Tarixçi alimdən Çingiz Qacara CAVAB: “Bir az qalsa deyəcəklər ki, ermənilərdən sarı darıxırıq”
Bizi izləyin

Nida Xəbər

Tarixçi alimdən Çingiz Qacara CAVAB: “Bir az qalsa deyəcəklər ki, ermənilərdən sarı darıxırıq”

Çingiz Qacara hörmətim tamamilə yoxa çıxdı.

Tarixçi alim Dilavər Əzimli Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) alimi, fizika-riyaziyyat elmləri doktoru, akademik Çingiz Qacarın “Azərbaycanın ən böyük düşməni türklər olub” fikirlərinə cavab verib.

D.Əzimli Publika.az-a açıqlamasında deyib ki, Çingiz Qacar tarixçi olmaya-olmaya tarixi məsələlərdən danışaraq, özünü pis vəziyyətə salıb:

“Çingiz Qacarın Qacarlarla bağlı kitablarını oxumuşam və buna görə ona hörmətim var idi. Ancaq onun türklər haqqında söylədiyi fikirlər Çingiz Qacarı gözümdən salıb. Mənə elə gəlir ki, Çingiz Qacar tarixi bilmədiyi üçün bu səhvi edib. Çünki elə adamlar var ki, bilərəkdən hər hansı qüvvələrin istəklərini yerinə yetirirlər. Amma mənə elə gəlir ki, Çingiz Qacar türklər haqqında fikirləri tarixi yaxşı bilmədiyi üçün söyləyib. O, babalarının yoluna sadiq qalaraq, onlar haqqında kitab yazmaqla məşğuldur. Ona görə də həmin dövrlərdəki proseslərə babalarının dövrünə aid bir tərəfli materiallar əsasında münasibət bildirir. O, Avropa, Rusiya və İran tarixşünaslığının ortaya qoyduğu kitablarda yazılan materiallardan istifadə edərək, türklər haqqında fikirlər söyləyir. Ona görə də onun müasir tarixşünaslıqdan xəbəri yoxdur”.

Tarixçi alim qeyd edib ki, tarixi bilməyənlər tarixdən danışanda dövlətçiliyə də ziyan vururlar. Çingiz Qacara hörmətim tamamilə yoxa çıxdı. İnsan da bu qədər rusdüşüncəli olarmış! Bu adamda Türkiyəyə qarşı nə böyük nifrər vardır. Vay halımıza ki, belə akademikilərimiz var. Görün, Azərbaycan elmini kimlər təmsil edir? Bunlar xaricdə bu cür danışırlarsa, onların bir ermənidən və ya rusdan, farsdan fərqi yoxdur. Bunlar erməni dəyirmanına su tökürlər. Bir az qalsa deyəcəklər ki, Bakıda yaşayan ermənilərdən sarı darıxırıq. Bu millətə nə qədər asi olanlar var. Mərhum Heydər Əliyev deyirdi ki, Türkiyə ilə biz bir millət, iki dövlətik. Cənab İlham Əliyev Türkiyənin ən ağır durumunda Rusiyaya səfərini təxirə salıb, Türkiyəyə getdi. Xarici görüşlərin birində Ərdoğan olmayanda daşnak Sarkisyanın Türkiyəyə qarşı hücumuna cavab verərək bildirdi ki, Ərdoğan burada yoxdur, mən burdayam. Bununla demək istəyirəm ki, dövlət başçısı bu cür münasibət bildirdiyi halda, bir də görürsən ki, ya Milli Məclis nümayəndəsi, ya da ki, hansısa bir akademik Türkiyəni, türklüyü aşağılayır. Bunlara cavab verməkdən də adam bezir. Fikrimizcə, bu cür insanlara qarşı hansısa addımlar atılmalı, onlar haqqında çalışdıqları təşkilatlarda ictimai qınaq olmalıdır. Yəni, xəbərdarlıq edilməlidir”.

D.Əzimli vurğulayıb ki, bütün erməni saytları Arif Rəhimzadə kimi, Çingiz Qacarı da “qəhrəman” edəcəklər:

“Axı bunlar kimə xidmət edir? Bu qədər də rusdüşüncəli olmaq olarmı? Bunlar siqnalı yenə də dənizdən gözləyirlər. Bizim içimizdə nə qədər düşmən və xain var imiş! Allah bizləri bunlardan qorusun!”.

O, söyləyib ki, tarix hər zaman yenidən yazılan elmdir: “Bizim tariximizi çox zaman güclü və qalib dövlətlər öz maraqlarına uyğun olaraq yazıb. Bizim insanlar da onların yazdıqlarını oxuyub, nəticə çıxarıblar. Çingiz Qacarın çıxardığı nəticələr də məhz buna söykənir. İmperialist dövlətlər türk dövlətlərini bir-birindən ayırmaq üçün daim bu kimi addımlara əl atıblar”.

D.Əzimli həmçinin bildirib ki, “azərbaycanlı” sözünü ilk dəfə Stalin siyasiləşdirib: “Vaxtilə Azərbaycan Sovet Türk Cümhuriyyəti adlanırdı. Stalinin vaxtında “türk” sözü çox işlənirdi. Bir dəfə Stalin qərar verdi ki, “Azərbaycan” adının yanında “türk” sözünün işlənməsinin qarşısını almaq lazımdır. Stalin əmr verdi ki, bundan sonra “türk” əvəzinə “azərbaycanlı” sözü işlədilsin. Həmin vaxtdan sonra da “azərbaycanlı” sözü işlənməyə başladı. İlk dəfə “azərbaycanlı” sözünü siyasiləşdirən Stalin olub. Siyasi mənada birmənalı şəkildə “azərbaycanlı” ifadəsi Stalinin əməyidir. Əsas məqsəd də azərbaycanlıları türklərdən ayırmaq, fərqləndirmək idi”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm