Birinci vitse-prezident Milli Məclisdə vida çıxışı etdi - - YENİLƏNDİ
Bizi izləyin

Nida Xəbər

Birinci vitse-prezident Milli Məclisdə vida çıxışı etdi - - YENİLƏNDİ

Bu gün Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilir.

Bu gün Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilir.

Publika.az xəbər verir ki, parlamentin iclasında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevada iştirak edir.

Parlamentin sədri Oqtay Əsədov onu təbrik edib:

“Bildiyiniz kimi Mehriban xanımın çoxşaxəli fəaliyyəti var və bunun biri də Milli Məclisdi. Mehriban xanım 12 ilə qədər parlamentdə fəaliyyət göstərib. Bir sıra qanun layihələrinin müəllifi olub. Dörd Amnistiya Aktının təşəbbüskarı olub, 10 minlərlə insanın azadlığa çıxması üçün öz töhfəsini verib. Eyni zamanda, Mehriban xanım həm də Azərbaycan parlamentinin beynəlxalq əlaqələrinin möhkəmlənməsində iştirak edib. Mən əminəm ki, Mehriban xanım yeni dövlət vəzifəsində də xalqın millət vəkili olacaq. Mehriban xanımın bu çətin və şərəfli işində ona uğurlar arzulayırıq”.

Birinci vitse-prezident Mehriban Əliyeva isə Milli Məclisdə vida çıxışı edib. O bildirib ki, 10 ildən artıq parlamentin üzvü olub:

"Bu 10 ildən artıq Milli Məclisin üzvü olmağım mənim üçün böyük şərəf olub. Cənab Prezidentin sərəncamı ilə yeni vəzifəyə təyin olunmağımla əlaqədar Milli Məclisdəki deputat fəaliyyətimi dayandırıram. Ölkəmizdə keçirilən islahatlar və dövlətçiliyin inkişafına töhfələrini verən digər sahələrdə çalışmışam. Fəliyyətim dövründə insanlara yardım etməyə və edilən müraciətləri yerinə yetirməyə çalışmışam. Yeni təyin olunduğum vəzifədə də çalışacam ki, hər zaman insanlara kömək edim”.

Birinci vitse-prezident Azərbaycanda sağlam ailənin formalaşması və bu istiqamətdə risklərin azaldılması məqsədilə 2014-cü ildə nikaha daxil olmaq istəyən şəxslərin məcburi tibbi müayinədən keçməsi təşəbbüsü ilə çıxış etdiyini söyləyib:

“Həmkarlarımla ətraflı müzakirədən sonra Ailə Məcəlləsinə müvafiq dəyişikliklərin edilməsi haqqında qanun qəbul edildi. Mənim təşəbbüsümlə dünyada Azərbaycanı çoxmillətli, tolerant, çoxkonfessiyalı ölkə kimi tanıtmaq üçün bir çox tədbirlər keçirilib. Həmçinin, Heydər Əliyev Fondu tərəfindən Xocalı faciəsi haqqında hazırlanan nəşrlər bütün dünyaya yayılıb. Mən Milli Məclisdə 12 illik fəaliyyətimi böyük bir ömür məktəbi kimi qiymətləndirirəm. Bir millət vəkili kimi əldə etdiyim təcrübə əvəzsizdir. Vəzifəmdən, fəaliyyətimin istiqamətindən asılı olmayaraq, mən həyatda sadə prinsiplərə arxalanmışam. Vicdan, ləyaqət, mərhəmət və xoş niyyət, ədalət, qarşılıqlı hörmət Tanrının insana verdiyi ən ali, ən gözəl xüsusiyyətlərdir. Bu yüksək tribunadan mənə inanan hər bir insanı əmin etmək istərdim ki, gələcək fəaliyyətimdə də mənəvi dəyərləri üstün tutacağam. Azərbaycanın müstəqilliyinin qorunmasına, ölkəmizin hərtərəfli inkişafı üçün bütün gücümlə çalışacağam”.

Mehriban Əliyeva ona ünvanlanan təbriklərə də münasibət bildirib:

“Son günlər mənim ünvanıma soydaşlarımızdan təbriklər gəlir. Sadə insanlardan aldığım hər bir məktub, hər bir təbrik mənim üçün çox dəyərlidir. Səmimi ürək sözləri və dəstəklərə görə, hər birinə öz dərin minnətdarlığımı bildirirəm. Bu gün parlamentdə təmsil olunan qadın həmkarlarımı və bütün Azərbaycan qadınlarını qarşıdan gələn 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik edirəm. Mən sizin hər birinizə möhkəm can sağlığı, şəxsi həyatınızda xoşbəxtlik, işlərinizdə uğurlar arzulayıram. Bu illəri birlikdə keçirdiyimiz fəlaiyyətə görə, sizə dərin minnətdarlığımı bildirirəm. Ümidvaram ki, gələcəkdə də bizim əməkdaşlıq davam edəcək. Tanrı Azərbaycanı hər zaman qorusun!”.

Spiker Oqtay Əsədov isə deputatların adından Mehriban Əliyevaya təşəkkür edib:

“Hörmətli Mehriban xanım, biz hamımız sizin əhatəli və səmimi çıxışınıza görə minnətdarıq. Əmin olun ki, Milli Məclis deputatları olaraq, biz hər zaman sizin işlərinizə dəstək verəcəyik”.

Daha sonra Milli Məclisin deputatları – Siyavuş Novruzov, Fəzail İbrahimli və digər şəxslər çıxış ediblər.

Xatırladaq ki, Mehriban Əliyeva Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə ölkənin Birinci vitse-prezidenti vəzifəsinə təyin olunmasından sonra Milli Məclisdə deputatlıq fəaliyyətini dayandırıb.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm