Cocuq Mərcanlıda təmizlənmə işləri başa çatdı
Bizi izləyin

Nida Xəbər

Cocuq Mərcanlıda təmizlənmə işləri başa çatdı

Cocuq Mərcanlı kəndinin ərazisinin minalardan təmizlənməsi işləri başa çatdırılıb.

Cocuq Mərcanlı kəndinin ərazisinin minalardan təmizlənməsi işləri başa çatdırılıb.

Trend-in məlumatına görə, bunu Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov martın 9-da Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr olunmuş müşavirədə çıxışı zamanı deyib.

Ə.Həsənov qeyd edib ki, münaqişə ilə üzləşən digər ölkələrdən fərqli olaraq, Azərbaycanda problemin vahid mərkəzdən, sistemli şəkildə idarə olunması mexanizmi işlənib həyata keçirilir. Bu gün dünyada qaçqın və məcburi köçkün probleminin dövlət tərəfindən idarə olunmasından söz düşəndə, ilk növbədə, Azərbaycan nümunə göstərilir. Azərbaycanın BMT-nin Qaçqınların İşləri üzrə Ali Komissarlığının İcraiyyə Komitəsinin üzvü seçilməsi də bunun əyani ifadəsidir:

“Ötən müddətdə problemin əsl mahiyyətinin dünyaya çatdırılması məqsədi ilə iki beynəlxalq konfrans və iki geniş müşavirə keçirilib. Sahə ilə bağlı iki Dövlət Proqramı və ona iki əlavə təsdiq edilib. Dövlət Neft Fondunun vəsaiti hesabına müasir standartlara cavab verən, 3,2 milyon kvadratmetr sahəsi olan 95 yaşayış kompleksi tikilib, 50 min ailə və ya 250 min nəfərdən çox qaçqın və məcburi köçkün yeni mənzillərlə təmin olunub. Bu da iki Mingəçevir şəhəri deməkdir. Həmin qəsəbələrin 3,2 milyon kvadratmetr mənzil fondu Komitənin balansındadır və Komitə tərəfindən xidmət göstərilir. Yeni yaşayış məntəqələrində bütün texniki infrastrukturla yanaşı, 150 məktəb, 58 mədəniyyət mərkəzi, 59 uşaq bağçası, 58 tibb məntəqəsi, 2 olimpiya idman kompleksi və min kilometrlərlə yol, su, qaz, elektrik xətləri çəkilib. Bakı şəhərində və Abşeron rayonu ərazisində 3 qəsəbə, 9 məhəllə salınıb, 6500 ailə, 29 min nəfər yeni mənzillərə köçürülüb. Heydər Əliyev Fondunun bilavasitə təşəbbüsü və dəstəyi ilə Xırdalan şəhərində 600 məcburi köçkün üçün yeni yaşayış binası inşa edilib”.

Baş nazirin müavini bildirib ki, ölkəmizdə olan 12 çadır düşərgəsinin və dəmir yolu üzərindəki yük vaqonlarından ibarət qəsəbələrin ləğvi 2007-ci ildə, 16 fin tipli qəsəbənin ləğvi 2016-cı ildə başa çatdırılıb və məcburi köçkün ailələrinin yeni salınmış qəsəbələrə köçürülməsi təmin edilib:

“Son 13 ildə məcburi köçkünlərə aylıq yemək xərci üçün verilən müavinətin məbləği 4 dəfə, kommunal xidmətlərə görə vəsaitin miqdarı 4,5 dəfə artırılıb. Komitə tərəfindən məcburi köçkünlərə sosial müavinət və kommunal xidmət xərclərinə görə ödənişlərin təkmilləşdirilməsi, vahid elektron hökumət portalının yaradılması nəticəsində son 5 ildə, statusları saxlanılmaqla, bəzi təmin olunmuş məcburi köçkünlərə imtiyazların tətbiqi dayandırılıb. 2010-cu illə müqayisədə aylıq yemək xərci müavinəti alan məcburi köçkünlərin sayı 34 min nəfərədək azaldılıb. Yəni, söhbət təmin olunmuşlardan gedir”.

Dövlət Komitəsinin sədri deyib ki, dünyada maliyyə problemlərinin hökm sürdüyü bir zamanda, Prezidentin tapşırığına əsasən, 2016-cı ildə Dünya Bankı ilə məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması, gəlir imkanlarının dəstəklənməsi komponentlərini özündə əks etdirən 78,5 milyon ABŞ dolları dəyərində yeni Saziş imzalanıb. Məcburi köçkünlərin məşğulluğunun artırılması məqsədi ilə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 2 min nəfər məcburi köçkün sahibkara 40 milyon manat güzəştli kredit verilib, 3600 yeni iş yeri yaradılıb:

“Münaqişənin davam etdiyi bir dövrdə hərbi vətənpərvərlik tərbiyəsi xüsusi önəm kəsb edir. Üç il əvvəl apardığımız təhlil nəticəsində müəyyən olundu ki, əraziləri işğal edilmiş rayonlardan ali hərbi məktəblərdə cəmi 30 nəfər təhsil alır. Prezidentə mövcud vəziyyət məruzə olundu və tapşırığına əsasən həyata keçirilmiş tədbirlər nəticəsində bu gün bu rəqəm 10 dəfə artaraq 300 nəfərə çatıb. Orta məktəb məzunları arasında ali məktəblərə qəbul da ilbəil artır. Təkcə keçən il orta təhsili başa vuran və sənəd verən məcburi köçkünlərdən 3600 nəfəri, yaxud 35 faizi tələbə adını qazanıb. Bu da ümumrespublika göstəricisi ilə müqayisədə yaxşı nəticədir”.

Ə.Həsənov vurğulayıb ki, həyata keçirilmiş tədbirlər nəticəsində məcburi köçkünlər arasında yoxsulluq həddi son 13 ildə 75 faizdən 12 faizədək azalıb. 2016-cı ildə hər bir məcburi köçkünə 750 manat vəsait sərf olunub ki, bu da münaqişə ilə üzləşən digər ölkələrlə müqayisədə xeyli çoxdur:

“Ümumilikdə, qaçqınların və məcburi köçkünlərin problemlərinin həllinə 6,2 milyard manatdan çox vəsait sərf olunub. Ondan 2,8 milyard manatı dövlət büdcəsinin, 2 milyard manatı Dövlət Neft Fondunun, 1,4 milyard manatı isə beynəlxalq maliyyə qurumları və ölkəmizdə fəaliyyət göstərən beynəlxalq humanitar təşkilatların vəsaitidir. Görülmüş bütün işlərin və sərf olunmuş vəsaitlərin 90 faizi Prezidentin son 13 ildəki prezidentlik fəaliyyəti dövründə icra edilib”.

Baş nazirin müavini qeyd edib ki, hazırda respublika üzrə 80 min ailə və ya 340 min məcburi köçkünün mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyac var: “Hazırda respublika üzrə 636 min məcburi köçkündən 217 min nəfəri, yaxud bütün məcburi köçkünlərin 35 faizi Bakı şəhərində müvəqqəti məskunlaşıb. Paytaxtımızda kompakt məskunlaşma obyektlərində 41 min ailə, o cümlədən 14 min ailə yataqxanalarda, 5 min ailə ictimai binalarda, 4 min ailə sanatoriya, pansionat, turbazalarda, daha 4 min ailə tikintisi yarımçıq binalarda, 2 min ailə təhsil müəssisələri və uşaq bağçalarında yaşayır. Bura texniki peşə məktəbləri də daxildir. Həmçinin istismar müddətini başa vurduğundan tam yararsız, qəzalı vəziyyətə düşmüş 117 obyektdə 8 min ailə və ya 35 min nəfər məcburi köçkün yaşayır. Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılmış müayinə və tərtib olunmuş arayışlarda həmin obyektlərdən 44-də təxirəsalınmaz tədbirlərin görülməsinin və orada yaşayan 4 min ailənin, 16 min məcburi köçkünün köçürülməsinin zəruriliyi bildirilib”.

O əlavə edib ki, respublika üzrə 4000 ailə və ya 18 min məcburi köçkün uzun illər yerli sakinlərə məxsus mənzillərdə yaşayır: “Ağır şəraitdə yaşayan məcburi köçkün ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə bəzi tədbirlər görülür. Bu il Tərtər rayonunda 1170 ailəlik qəsəbə tikilir. Bakı şəhəri və ətraf ərazilərdə mövcud qəsəbələrdəki boş torpaq sahələrində 260 ailəlik 4 yaşayış binasının tikintisi üçün maliyyə məsələləri həll olunub, inşaat işlərinə başlanılıb və oraya 2 qəzalı binada yaşayan məcburi köçkünlərin köçürülməsi təmin olunacaq. Bakı şəhərində və ətraf qəsəbələrdə - Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi yaxınlığında 800, Pirallahı rayonu ərazisində 330, habelə Sumqayıt şəhərində 2900 məcburi köçkün ailəsindən birinci mərhələdə 1000 ailə üçün yeni yaşayış komplekslərinin tikintisi məqsədilə müvafiq torpaq sahələri ayrılıb və layihələndirmə işləri həyata keçirilir. Təbii ki, bunlar kifayət deyil”.

Ə.Həsənov bildirib ki, son 13 ildə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi nəticəsində 380 min əmək qabiliyyətli məcburi köçkündən 200 min nəfəri büdcə təşkilatlarında və digər sahələrdə daimi işlə təmin olunsa da, hələ 161 min nəfərin daimi işlə təmin edilməsinə ehtiyac var. Mövsümi işlərlə birlikdə 400 min nəfərə qədər işlə təmin olunub:

“Bu məqsədlə məcburi köçkünlər üçün yeni salınmış qəsəbələrdə yeni iş yerlərinin yaradılması, kənd təsərrüfatı məhsullarının, meyvə-tərəvəzin ilkin emalı, meyvə şirələrinin istehsalı, kiçik sexlərin yaradılması, yun tədarükü, satışı müəssisələrinin təşkil olunması, üzümçülük, toxuculuq, heyvandarlığın inkişafına diqqətin artırılması prioritet məsələ olaraq qalır”.

Dövlət Komitəsinin sədri deyib ki, Azərbaycan Prezidentinin sərəncamına əsasən, Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində birinci mərhələdə 50 fərdi yaşayış evinin, məktəb binasının və müvafiq infrastrukturun tikintisi nəzərdə tutulur:

“Böyük Qayıdışın başlanğıcı hesab edilən Cocuq Mərcanlı kəndinin ərazisinin minalardan təmizlənməsi işləri başa çatdırılıb. Kəndin bərpası ilə bağlı layihələndirmə işləri yekunlaşıb, yaşayış evlərinin, orta məktəb binasının tikintisinə başlanılıb. Eyni zamanda, Cocuq Mərcanlı kəndinə gedən, ümumi uzunluğu 9 kilometr olan avtomobil yolunun tikintisi həyata keçirilir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm