Siyasilərimiz sosial şəbəkələrdə nə iş görürlər? - SORĞU
Bizi izləyin

Nida Xəbər

Siyasilərimiz sosial şəbəkələrdə nə iş görürlər? - SORĞU

Publika.az məsələnin maraqlı və aktuallığını nəzərə alıb, siyasilərin fikirlərini sizlərə təqdim edir.

İndi insanların internetdən və sosial şəbəkələrdən istifadə etməsi qaçılmaz hala çevrilib. Sıravi vətəndaşlarla yanaşı, hər hansı rəsmi vəzifə daşıyan, ictimai-siyasi və biznes fəaliyyəti ilə məşğul olan bir çox şəxslər də sosial şəbəkələrdə fəallaşmağa başlayıb. Bu baxımdan da indi sosial şəbəkələrdə bütün yaşlarda və sahələrdə olan insanlara rast gəlmək mümkündür.

Eyni zamanda, bir çox millət vəkilləri və siyasi partiya funksionerləri öz fəaliyyətlərinin təbliğini daha çox sosial şəbəkələrdə görürlər. Publika.az məsələnin maraqlı və aktuallığını nəzərə alıb, bir neçə millət vəkili və partiya sədrinin sosial şəbəkələrlə bağlı fikirlərini sizlərə təqdim edir.

Millət vəkili Zahid Oruc müasir insan həyatının internetsiz təsəvvür edilmədiyini söyləyir:

“Sosial şəbəkələr dünyanın informasiya məkanında xüsusi yer tutmaqdadır. Onların əhatə dairəsi o qədər böyüyür ki, indi açıq şəkildə onun televiziyalar, çap mediası ilə müqayisə olunmayacaq dərəcədə üstünlüyü görünür. Dövlət başçılarının da xüsusi akkauntları yaradılırsa və onun bütün fəaliyyəti ilə “Facebook”, “Twitter”, “Contact” və digər şəbəkədə əks olunursa, deməli, onlar da həmin şəbəkələrin vacibliyini bilirlər. Mən sosial şəbəkələrdən yalnız “Facebook” sistemində varam. Orada da aktiv şəkildə yalnız siyasi fikirlərimi, baxışlarımı paylaşıram. Bundan kənarda hər kəsin mövqeyini normal sayıram. Amma heç zaman şəxsi məqamların, əhval-ruhiyyə tezislərinin, başqa xarakterli məsələlərin əks olunmasının tərəfdarı deyiləm. Bütünlükdə internetdən istifadə günümün 2 saatını alır. Bu, təbii ki, müxtəlif fasilələrlə baş verir. Onu deyə bilərəm ki, 5 minlik dostluq limitim dolub, 2 mindən artıq izləyicim var. Artıq istəyən şəxslər mənə dostluq da göndərə bilmirlər, çünki limit dolub. Gündəlik olaraq insanlardan mesajlar alıram. Onların 95 faizi sosial problemlər, qayğılar, dərdlərlə bağlı olur. Yerdə qalan mesajlar isə siyasi və digər məsələlərlə əlaqəlidir. Hər bir mesajı cavablandırıram. Mənə aid məsələlərin həllinə çalışır, həll edə bilməyəcəyim məsələlərdə isə insanları başqa səmtə yönləndirirəm”.

Böyük Quruluş Partiyasının (BQP) sədri, Milli Məclisin deputatı Fazil Mustafa sosial şəbəkələrin onun üçün böyük rola malik olduğunu deyir:

“Fəaliyyətimin təbliğat işini demək olar ki, sosial şəbəkə vasitəsilə həyata keçirirəm. Sosial şəbəkələr vasitəsilə fikirlərimi və görüşlərimi diqqətə çatdırıram. Bəzən bizə qarşı müəyyən ittihamlar olanda da buradan cavab veririk. Bu baxımdan da sosial şəbəkələr hamı üçün əlçatan olur və qarşı tərəfin ünvanına daha tez çatır. Bütün bu kimi məsələlərdə sosial şəbəkələrin böyük rolu var. Şəxsən mən sosial şəbəkədən mətbuat orqanı kimi istifadə edirəm. Əksər mətbuat orqanları da mənim fikirlərimi sosial şəbəkədə olan səhifəmdən götürərək yayır. Bu isə bizim işimizə fayda verir ki, fəaliyyətimiz əlçatan və daha tez yayılan olur”.

Milli Məclisin Təhlükəsizlik və Müdafiə komitəsinin sədr müavini, millət vəkili Aydın Mirzəzadə bildirir ki, artıq sosial şəbəkələr hər kəsin həyatının ayrılmaz tərkib hissəsinə çevrilib:

“Mən sosial şəbəkədən daim istifadə edirəm. Bu gün sosial şəbəkələr müasir insanın həyatının tərkib hissəsinə çevrilib. İnformasiya kommunikasiya texnologiyaları indi hər hansı məlumatı, fikri dünyanın istənilən yerinə çatdırmağa imkan verir. Eyni zamanda, cəmiyyətin əhval-ruhiyyəsi də sosial şəbəkədə aydın şəkildə görünür. Müxtəlif insanlar və təbəqələr özlərinin subyektiv fikrini bildirsə də, ümumi xətt sosial şəbəkədə aydın müşahidə olunur. Bu baxımdan da mən gündəlik olaraq sosial şəbəkədə insanların paylaşdığı maraqlı fikirlər və məlumatlarla maraqlanıram, bəzən onlara öz fikirlərimi yazıram, müxtəlif polemikalarda oluruq. Hesab edirəm ki, sosial şəbəkələr günümüzün ayrılmaz tərkibi və inkişaf edən hissəsidir”.

Yeni Azərbaycan Partiyasından (YAP) olan deputat Məlahət İbrahimqızı da sosial şəbəkələrdən istifadə etdiyini deyir:

“Ancaq aktiv sosial şəbəkə istifadəçisi deyiləm. Həm “Facebook”, həm də “Twitter”dən yararlanıram. Daha çox gündəlik informasiyalar almaq üçün internetdən istifadə edirəm. Çünki internet günümüzün ayrılmaz hissəsidir. İnsanlar müəyyən məsələlərlə bağlı çoxlu mesajlar yazırlar. Bəzən ciddi bir mövzunun müzakirəsi gedir. Bu baxımdan da “Twitter” daha əlverişlidir”.

Tarixçi-deputat Musa Qasımlı isə qeyd edir ki, indiki dövrdə, ümumiyyətlə, internetsiz yaşamaq mümkün deyil:

“Bu baxımdan vaxt məsələsi problem yaradır. İnternetdən sırf informasiya almaq məqsədilə istifadə edirəm. Həmin informasiyaları isə saytlardan oxuyuram. “Facebook”da profilim olsa da, orada aktiv deyiləm. Çünki zaman ayıra bilmirəm. İnternet mənim üçün informasiya almaq, dünya hadisələrindən xəbər tutmaq üçündür”.

Millət vəkili Rövşən Rzayev də sosial şəbəkədən istifadə etdiyini bildirir:

“Gündəlik olaraq işlərimiz internetlə bağlıdır. Günün əksər vaxtı kompüterin arxasında, internetdə keçiririk. “Facebook”da səhifəm olsa da, mütəmadi istifadə etmirəm. Vaxt məhdudiyyəti olur”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm