• USD 1,7001 0,00% EUR 2,0087 0,00%
    • GBP 2,2277 0,00% RUB 0,0296 0,00%

Ermənistanın işğalçı dövlət olduğunu Nalbandyan təsdiqlədi

Ermənistanın işğalçı dövlət olduğunu Nalbandyan təsdiqlədi

Ermənistan xarici işlər naziri Edvard Nalbandyan ilin sonuna kimi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Azərbaycan ərazisi Dağlıq Qarabağda yaradılmış qondarma rejimin ən azı bir dövlət tərəfindən tanınacağana dair proqnoz verib. Nazir bu açıqlamanı qanunsuz səfər etdiyi - işğal altında olan Azərbaycan ərazisində - Xankəndində verib.

Erməni nazirinin bu fikri səsləndirməsindən sonra Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı aparılan danışıqlar prosesində iştirakının imitasiya xarakteri daşıdığını şərh etməyə artıq lüzum qalmır. Bu açıqlamanın verilməsi bir daha onu göstərir ki, Ermənistana rəhbərlik edən cinayətkar rejimin əsl məqsədi işğal edilmiş Azərbaycan ərazilərinin ilhaqının həyata keçirilməsidir.

ATƏT-in Minsk Qrupunun həmsədrlərinin fəaliyyətini və danışıqlar prosesini pozan Ermənistan rəhbərliyinin bu mövqeyi növbəti təxribatdır. Uzun illər danışıqlar prosesində irəliləyişin olmamasının kökündə də ermənilərin bu niyyəti dayanır. Rəsmi Bakı dəfələrlə bildirib ki, münaqişənin tezliklə sülh yolu ilə həll olunması üçün Ermənistana təzyiq göstərilməlidir. Ermənistan isə özü tanımadığı qondarma rejimin hansısa dövlət tərəfindən tanınacağından danışır.

Publika.az bildirir ki, "Baku Network" Ekspert Şurasının rəhbəri, fəlsəfə elmləri doktoru Elxan Ələsgərov Trend-ə deyib ki, Nalbandyan belə bir açıqlama verməklə Dağlıq Qarabağda yaşayan ermənilərin hüquqlarını pozub: "Bu insanlar öz müqqəddəratlarını özləri müəyyən etməlidirlər. İşğal olunmuş ərazilərdə yaşamaq qərarını ermənilər özləri seçim edərək verməlidirlər, bunu onların yerinə Nalbandyan etməməlidir. Amma göründüyü kimi, Nalbandyanın açıqlaması bu məqamlarla üst-üstə düşmür. Erməni nazir qondarma rejimin hansısa dövlət tərəfindən tanınacağından danışır. Bu, ATƏT-in Minsk qrupu çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı aparılan danışıqları pozur. Nalbandyanın açıqlaması bir daha göstərir ki, Qarabağda yaşayan ermənilər Ermənistanın əsiridir".

E.Ələsgərov bildirib ki, Qarabağda yaşayan ermənilər Azərbaycan dövlətində yaşamaq seçimini də edə bilərlər: "Ermənistanın tanımadığı qondarma rejimin tanınmasına çalışmaq Azərbaycan dövlətinin ərazi bütövlüyünü tanımamaq deməkdir: "Bu mövqe sülh danışıqlarının aparılması ilə bağlı göstərilən bütün səyləri pozmaqdır. Erməni nazirinin mövqeyi orada yaşayan insanları müstəqil seçim hüquqlarından məhrum edir".

Ermənistanın hərbi-siyasi rəhbərliyi öz hakimiyyətini qorumaq üçün davamlı olarq, təxribatlara əl atır. Nalbandyanın açıqlaması bu sırada yer alan addımların növbətisidir. Bu günlərdə cəbhədə törətdiyi təxribatlarla ötən ilin aprel hadisələrindəki məğlubiyyətini çıxa bilməyən Ermənistanın nazirindən belə bir açıqlama eşitmək çox başadüşüləndir. Ermənistan cəmiyyətinə hesablanmış bəyanatlar Sarkisyan hakimiyyətindən olan gözləntiləri boşa çıxarmamaq niyyəti daşıyır. Bu addım Ermənistan tərəfindən işğal edilmiş ərazilərdə hərbi təlimlərin keçirilməsi, hərbi mövqelərin və infrastrukturun möhkəmləndirilməsi səyləri, silah və hərbi texnikanın bu ərazilərə qanunsuz ötürülməsinin davamı olaraq, erməni təxribatının növbəti mərhələsidir.

Ermənistan tərəfi atəşkəs rejimini pozmaqda davam edir. 1994-cü ildə əldə olunmuş atəşkəs rejimi BMT TŞ-nin qətnamələri və Bişkek Protokoluna əsaslanır. Bu sənədlərdə münaqişə zonasında atəşin dayandırılması birmənalı şəkildə bütün hərbi fəaliyyətin dayandırılması, işğalçı qüvvələrin geri çəkilməsi, beynəlxalq sülhməramlı qüvvələrin yerildilməsi, kommunikasiyaların bərpası, məcburi köçkünlərin geri qayıtması və münaqişənin yekun həlli üçün danışıqların sürətləndirilməsi kimi məqsədlərlə əlaqələndirilib.

P.S. Nalbandyanın açıqlaması ilə bağlı Dağlıq Qarabağda yaşayan ermənilərin reaksiyası olmadı. Nalbandyanın mövqeyi ilə Ermənistan rəhbərliyi ATƏT-in Minsk qrupunu da tanımadığını bəyan edərək, işğalçı bir dövlət olduğunu özü təsdiqləmiş oldu.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>