Azərbaycan və Fransa arasında XİN-lərarası siyasi məsləhətləşmələr keçirildi
Bizi izləyin

Nida Xəbər

Azərbaycan və Fransa arasında XİN-lərarası siyasi məsləhətləşmələr keçirildi

Xarici İşlər Nazirliyində Azərbaycan və Fransa arasında XİN-lərarası siyasi məsləhətləşmələr keçirilib.

XİN-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, məsləhətləşmələrdə Azərbaycan Respublikasını xarici işlər nazirinin müavini Xələf Xələfov, Fransa Respublikasını isə xarici işlər və beynəlxalq inkişaf nazirliyinin kontinental Avropa idarəsinin rəisi Florans Manjən təmsil edib.

X.Xələfov Azərbaycanla Fransa arasında siyasi münasibətlərin səviyyəsinin məmnunluq doğurduğunu bildirərək, ikitərəfli əməkdaşlığın uğurla inkişaf etdiyini bildirib. Hər iki ölkə prezidentinin qarşılıqlı səfərlərini və tərəflər arasında mövcud olan siyasi dialoqu yüksək qiymətləndirən nazir müavini əməkdaşlığın inkişafı üçün böyük potensialın olduğunu dilə gətirib.

X.Xələfov ölkəmizdə həyata keçirilən iqtisadi islahatlar, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində görülən işlər barədə məlumat verib və fransız şirkətlərini Azərbaycanda qeyri-neft sektorunun inkişafı ilə əlaqədar layihələrdə daha fəal iştiraka dəvət edib. O, iki ölkə arasında mədəni və humanitar əlaqələrin inkişaf etdiyini, turizm sahəsində irəliləyişə nail olunduğunu diqqətə çatdırıb.

Florans Manjən bildirib ki, Azərbaycan-Fransa münasibətlərini çox yüksək səviyyədədir və dövlət başçılarının səfərləri ikitərəfli əməkdaşlığa mühüm töhfələr verir. O söyləyib ki, iki ölkə arasında siyasi münasibətlərin yüksək səviyyəsi beynəlxalq və regional məsələləri birgə müzakirə etməyə imkan yaradır.

X.Xələfov bildirib ki, Minsk qrupunun həmsədr ölkəsi kimi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Fransanın rolu böyükdür: "Fransanın da marağında olduğu regional inkişafa bu gün ən böyük maneə Azərbaycanın 20 faiz torpaqlarının işğalı ilə nəticələnən bu münaqişədir."

Münaqişənin həllini Fransa üçün prioritet adlandıran Florans Manjən bildirib ki, bu məsələ rəsmi Parisin gündəliyindədir və Fransa Minsk qrupunun həmsədr ölkəsi kimi öhdəliklərinə sadiqdir. O əlavə edib ki, onun ölkəsi münaqişə tərəfləri arasında danışıqların bərpasına töhfə verməyə hazırdır və bununla əlaqədar Sammitin keçirilməsini təklif edib.

X.Xələfov Azərbaycan-Avropa İttifaqı münasibətlərinin hazırkı vəziyyətinə toxunub və münasibətlərin qarşılıqlı, davamlı və uzunmüddətli olmasının vacibliyini önə çəkib.

Görüşdə Azərbaycan-Fransa Hökumətlərarası Komissiyanın fəaliyyəti, gündəlikdə duran məsələlər müzakirə edilib və enerji sahəsində qurulmuş əməkdaşlıq təqdir edilib.

X.Xələfov Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən nəqliyyat layihələri, o cümlədən Şimal-Cənub, Şərq-Qərb dəhlizləri barədə məlumat verib.

Florans Manjən sözügedən nəqliyyat layihələrində iştirak etməkdə, həmçinin, hava nəqliyyatı sahəsində və Azərbaycanda metronun yenidən qurulması işində əməkdaşlıqda maraqlı olduqlarını söyləyib.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran regional və qlobal xarakterli məsələlər ətrafında geniş müzakirələr aparılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm