Deputatlardan ETİRAZ: "Bu adamlar Azərbaycana ermənilərdən çox düşmənçilik edirlər"
Bizi izləyin

Nida Xəbər

Deputatlardan ETİRAZ: "Bu adamlar Azərbaycana ermənilərdən çox düşmənçilik edirlər"

Millət vəkilləri Azərbaycanın AŞPA-da səsvermə hüququndan məhrum edilməsilə bağlı sözügedən quruma müraciət edənlərə etiraz edib.

YAP-çı deputat M.İbrahimqızı Publika.az-a bildirib ki, Azərbaycan Milli Məclisinin AŞPA-dakı nümayəndə heyəti üzvlərinin səsvermə hüququndan məhrum edilməsi məsələsini qaldıran insanlar Azərbaycana ermənilərdən daha çox düşmənçilik edirlər:

“Bu cür adamlar dərk etməlidir ki, həmin Azərbaycan nümayəndə heyəti Milli Məclisin üzvü olmaqla yanaşı, xalq tərəfindən seçilən deputatlardır. Həmin deputatlar Milli Məclisə təyin olunmayıblar, xalq tərəfindən seçiliblər. Xalqın seçdiyi nümayəndələrə də bu cür etimadsızlığı yalnız onların seçiciləri edə bilər. Mən təsəvvür edə bilmirəm ki, AŞPA-ya çağırış edən həmin şəxslər bu qədər primitiv biliklərə sahibdirlər. Hər kəs yaxşı bilir ki, Milli Məclisə deputat seçilmək üçün seçicilərin səsini qazanmaq lazımdır”.

M.İbrahimqızı qeyd edib ki, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvləri Milli Məclisə seçilən və kifayət qədər təcrübələri olan deputatlardır:

“Hesab edirəm ki, özlərini “vətəndaş cəmiyyəti fəalı” adlandıran bu şəxslər Azərbaycan əleyhinə kampaniya aparmaqla erməni dəyirmanına su tökmüş olurlar. İnanın ki, bu cür hərəkətləri damarında erməni qanı axan insanlar belə etməzdi, ancaq bu şəxslər edir. Bu gün Ermənistanda təqibə məruz qalan ayrı-ayrı vətəndaş cəmiyyəti və QHT nümayəndələri, yazıçı və şairlər Azərbaycana üz tuturlar. Həmin ermənilər Serj Sarkisyanın Dağlıq Qarabağda və Xocalıda soyqırımlar və cinayətlər törətdiyini etiraf edirlər və Azərbaycan dövlətindən yardım istəyirlər. Çox təəssüf ki, adını “azərbaycanlı” qoyan, lakin Azərbaycan sərhədlərindən kənarda ölkəmizə qarşı ləyaqətsiz və anti-milli fəaliyyətlə məşğul olan bir sıra şəxslər bu cür alçaqlıqlara əl atırlar. Halbuki, onların hər hansı narazılığı varsa, bunu Azərbaycan daxilində də etmək olar. Azərbaycanda istənilən sağlam siyasi mübarizə mühiti mövcuddur. Ancaq ölkəmizdən kənarda Azərbaycanın milli maraqlarına zərbə vurmağa hesablanan bu cür addımlar yolverilməzdir”.

Milli Məclisin YAP-dan seçilmiş deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu isə bildirib ki, hüquqi dövlət olmadan vətəndaş cəmiyyətinin qurulması mümkün deyil.

Onun sözlərinə görə, klassik nümunədə vətəndaş cəmiyyəti dövlətin maraqlarını qorumaq, ictimai münasibətlərin daha aktiv olması, cəmiyyətdə ədalətin bərqərar olunması və mövcud problemlərin həllində körpü rolunu oynamaq üçün lazım olur:

“Ona görə də bəzən vətəndaş cəmiyyəti haqqında danışanda deyirlər ki, Qeyri Hökumət Təşkilatları (QHT) dövlətə bağlı olmasa da, dövlətdən də ayrı deyil. Yəni, burada mənsubiyyət məsələsi əsasdır. Bu baxımdan da vətəndaş cəmiyyəti fəalları nə qədər QHT təmsilçisi olsalar da, ancaq qeyri-millət təşkilatı olmalı deyil. Bu sahədə təmsil olunan insanlar mütləq milli maraqları nəzərə almalıdır. Konkret desək, özlərini “vətəndaş cəmiyyəti fəalı” adlandıran 60-a yaxın bu şəxslər öz dövlətinə və millətinə qarşı düşmənçilik mövqeyindən çıxış edirlər. İstənilən regional və ya beynəlxalq təşkilatda hər hansı məsələni qaldırmaq və hökumətə irad bildirmək mümkündür. Burada əsas məsələ həmin şəxslərin mövqeyinin nə qədər haqlı olmasıdır. Əgər həmin şəxslər mövqeyində haqlı olsaydı, bu Azərbaycan cəmiyyəti tərəfindən də düzgün başa düşülərdi. Ancaq çox təəssüf ki, bir qrup anti-milli maraqlardan çıxış edən insanların nə Azərbaycan cəmiyyətinə, nə də vətəndaş cəmiyyətinə heç bir aidiyyəti yoxdur”.

YAP-çı deputat qeyd edib ki, bu adamların Azərbaycanın milli maraqları ilə bağlı məsələlərdə də konkret mövqeyi yoxdur:

“Sadəcə olaraq, bu adamlar ölkəmizi şantaj etmək üçün anti-Azərbaycan mərkəzlərinin əlində bir vasitədir. Bu cür ünsürlər yalnız və yalnız ermənipərəst mərkəzlərdən idarə olunur. İndi biz çox mürəkkəb dövrdə yaşayırıq. Belə bir dövrdə vətəndaşlarımız öz dövlətinə sahib çıxmasa, öz övladlarımız üçün yaxşı gələcək qura bilmərik”.

Xatırladaq ki, özünü “vətəndaş cəmiyyəti fəalı” adlandıran 60-ya yaxın şəxs AŞPA sessiyasına millət vəkilləri - Elxan Süleymanovu və Müslüm Məmmədovu assambleyadan çıxarmaq, Azərbaycan nümayəndə heyətinin səs hüququnu araşdırma yekunlaşana qədər dondurmaq çağırışı ilə müraciət ediblər.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm