Qəbələdə keçirilən X yüksək səviyyəli toplantı işini yekunlaşdırdı - - FOTO
Bizi izləyin

Nida Xəbər

Qəbələdə keçirilən X yüksək səviyyəli toplantı işini yekunlaşdırdı - - FOTO

Qəbələdə keçirilən X yüksək səviyyəli toplantı işini yekunlaşdırdı

Dekabrın 9-da Qəbələdə işə başlayan X yüksək səviyyəli toplantı işini panel iclaslarla davam etdirib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Publika.az-a bildiriblər ki, “Terrorizm və müasir dövrün qlobal çağırışları” mövzusuna həsr edilmiş panel iclası Misirin İsgəndəriyyə Kitabxanasının direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) həmsədri İsmayıl Səragəldinin moderatorluğu ilə keçib. İclasda Polşanın sabiq Prezidenti Aleksandr Kvasnievski, Albaniyanın sabiq Prezidenti Rexep Meydani, Kəşmir Universitetinin İslam Tədqiqatları Şöbəsinin direktoru Əhməd Nəsim Şah çıxış ediblər.

Terrorizm anlayışına toxunan İsmayıl Səragəldin bildirib ki, hər ölkə bu məsələylə fərdi qaydada məşğul olmalıdır. İ.Səragəldin Latın Amerikasında transmilli cinayət, zorakı ekstremizm və digər məsələlələrə də toxunub.

Polşanın sabiq Prezidenti Aleksandr Kvasnievski dünyadakı qlobal çağırışlara diqqət yetirməyin zəruriliyini vurğulayıb. “Qloballaşma ilə bağlı fikir müxtəlifliyi mövcuddur. Texnoloji təkamülün qarşısını almaq qeyri-mümkündür. Bu gün bəzi dalğalar var ki, qloballaşmaya qarşı mübarizə aparılır. Lakin, biz texnoloji inqilabı dayandıra bilmərik”, - deyə sabiq Prezident vurğulayıb.

Kəşmir Universitetinin İslam Tədqiqatları Şöbəsinin direktoru Əhməd Nəsim Şah müxtəlif cəmiyyətlər arasında tolerant mühitin qurulması üçün, ilk növbədə, dialoqa ehtiyac duyulduğunu bildirib. O, müsəlmanların elmdə, incəsənətdə, texnoloji elmlərdə tarixən qazandıqları nailiyyətlərdən söhbət açıb, demokratiya, konfliktlərin həlli üçün müsəlmanlara göstərilən radikallıqdan imtina edilməsinin vacibliyini diqqətə çatdırıb.

Albaniyanın sabiq Prezidenti Rexep Meydani çıxışında iqlim dəyişikliyi, içməli su çatışmazlığı, təbii ehtiyatların tükənməsi və demoqrafik partlayışın insanlara təsirindən danışıb. Eyni zamanda, enerji problemi, qadınların statusu kimi məsələlərə də toxunub.

Daha sonra terrorizmlə mübarizə və hüquqların təsisatına həsr olunan panel iclası keçirilib.

İclasın moderatoru, Bosniya və Herseqovinanın sabiq Baş naziri Zlatko Laqumdzija bildirib ki, indi texnologiyadan tarixin istənilən dövründən daha çox istifadə olunur. Eyni zamanda, bu gün insanlar bir-birini daha çox öldürür, nəinki əvvəllər. Terror nəticəsində iqtisadiyyat kütləvi şəkildə dağılır. Qaçqınların və miqrantların da yaranmasına məhz terrorizm səbəb olur. İnsan hüquqları, demokratiya da terrorizmin qurbanına çevrilir.

Bolqarıstanın sabiq Prezidenti Peter Stoyanov tədbirin təşkilində göstərdiyi dəstəyə görə Azərbaycan dövlətinə təşəkkür edib. Daha sonra isə əsas insan hüquqlarının qorunması və terrorizmlə mübarizə yollarından bəhs edib: “Terrorizm hər zaman bəşər tarixinin qaranlıq tərəfi olub. Sosial inkişafı, sülhü ləngidib. Dövlətlərin vəzifəsi vətəndaşlarını ciddi müdafiə etməkdir. Terrorizmlə mübarizədə heç bir məhdudiyyət olmamalıdır”. O, terrorizmin iki növü növü olduğunu bildirib: yeni və köhnə terrorizm: “Köhnə terrorizm lokal xarakter daşıyırdı. Yeni terrorizm isə texnologiyanın sürətli inkişafı ilə əlaqədar olaraq daha qlobal xarakter alıb. İnsanların təhlükəsizlik və azadlığı indi daha çox təhdidə məruz qalır. Bu baxımdan beynəlxalq hüquq səviyyəsində tədbirlər gücləndirilməlidir”.

Latviyanın sabiq Prezidenti Valdes Zatlers isə çıxışında bildirib ki, terrorizm dünyanın ayrı-ayrı yerlərində özünü müxtəlif cür büruzə verir. Xüsusilə də kiber terrorizm dünyanın hər bir nöqtəsində hökm sürür. İnsanların şəxsi məlumatları toplanır, şəxsi təhlükəsizlik təhdid altına düşür.

Uruqvayın sabiq Prezidenti Luis Alberta Lakale də çıxışında terrorizm haqqında danışıb. “Terrorist həmişə silahdan istifadə etmir. İnsanlarda qorxu yaratmaq da terrorizmdir. Mədəni yolla da terror baş verir. Din çətiri altında terror həyata keçirilir. Biz real addımlar atmalıyıq. Həmçinin dünyaya göstərməliyik ki, müsəlmanlar terrorist deyil. Filmlərin çoxunda müsəlmanları terrorçu kimi göstərirlər. İslamın real dəyərləri nümayiş etdirilməlidir”, - deyə o bildirib.

“Terrorizm və mütəşəkkil cinayətkarlıq” mövzusuna keçirilən panel iclasda Latviyanın sabiq Prezidenti, NGBM-in həmsədri Vayra Vike Frayberqa, Serbiyanın sabiq Prezidenti Boris Tadiç, Moldovanın sabiq Prezidenti Petru Luçinski, Türkiyənin sabiq xarici işlər naziri Hikmət Çətin çıxış ediblər.

Xanım Vayra-Vike Frayberqanın moderatorluğu ilə keçirilən iclasda qaranlıq şəbəkələr, terrorizm və transmilli mütəşəkkil cinayətkarlığın hazırki vəziyyəti müzakirə edilib.

Latviyanın sabiq Prezidenti, NGBM-in həmsədri Vayra Vike Frayberqa terrorizmin meyvəsinin qorxu olduğunu bildirib. “Terrorizm tək qorxu yox, həm də utanc deməkdir”, - deyə o bildirib. Mütəşəkkil cinayətkarlığın səbəblərindən birini də sosiallaşma problemlərində görən xanım Frayberqa qeyd edib ki, sosiallaşmanın zəif getdiyi bəzi qapalı cəmiyyətlərdə cinayət aktları daha çox olur.

Serbiyanın sabiq Prezidenti Boris Tadiç terrorizmin qurbanı olan dövlətlərdən danışaraq bildirib ki, keçmişə baxsaq, bəzi dövlət başçılarının terror nəticəsində öldürüldüyünü görərik. Boris Tadiç narkotika alverinin bugünkü terrorun bir hissəsi olduğunu, bəzi dövlətlərin bu cinayətkarlıqa mübarizə aparmaq iqtidarında olmadığını diqqətə çatdırıb.

Moldovanın sabiq Prezidenti Petru Luçinski çıxışında deyib ki, SSRİ dağılandan sonra dünyanın siyasi xəritəsinin dəyişilməsinin də terrorizm və mütəşəkkil cinayətkalığa təsiri oldu. Bəzi qüvvələr yaranmış vəziyyətdən istifadə etdi.

Türkiyənin sabiq xarici işlər naziri Hikmət Çətin terrorist qrupların meydana gəlmə səbəbinin sosial problemlərdən, bərabərsizlikdən, zəif iqtisadiyyatdan irəli gəldiyini bildirib. Həmçinin texnoloji inkişafın da terrorizmin inkişafına yol açdığını deyib. Terrorist qruplar, cinayətkarlar bir-biriləri ilə asanlıqla əlaqə saxlaya bilirlər. “Biz necə mübarizə aparmalıyıq? Hər bir dövlət bir-biri ilə daha çox əməkdaşlıq etməlidir. Bərabərsizliyə, ədalətsizliyə hədəflənən yol seçilməlidir”, - deyə o vurğulayıb.

Bunula da Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun birgə təşkilatçılığı ilə keçirilən X yüksək səviyyəli toplantı işini yekunlaşdırıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm