rusiya-İran prezidentlərinin I Bakı Sammitində imzalanmış Bəyannamənin qarşılıqlı faydalı əməkdaşlıq üçün yeni imkanlar açacağını bildirib.

Görüşün sonunda nazirlər 2017-2019-cu illərdə Azərbaycan ilə Rusiya Daxili İşlər nazirlikləri arasında qarşılıqlı yardım haqqında Protokol imzalayıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm