Fəttah Heydərov: “Prezidentin son fərmanı həyati əhəmiyyət daşıyır”
Bizi izləyin

Nida Xəbər

Fəttah Heydərov: “Prezidentin son fərmanı həyati əhəmiyyət daşıyır”

"Belə bir alovlu dövrdə Azərbaycan “yaşıl sabitlik adası” kimi inkişaf edir".

Milli Məclisin Regional məsələlər komitəsinin sədr müavini, Azərbaycan Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov Prezident İlham Əliyevin məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında imzaladığa fərmanın əhəmiyyətindən danışıb.

F.Heydərov Publika.az-a deyib ki, Azərbaycan xalqının yalnız və yalnız inkişafı, tərəqqisi, rifahı və həyatının yaxşılaşması naminə gedən proseslər içərisində bu fərmanın öz mühüm rolu var:

“Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda mövcud olan sahibsizlik nəticəsində torapqlarımızın 20 faizi ermənilər tərəfindən işğal edilib. Həmin işğal nəticəsində və Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə minlərlə insanımız şəhid olub, yaralanıb, 100 minlərlə vətəndaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Torpaqlarımızın işğalı nəticəsində qaçqın və məcburi köçkün vəziyyətinə düşün insanlara dövlət tərəfindən göstərilən diqqət və qayğı hər zaman əsas olaraq qalacaq. Nə yaxşı ki, ulu öndər Heydər Əliyev və onun layiqli davamçısı cənab Prezident İlham Əliyev Azərbaycan dövlətinin tarixində silinməz iz qoyaraq, bu dövlətə sahib çıxıblar. Bu gün cənab Prezident İlham Əliyev Azərbaycan xalqının rifahı naminə bütün gücü ilə çalışır, qaçqın və məcburi köçkünlərin problemlərinə hər zaman diqqətlə yanaşır”.

F.Heydərov qeyd edib ki, indi dünyada təkcə iqtisadi böhran deyil, müharibələr, etnik və siyasi münaqişələr baş verir, böyük insan qırğınları müşahidə edilir:

“Təbii ki, bunun nəticəsində də dünyada böyük qaçqın və miqrant problemi yaranıb. Xüsusilə də Yaxın və Orta Şərq, ərəb ölkələrində böyük insan qırğınları törədilir. Belə bir alovlu dövrdə Azərbaycan “yaşıl sabitlik adası” kimi inkişaf edir. Bütün bunlar da cənab Prezident İlham Əliyevin həyata keçirdiyi çox ağıllı və məntiqli siyasətin nəticəsində mümkün olub. Çox təəssüf ki, dünyada gedən maliyyə böhranı Azərbaycanda da müəyyən iqtisadi çətinliklər yaradıb. Ancaq belə bir zamanda hörmətli Prezidentimiz qaçqın və məcburi köçkünlərlə bağlı çox hümanist fərman imzalayıb. Bu fərman insanların maddi və sosial rifahının yüksəldilməsinə töhfə olacaq. Bununla həm də insanlar dərk etməlidir ki, çətinlik hər bir ölkədə olur və ağıllı siyasət yürüdülən ölkədə çətinliyin ömrü uzun olmur. Ona görə də dünyada yaşanan maliyyə böhranının Azərbaycana təsirini ötüşdürmək üçün hər birimiz əl-ələ verib, problemlərə sinə gəlməliyik. Çünki Azərbaycan daha çox inkişaf etdikcə, məcburi köçkünlərin problemləri də ardıcıl olaraq öz həllini tapacaq. Hörmətli Prezidentimizin məcburi köçkünlərlə bağlı son fərmanı bu yolda düşünülmüş çox ağıllı və insanların gələcəyə inamını artıran həyati əhəmiyyətli addımdır. Arzu edirəm ki, 2017-ci il Azərbaycan xalqının həyatında çox uğurlu olsun, iqtisadi planlarımız ləyaqətlə və uğurla həyata keçsin, torpaqlarımızı qaytarmaq istəməyən yağı düşmənlərin arzuları ürəklərində qalsın, yurdumuzda əmin-amanlıq və sülh davam etsin. Hörmətli Prezidentimizin çox ağıllı və mərdcəsinə insanlarımızın qayğısına qaldığı bu siyasət uğurla davam etsin”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm