Moskvada Qara dəniz və Xəzər dənizi Regionu Ölkələri Hüquqşünasları Assosiasiyasının növbəti iclası keçirildi
Bizi izləyin

Nida Xəbər

Moskvada Qara dəniz və Xəzər dənizi Regionu Ölkələri Hüquqşünasları Assosiasiyasının növbəti iclası keçirildi

Aprelin 26-da Moskvada Qara dəniz və Xəzər dənizi Regionu Ölkələri Hüquqşünasları Assosiasiyasının növbəti iclası keçirilib. Tədbirdə Azərbaycan, Albaniya, Belarus, Bolqarıstan, Qazaxıstan, Yunanıstan, Moldova, Ukrayna, Rusiya, Serbiya və Türkiyənin elm, dövlət və ictimai xadimləri, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Avropa Ölkələri Vəkillər Kollegiyası, Avropa Hüquqşünasları Birliyinin təmsilçiləri, habelə tanınmış iş adamları iştirak edib.

Qara dəniz İqtisadi Əməkdaşlığı Təşkilatının baş katibi, səfir Mixail Xristidis, Rusiya İstintaq Komitəsinin sədri, ədliyyə generalı Aleksandr Bastrıkin, Rusiya Dövlət Dumasının deputatları Zaur Askenderov, Sergey Qavrilov, Yuriy Petrov, Rusiyanın əməkdar elm xadimi, hüquq elmləri doktoru, professor Dmitriy Şestakov, Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və İnsan Haqları İnstitutunun direktoru, Milli Məclisin deputatı, hüquq elmləri doktoru Aytən Mustafayeva, Türkiyə Prezident Administrasiyasının hüquq məsələləri üzrə baş müşaviri Özləm Zəngin, Bolqarıstan Hüquqşünasları Birliyinin sədri Vladislav Slavov, Bolqarıstanın “Slavyane” Fondunun sədri, professor Zaxari Zaxariev və digər nüfüzlu şəxslər iclasın iştirakçıları arasında olublar.

Tədbiri giriş nitqi ilə açan Qara dəniz və Xəzər dənizi Regionu Ölkələri Hüquqşünasları Assosiasiyasının sədri hüquq elmləri doktoru, professor İlham Rəhimov müxtəlif ölkələrin hüquqşünasları arasında koordinasiyanın müasir dövrdə vacibliyini qeyd edib. Onun fikrincə, birgə fəaliyyət müxtəlif ölkələrin vətəndaşlarının hüquqlarının müdafiəsi, qanunvericilik bazasının təkmilləşdirilməsi ilə bağlı təcrübə mübadiləsi baxımından vacibdir. Professor İlham Rəhimov təşkilatın əsas məqsədlərindən danışarkən ölkə hüdudlarından kənarda fəaliyyət göstərən region ölkələri vətəndaşlarına hüquqi yardımın vacibliyini xüsusi vurğulamışdır.

Daha sonra professor İlham Rəhimov ötən müddət ərzində görülən təşkilati işlər barəsində məlumat vermişdir.

Qaradəniz İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi, səfir Mixail Xristidis çıxışı zamanı rəhbərlik etdiyi təşkilatla Assosasiyanın əməkdaşlığını mütləq edən vacib amilləri qeyd edib. QİƏT baş katibinin fikrincə, Qara dəniz regionu ölkələrinin xaricdə çalışan şirkətlərinə hüquqi yardım zərurəti var ki, bu zərurət Assosasiya ilə onu təmsil edən təşkilat arasında əməkdaşlıq üçün münbit şərait yaradır.

Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin də çıxışı zamanı təsis edilmiş təşkilata uğurlar arzulayıb. Komitə sədri Rusiya İstintaq Komitəsi nəzdində Moskva və Sankt-Peterburq şəhərində iki akademiyanın fəaliyyət göstərdiyini bildirib. O, rəhbərlik etdiyi qurumla Assosasiyanın gələcək əməkdaşlıq perspektivindən danışaraq təşkilatın növbəti iclaslarından birinin Sankt-Peterburq şəhərində keçirilməsini təklif edib.

A.Bastrıkin gələcəkdə təşkilatı dəstəkləyəcəyini qeyd edib. O, dünyada təhlükəsizliyin qorunması işində hüquqşunasıların birgə fəaliyyətinin fayda verəcəyini biıdirib. Həmçinin, A.Bastrıkin təşkilatın fəaliyyətində rəhbəri olduğu Komitənin yaxından iştirak edəcəyini bildirmiş, bundan əlavə hüquq elminin inkişafı üçün əlindən gələn yardımı əsirgəməyəcəyini qeyd etmişdir. O, bu təşkilatın fəaliyyətində xüsusilə hörmətli professor İlham Rəhimovun əməyini yüksək qiymətləndirərək, bu işdə onlara uğurlar arzulamışdır.

Türkiyə Prezident Administrasiyasının hüquq məsələləri üzrə baş müşaviri Özləm Zəngin çıxışı zamanı vurğuladı ki, dünyanın müxtəlif yerlərində münaqişələrin davam etdiyi, insan hüquqlarının pozulduğu bir vəziyyətdə region dövlətlərinin belə bir təşkilata böyük ehtiyacları var. Türkiyə rəsmisi bu yaxınlarda konstitusiyalarına əlavə və dəyişikliklərin edilməsi ilə bağlı keçirilən referendum ərəfəsində türk vətəndaşlarına qarşı Avropanın bir sıra ölkələrində olan basqıları xatırladaraq bu kimi məsələlərdə hüquqşünasların rəylərinin vacib olduğunu deyib. Çıxışının sonunda Özləm Zəngin Assosasiyanı təsis etmək təşəbbüsünə görə hüquq elmləri doktoru, professor İlham Rəhimova xüsusi təşəkkür edib.

Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və İnsan Haqları İnstitutunun direktoru, Milli Məclisin deputatı, hüquq elmləri doktoru Aytən Mustafayeva çıxışında təşkilatın gələcək fəaliyyətinin faydalı olacağına ümid etdiyini bildirib. O təklif edib ki, növbəti iclas və konfranslarda milli və beynəlxalq qanunvericilik müstəvisində vətəndaş təhlükəsizliyi mövzusu müzakirə edilsin. Bununla yanaşı, müasir dövrdə kibercinayətkarlığın daha ciddi fəsadlar törətdiyini və bununla bağlı silsilə işlərin aparılmasını təklif etdi.

Rusiyanın əməkdar elm xadimi, hüquq elmləri doktoru, professor Serqey Baburin çıxışında bildirmişdir ki, Assosasiyanın nizamnaməsinə daxil olan məqsədlər arasında Qara dəniz və Xəzər dənizi regionu ölkələri üçün maraq kəsb edən beynəlxalq və milli hüquq sahələrindəki mövcud hüquqi problemlərin araşdırılaraq öyrənilməsi mühüm yer tutur. Qara dəniz və Xəzər dəniz ölkələri hüquqşünaslarının əməkdaşlığına yardım, hüquq sahəsində dəyirmi masa, simpozium və konfransların təşkili, eləcə də, KİV-lər üçün bəyannamə və müraciətlərin hazırlanması da yeni təsis edilmiş Assosasiyanın məqsədlərindən hesab olunur.

İclasda illərdə Assosasiyanın rus, ingilis və bolqar dillərində saytını yaratmaq, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və Xəzər dənizi və Qara dəniz Beynəlxalq Fondu ilə əməkdaşlıq haqda birgə layihələri gerçəkləşdirmək, Avropa İttifaqının Qara dəniz və Xəzər dənizi ilə bağlı məsələlərlə əlaqədar strukturları ilə münasibətlər qurmaq təklifləri müzakirə edilib. Təşkilatın gələcək planları sırasında elmi araşdırma fəaliyyəti, ixtisaslaşma və təhsil məsələləri, habelə iqtisadi əməkdaşlığa yardım layihələri da nəzərdə tutulub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm