Xocalı soyqırımı qurbanlarının xatirəsi Ankarada anıldı
Bizi izləyin

Nida Xəbər

Xocalı soyqırımı qurbanlarının xatirəsi Ankarada anıldı

“613 Xocalı şəhidinin xatirəsinə” adlı sərginin açılışı olub.

Azərbaycan Respublikasının Türkiyədəki səfirliyi tərəfindən təşkil olunan tədbirlər çərçivəsində Xocalı soyqırımının iyirmi beşinci ildönümü ilə əlaqədar fevralın 24-də Ankaranın Keçiören rayonunda yerləşən Xocalı parkında anma mərasimi keçirilib.

Mərasimdə səfirliyin əməkdaşları, Azərbaycandan və Türkiyədən olan deputatlar, Türkiyənin yüksək vəzifəli şəxsləri, Ankarada təhsil alan kursantlarımız, diaspor və ictimaiyyət nümayəndələri ilə yanaşı, çoxlu sayda KİV və QHT təmsilçisi, Keçiören rayon sakinləri iştirak ediblər.

Əvvəlcə Xocalı şəhidlərinin ruhuna “Qurani-Kərim”dən ayələr oxunub.

Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad ediləndən sonra Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib.

Sonra səfir Faiq Bağırov, AMEA-nın Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov, Keçiören rayonu bələdiyyəsinin sədri Mustafa Ak, Türkiyə Böyük Millət Məclisinin deputatları Nurettin Aras, Haluk İpek, Emrullah İşler, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Necdet Ünüvar və Xocalı sakini Ələmdar Quliyevin çıxışları olub.

Faiq Bağırov bildirib ki, Xocalı soyqırımı təkcə Azərbaycan xalqının deyil, bütün türk və İslam dünyasının ortaq faciəsidir. Bu soyqırımının izləri həmişə müsəlman-türk xalqlarının yaddaşında qalmalıdır.

Yaqub Mahmudov Xocalı soyqırımının səbəbləri və nəticələri, o cümlədən təcavüzkar Ermənistan dövləti və erməni millətçi dairələrinin Türkiyə dövlətinə qarşı əsassız iddialarının yaratdığı təhlükələr barədə geniş məlumat verib.

Türkiyəli çıxışçılar qətiyyətlə bildiriblər ki, təcavüzkar Ermənistanın silahlı qüvvələri işğal altında saxladığı Azərbaycan torpaqlarını dərhal tərk etməli, azərbaycanlı qaçqın və məcburi köçkünlər öz torpaqlarına qayıtmalı, düşmən tərəf əsassız iddialarından əl çəkməli və Xocalı soyqırımını tanımalıdır.

Xocalı soyqırımı və ümumiyyətlə, ermənilərin Azərbaycan və Türkiyə xalqlarına qarşı törətdikləri vəhşiliklərdən bəhs edən çıxışçılar vurğulayıblar ki, sülhsevər dünya ictimaiyyəti yer üzündə sülhə və sabitliyə nail olmaq istəyirsə, ilk növbədə Xocalı soyqırımı tanınmalı, bu cinayəti törədən erməni cəlladlar cəzalarını almalıdırlar.

Türkiyənin Baş naziri Binəli Yıldırım, Türkiyə Böyük Millət Məclisinin sədri İsmayil Qəhrəman, Baş nazirin müavini Numan Kurtulmuş, inkişaf naziri Lütfi Elvan, gənclər və idman naziri Akif Çağatay Kılıç, əmək və sosial müdafiə naziri Mehmet Müezzinoğlu, nəqliyyat, gəmiçilik və rabitə naziri Əhməd Arslan, mədəniyyət və turizm naziri Nəbi Avcı, Avropa İttifaqı işləri üzrə nazir Ömər Çelik tədbirə başsağlığı və Azərbaycanla həmrəylik məktubları göndəriblər.

Anım mərasimindən sonra Qazi Universiteti incəsənət fakültəsi, Keçiören Bələdiyyəsi və Azərbaycan səfirliyinin birgə təşkilatçılığı ilə “613 Xocalı şəhidinin xatirəsinə” adlı sərginin açılışı olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm