Təbrizdə Xocalı soyqırımının qurbanları anıldı
Bizi izləyin

Nida Xəbər

Təbrizdə Xocalı soyqırımının qurbanları anıldı

Bəşər tarixinə böyük qanlı faciə kimi daxil olan Xocalı soyqırımından 25 il ötür.

Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Təbriz şəhərindəki Baş Konsulluğunda anım mərasimi keçirilib.

Əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycanın Təbrizdəki Baş konsulu Əliyənnağı Hüseynov XX əsrin ən dəhşətli cinayəti olan Xocalı soyqırımı barədə mərasim iştirakçılarına ətraflı məlumat verib.

Qeyd olunub ki, Ermənistanın Azərbaycana qarşı işğalçılıq və soyqırımı siyasətinin tərkib hissəsi olan, beynəlxalq hüququn norma və prinsiplərinin, insan hüquq və azadlıqlarının kütləvi şəkildə, kobudcasına pozulması ilə nəticələnən, bəşər tarixinə böyük qanlı faciə kimi daxil olan Xocalı soyqırımından 25 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələrinin ağır texnikası Azərbaycanın Xocalı şəhərinə yeridilib, dinc insanlar amansızcasına qətlə yetiriliblər. Şəhər yerlə-yeksan edilib, yaşayış evləri və sosial infrastruktur tamamilə dağıdılıb və yandırılıb. Xocalı soyqırımı nəticəsində 613 insan öldürülüb, yüzlərlə dinc sakin ağır yaralanıb, 1275 nəfər girov götürülüb. Əsir və girov götürülənlərə amansız işgəncələr verilib.

Bu faciəni törətməklə Azərbaycana qarşı hərbi təcavüzün miqyasını daha da genişləndirən və ölkəmizin ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ ilə yanaşı, Laçın, Kəlbəcər, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan rayonlarını işğal edən Ermənistanın apardığı etnik təmizləmə siyasəti nəticəsində 20 min azərbaycanlının həyatına son qoyulub, torpaqlarımızın 20 faizi işğala məruz qalıb. İşğal nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb, əsas hüquqları kobudcasına pozulub.

Baş konsul nəzərə çatdırıb ki, Xocalı soyqırımına ilk dəfə hüquqi-siyasi qiyməti xalqımızın ümummilli lideri Heydər Əliyev verib. Məhz onun təşəbbüsü ilə 1994-cü ilin fevralında Milli Məclisi Xocalı soyqırımına hüquqi-siyasi qiymət verib və faciənin araşdırılması üçün komissiya yaradıb.

Bu gün Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev Xocalı soyqırımını dünya ictimaiyyətinə tanıtdırıb. Hazırda Xocalı soyqırımının tanınması Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Azərbaycandan başqa, Xocalını tam səviyyədə qətliam kimi Pakistan və Sudan tanıyır. Faciəni parlament səviyyəsində qətliam kimi Meksika, Kolumbiya, Çexiya, Bosniya və Herseqovina, Peru, Honduras, Panama, İordaniya və Rumıniya tanıyır. İndiyədək ABŞ-ın 22 ştatı Xocalını qətliam kimi tanıyan sənəd qəbul edib.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə təsis olunan “Xocalıya ədalət” kampaniyasının fəaliyyətinə 2009-cu ilin fevralından start verilib. Bu kampaniya böyük işlər görüb.

Xocalı soyqırımının beynəlxalq təşkilatlar tərəfindən tanınması məsələsinə gəldikdə ilk növbədə İslam Əməkdaşlıq Təşkilatının qətiyyətli mövqeyini diqqətə almaq lazımdır.

Çıxışlardan sonra Xocalı soyqırımından bəhs edən sənədli film nümayiş etdirilib.

Mərasim iştirakçıları Baş Konsulluq tərəfindən hazırlanmış erməni təcavüzü və Xocalı soyqırımına aid şəkillərdən ibarət foto-stendə baxış keçirib, işğalçı Ermənistanın Azərbaycana qarşı terror və təcavüz aktlarını özündə əks etdirən kitab, jurnal, DVD filmlər, buklet və qəzetlərlə tanış olublar. Hadisələrə dair məlumatların Azərbaycan və fars dillərində əks olunduğu qəzetlər və vərəqələr, ingilis və fars dillərində broşurlar, Azərbaycan tarixinə dair kitab və jurnallar mərasim iştirakçılarına paylanılıb.

Mərasimdə Təbriz şəhər İcra Hakimiyyəti başçısının müavini Səid Bərzigər, İranın Xarici İşlər Nazirliyinin Ərdəbil Vilayətindəki Nümayəndəliyinin rəhbəri Yəzdan Məlekan, Türkiyənin Təbrizdəki Baş konsulu Çağlar Fahri Çakıralp və Təbrizdə yaşayan Azərbaycan vətəndaşları və onların ailə üzvləri iştirak ediblər. (Azərtac)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm