Rafiq Turabxanoğlu: “Rus kəşfiyyatı tərəfindən “verbovka” olunmaq üçün sino gedirdim” - - MÜSAHİBƏ
Bizi izləyin

Nida Xəbər

Rafiq Turabxanoğlu: “Rus kəşfiyyatı tərəfindən “verbovka” olunmaq üçün sino gedirdim” - - MÜSAHİBƏ

Müharibələr dünyada insanların sayını azaltmaq üçün törədilir.

Azərbaycan Xalq Demokrat Partiyasının rəhbəri, 1992-ci ildə prezidentliyə namizəd olmuş Rafiq Turabxanoğlunun Publika.az-a müsahibəsi:

“Müharibələr dünyada insanların sayını azaltmaq üçün törədilir”

- Ölkədə ayrı-ayrı tanınmış şəxslər və ziyalılar tərəfindən tarixi şəxsiyyətlərə və türkçülüyə qarşı mənfi fikirlər söylənilir. Sizcə, bütün bunların qaynağı nədir?

- Bu məsələlərlə bağlı mən bir neçə dəfə izahlar vermişəm. Burada ziyalılarımızı qavraya bilmədiyi əsas çətinlik yağmalama mədəniyyəti ilə bağlıdır. Ümumiyyətlə, insanın formalaşıb yaşaması üçün kəşf etdiyi bir məsələ var ki, bunun da adı “yağmalama mədəniyyəti”dir. Yağmalama mədəniyyətinin ən ali forması müharibədir. İkinci Dünya Müharibəsindən sonra Avropa alimləri “müharibə lazım deyil” düşüncəsinin doğru olmadığını ortaya qoyub. Çünki dünyada baş verən müharibələr, yağmalama mədəniyyəti və sairə əhalinin sayını azaltmaq üçün törədilir. Yer kürəsində insan artımı ilə onun gündəlik tələbatı bir-birinə uyğun olmalıdır. Əgər bu uyğunsuzluq pozulursa, o zaman əlavə yollar düşünülür. Mən bu məsələ ilə bağlı məqalələr də yazmışam. İnsanlar yarandığı gündən bəri müharibələrlə üzləşirlər. Hətta müharibələr, yağmalama mədəniyyəti tarixən bizlərə aşılanıb. Dədə Qorqud isə yağmalama mədəniyyətinin bütün mahiyyətini ortaya qoyub. Mənə görə, “Dədə Qorqud” dastanı dünyada olan bütün müqəddəs kitabların ən alisidir. Sonradan isə Yer üzündə yaşayan insanların sayını tənzimləmək üçün dinlər yaranıb. Ancaq dinlər də bunu tənzimləyə bilmədiyi üçün müharibələr, yağmalama mədəniyyəti baş verib. Bu gün dünyada mövcud olan sünni-şiə davalarının, münaqişələrin, müharibələrin kökündə elmi mənada insan artımının qarşısını almaq dayanır. Bu mənim kəşfim deyil. Əsrlər əvvəl tanınmış ingilis alimi Tomas Maltus öz nəzəriyyəsi ilə sübut edib ki, Yer kürəsi bu qədər insanı doyuzdura biləcək qədər zəngin ehtiyatlara malik deyil. Çünki insan həndəsi, maddi nemətlər isə ədədi silsilə ilə artır. Ona görə də mütləq müharibələr baş verməlidir.

Buna görə də Fazil Mustafa, Sərdar Cəlaloğlu və digər bu kimi şəxslər anlamırlar ki, Şah İsmayıl Xətai ilə Sultan Səlim arasında baş verən müharibənin əsas səbəblərindən biri məhz bu amildir. İndi bizim bəzi adamlar yazırlar ki, türk dövlətləri bir-biri ilə müharibə edib və sairə. Bəs nə etməli idi? Maddi nemət və münbit torpaq çatışmayanda, başqa yol qalmırdı. Bu məsələ ilə bağlı çoban ayrı cür düşünə bilər. Ancaq ziyalılar həqiqəti bilməlidir. Bilmirlərsə, çox böyük eyibdir. Şah İsmayıl Xətainin, Sultan Səlimin, Əmir Teymurun və digər hökmdarların başlatdığı müharibələrin kökündə əsas səbəb kimi bu dayanırdı. Kimsə durub deyə bilər ki, Koroğlu insanlıqdan uzaq adam olub və sairə. Çünki Koroğlu “leşi leş üstə qalamaq gərək” deyirdi. İndi bəzi ziyalılar haradasa nə isə oxuyur, sonra durub deyir ki, Şah İsmayıl bu cür adam olub. Amma bunun kökünü qəti anlamır. Kökünü araşdırmaq lazımdır ki, Şah İsmayıl Xətai niyə belə edib və sairə. Şah İsmayılın qanından xristian qanın axması barədə fikirlər də doğru deyil. Bütün bunları ancaq genetiklər, bioloqlar bilə bilər. Ona qalsa, Stalinin qanında gürcü qanı var idi, amma o boyda SSRİ-nin rəhbəri idi. Şah İsmayıl Xətai, Babək, Sultan Səlim və digər bu cür tarixi hökmdarlara qarşı aşağılayıcı fikirlər söyləmək olmaz. Bizim ən ali rütbələrimiz bu şəxslər olub. Arif adamlar üçün bu cür dedi-qodular küçə söhbətləridir. Sultan Səlim və Şah İsmayıl çox gənc yaşlarında sultan, şah olublar, böyük ərazilərə sahibləniblər. Bu hökmdarlar haqqında mənfi fikirlər söyləmək eyibdir.

“Azərbaycanda türk tarixçisi ola bilməz”

- “Biz türkük, yoxsa azərbaycanlı” ifadəsi nə dərəcədə doğrudur?

- Bir neçə il öncə yazmışdım ki, Azərbaycanda türk tarixçisi ola bilməz. Hörmət etdiyim və tanınan tarixçilərdən bir neçəsi zəng edib mənə etirazlarını bildirdilər. Mən də dedim ki, daha Sovetlər İttifaqı dövrü başa çatıb, imkan verin olanları açıq deyək də! Əgər sən Azərbaycan tarixçisisənsə, sənin içərində bir senzura var. Yəni, sən azərbaycanlısan. Azərbaycan bir dövlətdir, bu dövlətin vətəndaşı kimi səndə azərbaycanlı senzurası var.

Mənim təşəbbüsümlə 1993-cü ildə Türk dünyasının Azərbaycanda qurultayını keçirirdik. Qonaqlardan bəziləri bizə narazılıq etdilər. Dedilər ki, nə üçün çeçenlər, osetinlər və digər xalqlarla bağlı heç yerdə türk olmaları barədə geniş təbliğat aparılmır. Mən isə onlara bildirdim ki, bizim bölgədə üç qatar mövcuddur. Onlardan biri slavyan, biri türk, biri isə ərəb qatarıdır. Burada dördüncü qatar mövcud deyil. Şərqə getsək, orada hind, Çin, Qərbə getsək isə ingilis, fransız, alman qatarları ilə rastlaşacağıq. Dedim ki, siz adınızı nə qoyursunuzsa, qoyun, azsaylı xalqsınız. Siz dünya çapına çıxmaq üçün adınızı türk qoymalısınız. Qurultayda Zəlimxan Yandarbiyev də iştirak edirdi. Mənim bu fikirlərimdən dərhal sonra ayağa qalxıb bildirdi ki, Bakıya çeçen kimi gəlib, Çeçenistana türk kimi qayıdır. Yəni hər birimiz türkük, kimlik olaraq isə azərbaycanlıyıq.

- Sizcə, sünni-şiə məsələsinin tez-tez qabardılması məqsədli şəkildə həyata keçirilir?

- Görünür, sünni-şiə məsələsini tez-tez qabartmağa ehtiyac var. Dediyim kimi, Yer kürəsində insanların sayının azalmasına çalışan dairələr müharibələrin olmasını istəyirlər.

- Kimlərdi axı onlar?

- Təbii ki, dünyanı idarə edənlər. Yer kürəsində əhalinin sayını tənzimləmək üçün çalışırlar. Ona görə də Avropa Birliyi ölkələrində demoqrafik siyasət aparılır, əhalinin sayı azaldılır. İndi Avropa həmin problemi həll edib və balansı yaradıb. Daha bizim kimi çox övladlılığa görə dövlətdən pul almırlar. Uşağın sayının çox olması yalnız işçi qüvvəsi kimi faydalıdır.

- Əhaliyə necə demək olar ki, ailədə uşaqların sayını azaldın?

- Onu demirsən. Məgər Qərbi Avropada deyirlər? Qərb kefindən Qərb olmayıb. 16-17-ci əsrlərdə Qərbi Avropanın təfəkkürü indi bizim təfəkkürümüzdən dəfələrlə pis idi. Amma başbilənləri bir araya gəlib, çıxış yolu tapdılar. Ona görə də Qərbi Avropada əhalinin sayı azdır.

Qonşu İrana baxın. Orada da çoxuşaqlı ailələr dəbdir. Bu problem ən çox müsəlman ölkələrində olduğu üçün bu gün müharibələr və münaqişələr də məhz bu coğrafiyada baş verir.

“Donald Trampı həmin şəbəkəni dağıtmaq üçün hakimiyyətə gətiriblər”

- Əlinizdə olsaydı, demoqrafik siyasət istiqamətində hansı qərarlar qəbul edərdiniz?

- Elə edərdim ki, Avropadakı kimi bizdə də azuşaqlı ailələr daha çox olsun.

Tam əminəm ki, ABŞ-ın yeni prezidenti Donald Tramp elə-belə yerə hakimiyyətə gəlməyib. O biznesmen adamdır. Özünə qalsaydı, onun prezidentlik nəyinə lazım idi? Son illər Avropa Birliyi və ABŞ miqrantlara yardım üçün çox böyük vəsait xərcləyir. Həmin miqrantların içərisində isə bir qrup şəbəkə var ki, onlar Qərb dövlətlərində inqilablar və kütləvi iğtişaşlar həyata keçirə bilir. İndi Donald Trampı həmin şəbəkəni dağıtmaq üçün hakimiyyətə gətiriblər.

“Ərdoğan çox böyük risk edərək, referenduma gedir”

- Millətçi kimi tanınırsınız. Türkiyədə baş verən prosesləri izləyirsinizmi?

- Mənim Türkiyədə ən çox təmasda olduğum adam rəhmətlik Alparslan Türkeş olub. Onunla yoldaşlığımız və dostluğumuz var idi.

Vaxtilə xarici qüvvələr Türkiyədə konstitusiyanın dəyişdirilməsinə imkan vermədilər. Kim risk edirdisə, onu ordunun əli ilə devirirdilər. İndi prezident Rəcəb Tayyib Ərdoğan çox böyük risk edərək, referenduma gedir. Ərdoğan Türkiyənin böyüməsini canı ilə istəyən güclü liderdir. Əminəm ki, aprelin 16-da Türkiyədə keçiriləcək referendumda Ərdoğan qalib gələcək.

“Əbülfəz Elçibəy Turqut Özalın təklifinə razı olmadı”

- Sizin türküçülüklə bağlı ideologiyanız var idi. Həmin ideologiya bu günlə uzlaşırmı?

- Əlbəttə ki, uzlaşır. Mən tez-tez özümə sual verirəm ki, Cəlil Məmmədquluzadə, Məhəmməd Əmin Rəsulzadə və digərləri elə-belə adamlar olmayıb. Bəs bunlar nə üçün güclü dövlət qura bilməyib? Mən hər zaman bununla bağlı səbəbləri axtarmışam. Ötən əsrin 90-cı illərində nə fikirlər söyləmişəmsə, bu gün də üzərində dayanıram. İrəli sürdüyüm ideologiya bu günümüzə tam uyğundur.

Mən 1992-ci ildə türkçülüklə bağlı konsepsiya irəli sürmüşdüm. Həmin konsepsiya belə idi ki, BMT-nin qərarı ilə xristianların Vatikan mərkəzinə bənzər olan Turan mənəvi dövləti yaradılmalıdır. Bu dövlət isə bütün türk dövlətlərinin “beyin mərkəzi” rolunu oynamalı idi.

1993-cü ildəki qurultaya qədər rəhmətlik Əbülfəz Elçibəydən savayı heç kəsin bu fikirdən xəbəri olmamışdı. Ancaq o zaman rəhmətlik Turqut Özal təklif etdi ki, gəlin həmin mərkəzi Türkiyədə quraq, mən parlamentdən qərar da çıxartdırım, İstanbul boğazından gələn vergilərdən həmin mərkəzin saxlanılmasına vəsait ayrılsın. Rəhmətlik Əbülfəz Elçibəy isə buna razı olmadı. Bildirdi ki, o mərkəz Qafqazda qurulmalıdır. Turqut Özal cavabında bildirmişdi ki, siz Vatikan deyirsiniz, ancaq Vatikan ona görə güclüdür ki, o İtaliya kimi güclü dövlətin daxilində yerləşir. Gəlin bu mərkəzi Türkiyədə yaradaq. Çox təəssüf ki, rəhmətlik Əbülfəz Elçibəy buna razı olmadı. Mən bu konsepsiyanı çox yaxşı işləmişdim, ancaq reallaşdırmağı bacara bilmədik.

- Millətçiliyin zəif olmasının səbəbini nədə görürsünüz?

- Əslində biz millət kimi zəif deyilik. Millət kimi əvəzsiz millətik. Sadəcə olaraq kütləviləşə bilmirik. Kütləvi milli konsepsiya qəbul oluna bilmir. Bu da bir-iki nəfərdən asılı olan məsələ deyil. Bunun üçün şərait yaranmalıdır, insanlara azadlıq verilməlidir, tənqidlərə dözməlisən.

düşüncələrində də problem çoxdur. Misal üçün, mən yazıram ki, azərbaycanlıdan türk tarixçisi ola bilməz. Ziyalı da buna əsəbiləşib deyir ki, niyə belə yazırsan, mənim araşdırmalarım var və sairə. Bunun kökünə getmək lazımdır. Dünya mədəniyyəti nədir, mənim muğamım haradan gəlir, niyə mənim şerim bu cürdür, Avropada niyə bu əsərlər var, bizdə yoxdur və sairə. Bütün bunlar araşdırılmalıdır, suallara cavab tapılmalıdır. Ona görə də ziyalılar bir şey oxuyub, tarixi şəxsiyyətlər haqqında yanlış fikirlər səsləndirir.

“Bəzi ziyalıların çörəkləri kimisə dəstəkləməkdən çıxırdı”

- 1992-ci ildə prezident seçilsəydiniz, nələrə üstünlük verəcəkdiniz?

- Saakaşvilidən də çox demokratik şərait yaradardım. O dövrdə xalqımız da buna hazır idi. Əslində, Saakaşvili bəlkə də başqa ölkədə bunu edə bilməzdi. Ona görə buna nail oldu ki, Gürcüstanda güclü və uzaqgörən ziyalılar var idi. Ancaq bizdə bu zəif idi. Hətta, bəzi ziyalılarımız buna çörək yeri kimi baxırdı, bəzilərinin çörəkləri kimisə dəstəkləməkdən çıxırdı. Axırda da Əbülfəz Elçibəyə nə münasibət göstərdilər, bəlli oldu.

- Onun yerində olsaydınız, sizə qarşı da olacaqdı də...

- Yox, mənə xəyanət edə bilməzdilər. Çünki mən dünyada nələr baş verdiyini yaxşı bildirdim. Heç zaman qarşıdurmaya getməzdim. Yəni, heç zaman deməzim ki, “nə çalırsınız çalın, mən “Heyvagülü” oynayacam”. Səni hakimiyyətə gətirmişdilərsə, ağıllı xidmət etməli idin.

- Kim gətirirdi, xalq, yoxsa xarici dövlətlər?

- Həm xalq, həm də xarici dövlətlərin razılığı olmalı idi. Xaricin razılığı olmasaydı, səni kim idi prezident edən?

“Mixail Qorbaçov belə Elçibəyi dəstəkləyirdi”

- Düşünürsünüz ki, rəhmətlik Əbülfəz Elçibəyi xalq gətirməmişdi?

- Bəli. Xarici dövlətlərin razılığı olmasaydı, Əbülfəz Elçibəy prezident olmazdı. Elçibəyə həm Avropanın, həm Rusiyanın, həm də Türkiyənin dəstəyi var idi. Ancaq sonradan Rusiyada gedən proseslər istiqamətini dəyişdi və ona qarşı olan qüvvələr hakimiyyətə gəldi. Mixail Qorbaçovun özü belə Elçibəyi dəstəkləyirdi. Dəstəkləyirdi deyəndə ki, ümumi proses gedirdi və bu prosesdə ən yaxşısı bu adam idi. O vaxtı çox belə söhbətlər oldu. Mən prezidentliyə namizədliyimi elə-belə verməmişdim ki! İki günün içərisində namizədliyim irəli sürüldü. Məni də həm Avropa, həm də Rusiya dəstəkləyirdi. Mənim haqqımda Avropa Rusiyadan məlumat öyrənirdi. Çünki haqqımda keçmiş “KQB” arxivlərində məlumatlar var idi. Hakimiyyətə gəlmək üçün mütləq xarici dövlətlərin dəstəyi olmalı idi. Başqa cür sən kimsən?

“Rusiyanın istəyi ilə prezidentliyə namizəd olmuşdum”

- Deyirsiz ki, sizin də namizədliyinizi Avropa və Rusiya dəstəkləyirdi. Konkret olaraq kimlər idi?

- Prezidentliyə namizəd olduğum ərəfədə müavinim İqbal Həsənəlizadə mənə dedi ki, bizə çıxıblar, deyirlər ki, mütləq Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin ikinci katibi Viktor Polyaniçko ilə görüşək. Mən də onun evində görüşdüm. Polyaniçko mənə dedi ki, Azərbaycanda keçiriləcək prezident seçkiləri çox vacib məsələdir və sənin seçkilərdə namizədliyini irəli sürməyini istəyirik. Sonra mən bu təklif barəsində Əbülfəz Elçibəyə məlumat verdim. O da mənə dedi ki, yubanmadan seçkilərə qatıl. Çünki Əbülfəz Elçibəy də prosesdən xəbərdar idi. Bir neçə günün ərzində mənim namizədliyim həll olundu və prezidentliyə namizəd oldum.

Həmin gün axşam dövlət televiziyasında namizədlər üçün debat olacaqdı. Ancaq günorta Şuşanı boşaltdılar və 40 gün matəm elan edildi. Buna görə də namizədlərin debatı dayandırıldı. O zaman mənə tam aydın oldu ki, Azərbaycan üzərində böyük oyunlar gedir.

“Xalq Hərəkatının üzvlərinin hamısı “qurbanlıq keçi” idi”

- Bəs Ayaz Mütəllibov kimin adamı idi?

- Əslində, Ayaz Mütəllibov heç bir oyuna getmək istəmirdi. Əbdürrəhman Vəzirov isə gedirdi. Bəs Əbdürrəhman Vəzirovu kimlər və niyə qovdu? Çünki Əbdürrəhman Vəzirov çıxıb televiziyada xalqı açıq şəkildə barmağı ilə təhqir etmişdi.

Bundan başqa, 1988-ci ilin Xalq Hərəkatına da Əbdürrəhman Vəzirov bilərəkdən özü göz yummuşdu. Çünki o ümumi oyunu və məqsədi bilirdi. Ermənilərlə azərbaycanlılar arasında münaqişəni alovlandırmaq üçün Azərbaycanda xalq hərəkatlarına imkan yaradırdı. Göstərmək istəyirdilər ki, guya Azərbaycanda da xalq etirazlara qalxır və sairə. Əslində, xalq yox idi, sadəcə olaraq onu təşkil etmişdilər. Bu oyuna isə Sumqayıtda start verilmişdi.

Sonradan Ayaz Mütəllibovu da devirdilər. Ancaq burada Əbülfəz Elçibəyin təqsiri yox idi, ümumi proses gedirdi. Əsas məqsəd isə müharibə yaratmaq, bu müharibələr nəticəsində insanların ölməsi idi. Sadəcə olaraq gördülər ki, Azərbaycanda xalq hələ yetişməyib, ona görə də ərəblər kimi bizdə kütləvi insan qırğınları yarada bilmədilər.

Mənim tatar-çeçen dostlarım var. Onlar hər dəfə gileylənib, deyirdilər ki, siz SSRİ-dən tək ayrılıb düzgün iş görmədiniz, bizi tək buraxdınız, gərək gözləyəydiniz, bir yerdə ayrılardıq və sairə. Biz onlara söz vermişdik ki, rusun əsarətindən bir yerdə qurtulacağıq. Ona görə də çeçenlər, tatarlar bizə dəstək verirdilər.

Yəni, demək istəyirəm ki, əslində Xalq Hərəkatının üzvlərinin hamısı “qurbanlıq keçi” idi. O dövrdə Rusiyanın və digər dövlətlərin agentura şəbəkəsi, institutları işləyirdi, Xalq Hərəkatı üzvlərindən kimin hansı işə yaraması barədə götür-qoy edirdilər. Ona görə də Əbülfəz Elçibəyə imkan verdilər ki, prezident olsun. Elçibəyi xalq içində lider etmək də xarici dairələrin istəyinə uyğun idi. Çünki o dövrdə lider olaraq tanınacaq adam lazım idi. Bir dənə Sürət Hüseynov özü də bilmədən oyunun içinə girmişdi. Bəlkə də hələ də bilmir ki, qazanda qaynayan nə idi. Mən çox istəyirəm ki, bütün bu faktların üstü açılsın.

“Rəsul Quliyev mənim dəstəmdə olan adam idi”

- Bəs Rəsul Quliyevlə tanınlığınız necə olub?

- Bilirsiz ki, Dövlət Təhlükəsizlik Komitəsi (“KQB”) tərəfindən 1967-1968-ci illərdə həbsdə saxlanılmışam. Ötən sərin 60-cı illərində mənim tələbə hərəkatım var idi. Rəsul Quliyev də mənim dəstəmin üzvü idi. O, ayıq-sayıq adamdır. Ümumiyyətlə, 60-cı illərdə tutulan uşaqlardan heç birini “KQB” “verbovka” edə bilmədi. Həmin dəstə üzvləri arasında Rəsul Quliyev də var idi.

1967-ci ildə məni də həbs etmişdilər. Ancaq “KQB” nədənsə məni “verbovka” etmədi. Halbuki, mən hər zaman “verbovka” olunmaq üçün sino gedirdim. Hətta, “KQB”yə ərizə ilə müraciət də etmişdim. Deyirdim ki, nə desəniz edərəm, amma gəlin Leninin yazdığı qanuna uyğun addım ataq. Nə isə mənə inanmırdılar. Soruşurdular ki, Lenin nə yazıb, hansı qanuna uyğun addım ataq? Mən deyirdim ki, köləlikdən azad olmaq istəyən istənilən adama kömək edilsin. Mən də Cənubi Azərbaycanda yaşayan soydaşlarımızın köləlikdən azad olunmasını istəyirəm. Gəlin əl-ələ verək, bu məsələni həll edək. Onlar da mənə deyirdilər ki, səndən kommunist olmaz. Bunun üstündə məni həbs etmişdilər.

“Mənim kimi adamlar parlamentdə otura bilməz”

- Prezidentliyə keçmiş namizədlərin əksəriyyəti sonradan Milli Məclisə deputat seçildi, müxtəlif vəzifələrə təyin olundu. Bəs siz niyə fəal siyasətdən getdiniz?

- Mən Qubadlı rayonunda doğulmuşam. Hazırda Qubadlı erməni işğalı altındadır. Mənim üçün atamın məzarı düşmən işğalı altında qala-qala deputat olmaq mümkünsüz addımdır. Ona görə də çalışmadım ki, deputat seçilim və ya vəzifədə olum. Yəni mənim kimi adamlar parlamentdə otura bilməz.

“Elçibəy mənə vəzifə təklif etmişdi”

- Hər hansı vəzifə təklif olunubmu?

- Bəli, vaxtilə rəhmətlik Əbülfəz Elçibəy mənə nəqliyyat sahəsi üzrə vəzifə təklif etmişdi və az müddət də orada işlədim. 1992-ci ildə onun istəyi ilə Avtomobil Nəqliyyatı Konserninin birinci vitse-prezidenti vəzifəsində çalışmışam.

Elçibəyin komandasında yer almasam da, onunla şəxsi dostluğum var idi.

- Partiyanız hazırda fəaliyyət göstərir?

- Aktiv fəaliyyət göstərmir. Sonuncu qurultayımız 2016-cı ilin may ayında keçirilib. Qurultaydan sonra mən Ukraynaya səfər edib, orada qıpçaq türkləri ilə görüşdüm. Hazırda partiyamızın 5 min nəfər üzvü var. Onlardan yalnız 50 nəfəri ilə əlaqə saxlayıb, partiya ilə bağlı sorğu-sual edirəm.

Vasif Həsənli

Fotolar: Elçin Murad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm