Özbək tədqiqatçı müdafiə olunacaq
Bizi izləyin

Nida Xəbər

Özbək tədqiqatçı müdafiə olunacaq

İctimaiyyət nümayəndələri, millət vəkilləri və alimlərin Şuxrat Salamova qarşı təzyiqlərlə bağlı mövqeyi üst-üstə düşür

"Özbək tarixçisini Azərbaycana görə cəzalandırmaq istəyirlər”. Sosial mediada, qəzetlərdə oxşar başlıqlarla yer alan yazılar Azərbaycan ictimaiyyətininin diqqətini məşhur özbək tədqiqatçısı Şuxrat Salamovun Qarabağ həqiqətləri ilə bağlı yazdığı "Qarabağ: ideyalar müharibəsi”kitabına görə üzləşdiyi təqib və təhqirlərə yönəldib. Alimə qarşı rəsmi Yerevanın və erməni icmasının təsiri ilə millətlərarası nifrətin qızışdırılması maddəsi üzrə Özbəkistan Baş Prokurorluğunda cinayət işi qaldırılıb. Tədqiqatçı alimin əsərində erməni daşnaklarının öz himayəçilərinin köməyi ilə insanları ideoloji müharibəyə necə hazırladıqları barədə tarixi faktlar əksini tapıb. Ş.Salamov həmçinin ermənilər tərəfindən özbəklərlə bağlı törədilən qətliamdan bəhs olunan "Türkistan və Cənubi Qafqaz XIX-XX əsrlərdə. Daşnaklar: Fərqanədən Qarabağa qədər” kitabının müəllifi kimi öz ölkəsinin həqəqətlərini də araşdırararq üzə çıxarıb. Doğru faktları həzm edə bilməyən erməni icması tərəfindən Şuxrat Salamova qarşı əsi kampaniyaya start verilib. Yazılanlara görə, hətta erməni icmasının nümayəndələri tədqiqatçı alimin evinə hücum edərək şüşələrini sındırıblar.

Baş verən hadisə ilə bağlı tədqiqatçının müdafiəsinin təşkili üçün müəyyən addımlar atılmasının vacibliyi vurğulanır. Bütöv Azərbaycan Ocaqları (BAO) öz növbəsində bütün Azərbaycan ictimaiyyətinə müraciət edərək "Bu məsələdə aktivlik nümayiş etdirək. Şuxrat Salamovun müdafiəsi ilə bağlı çoxsaylı imza yığıb Özbəkistanın Azərbaycandakı səfirliyinə təqdim etməyin vaxtı deyilmi?”- deyə bəyan edib.

Tədqiqatçı alimin Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun fəxri doktoru olduğunu nəzərə alsaq, o zaman onun ölkəmizə nə qədər yaxın olması bir daha anlaşılır. Elə isə alimin müdafiəsi hansı səviyyədə aparılmalıdır?

İctimaiyyət nümayəndələri, millət vəkilləri və alimlərin baş verən hadisəyə münasibəti üst-üstə düşür. Ermənilərin əsas niyyətlərindən birinin Azərbaycan ətrafında informasiya blokadası yaratmaq olduğunu deyənmillət vəkili, Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvü Elman Nəsirov bir çox hallarda onların buna nail olduqlarını da bildirdi: "Son zamanlar Azərbaycan dövlətinin apardığı uğurlu xarici siyasət nəticəsində erməni lobbisinin bu niyyətləri alt-üst olmağa başlayıb. Artıq Azərbaycan həqiqətləri - Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyəti, Ermənistanın işğalçılıq siyasətinin ağır nəticələri ilə bağlı məsələlər dünyanın ayrı-ayrı tədqiqatçılarının da diqqət mərkəzindədir. Belə tədqiqatçılar Oleq Kuznetsovun timsalında Rusiyada da var. O cümlədən, Ukraynada və digər ölkələrdə də Qarabağ münaqişəsini araşdıran alimlərin obyektiv tədqiqatlarının şahidi oluruq. İndi də analoji tədqiqatı –münaqişəni Qarabağla bağlı ideyalar müharibəsi kimi çox dəqiq faktlarla araşdıran özbək tədqiqatçısı Ermənistanın təcavüzkarlığı və onun tarixən bu istiqamətdə apardığı planlı siyasət və onun ağır fəsadları ilə bağlı kitab ortaya çıxarıb”. Nəşrin Özbəkistandakı erməni icmasının kəskin hücumlarına məruz qaldığını deyən millət vəkili alimə qarşı təzyiqləri yolverilməz hesab edir: "Alimin evinin daş-qalaq edilməsi baş verib. Hətta, Özbəkistandakı erməni icması ölkənin Baş Prokurorluğunun tədqiqatçı alim haqqında cinayət işinin açılmasına nail olub. Bütün bunlar əslində eyni mərkəzdən idarə olunan proseslərdir. Həmin mərkəzin məqsədi Ermənistanın işğalçılıq, ayrı-ayrı dövlətlərə qarşı təcavüzkar siyasətinin əsl mahiyyətini açan əsərin heç bir xarici ölkədə çapına icazə verməmək, müəllifinə təzyiq göstərməkdir. Biz indi analoji vəziyyətin Özbəkistanda baş verdiyinin şahidiyik. Təbii ki, belə bir vəziyyət Azərbaycan ictimaiyyətində də etirazlara səbəb olub və sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. Bu məsələdə artıq Azərbaycan tərəfi də öz mövqeyini ortaya qoymalı, tədqiqatçı alimin obyektiv tədqiqatları açan mövqeyini müdafiə etməlidir».

Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü kimi keçən il Özbəkistanda prezident seçkilərini müşahidə edən E.Nəsirov bu ölkəyə rəhbərlik edən qüvvələrin humanistlik prinsipi ilə çıxış edərək əvvəlki hakimiyyətin yeritdiyi siyasəti davam etdirəcəyinə, Azərbaycanla dostluq və qardaşlıq münasibətlərinə sadiq qalacaqlarına inamını itirmir: «Hesab edirəm ki, məhz erməni diasporunun təzyiqi altında cinayət işlərinin açılması kökündən yanlış siyasətdir və bunun həyata keçirilməsi nəticə etibarilə Azərbaycanla Özbəkistan arasında irəliləyən münasibətlərin ümumi mahiyyətinə uyğun gəlmir. Özbəkistan demokratik inkişaf yolu seçən dövlətdir. Belə bir ölkədə tədqiqatçı alim obyektiv faktlara söykənən tədqiqatlar nəticəsində ərsəyə gələn kitabına görə heç bir təzyiqə məruz qalmamalıdır. Ölkənin seçdiyi demokratik yol bunu diktə edir. Hesab edirəm ki, burada müəyyən anlaşılmazlıq var”.

E.Nəsirov parlamentlərarası işçi qrupunun üzvü kimi Özbəkistandakı həmkarları ilə məsələni diqqətdə saxlayacaqlarını bildirir: "Fikrimcə, bu, nəticə etibarilə yaranan anlaşılmazlığın aradan qalxmasına kömək edəcək. Heç bir halda Özbəkistan dövləti erməni lobbisinin təzyiqi altında haqq-ədaləti müdafiə edən tədqiqatçıya qarşı təzyiq göstərməməlidir. İnanmaq istəyirik ki, Özbəkistanın müvafiq qurumları bu məsələyə obyektiv mövqedən çıxış edəcəklər”.

Şuxrat Salamovun yazdıqlarının tarixi həqiqətləri tam əks etdirdiyini deyənAzərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini Cəbi Bəhrəmov tədqiqatçı alimin təqib və təhqir olunmasını yolverilməz hesab edir: "Suxrat Salamov həmçinin bizim institutun fəxri doktorudur. Biz Azərbaycan alimləri də onu bütün səviyyələrdə müdafiə etməyə hazırıq. Bunun üçün etiraz məktubları göndərilməli, Özbəkistan rəhbərliyinə müraciət olunmalıdır”. Ermənilərin vaxtilə özbək xalqına da faciələr yaşatdıqlarını deyən C.Bəhrəmov qeyd edir ki, Qıdılyan başda olmaqla onlar 1985-86-cı illərdə özbək xalqına böyük zərbə vurublar: "O zaman bolşeviklərin bilavasitə ermənilərdən istifadə etdiyi bir qüvvə kimi özbəklərin - nə az, nə çox 36 min nəfərə qədər insanı məhv edilib. Bu hadisənin tarixinin araşdırılması, tədqiq olunması, dünya ictimaiyyətinə çatdırılması məgər qəbahətdirmi? Ş.Salamov özbək xalqının övladı kimi bu tədqiqatları aparıb”.

Tədqiqatçının "Qarabağ: ideyalar müharibəsi” və "Türküstan və Cənubi Qafqaz XIX-XX əsrlərdə. Daşnaklar: Fərqanədən Qarabağadək" kitablarının rus dilinə tərcümə olunduğunu deyən C.Bəhramov əsərlərə görə təzyiqlərə məruz qalan alimin müdafiəsində olduqlarını bildirir: "Şuxrat Salamov sovet dövlətinin türk xalqlarına, müsəlman dünyasına, Orta Asiyada yaşayan xalqlara qarşı yeritdiyi siyasəti ifşa etdiyinə, ilk növbədə Qarabağ məsələsində həqiqətləri faktlarla yazdığına görə təzyiqlərə məruz qalıb. Şuxrat Salamov həmçinin bizim institutun fəxri doktorudur. Buna etiraz olaraq biz öz səsimizi ucaltmalıyıq».

kaspi.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm