Pedro Aqramunt bəyanat yaydı
Bizi izləyin

Nida Xəbər

Pedro Aqramunt bəyanat yaydı

Sizi belə hadisələrin bir daha təkrarlanmaması üçün birgə işləməyə çağırıram.

AŞPA sədri Pedro Aqramunt assambleya tərəfindən onun istefasının tələb olunması və ətrafında baş verən narazılıqlarla bağlı bəyanat yayıb.

Pedro Aqramuntun İspaniya parlamentindəki mətbuat katibliyindən APA-ya verilən məlumata görə, bəyanatda bu həftə AŞPA tarixində tamamilə qəribə halların baş verdiyi qeyd olunur.

“Bazar ertəsi və çərşənbə axşamı baş verən, təəssüf doğuran tamaşa bu assambleyaya və onun üzvlərinə şərəf gətirmir. Aprel sessiyasında gündəlikdə iki məsələ olub. Birinci məsələ assambleyanın bəzi üzvlərinin korrupsiyada ittiham olunması məsələsi idi. Bununla əlaqədar olaraq azad və daxili araşdırma prosesinin yaradılması təsdiq olunub. Digər məsələ olan mənim Suriyaya səfərim ispaniyalı senator kimi mənim şəxsi vəzifəmdir. Mən bununla bağlı bütün sorğulara izahat vermişəm, lakin bir qrup parlamentari bu izahatlardan sui-istifadə edib. Parlament Assambleyasının fundamental prinsiplərinə parlament diplomatiyası vasitəsilə insan haqlarına, demokratiyaya və qanunun aliliyinə hörmətlə yanaşmaq daxildir. Sülh, təmkinlilik və konstruktiv dialoq bizim əsas alətlərimizdir. Buna görə də mən fundamental məqsədlərimizə nail olmaq üçün sizi konsensusa gəlməyə və belə hadisələrin bir daha təkrarlanmaması üçün birgə işləməyə çağırıram”.

Qeyd edək ki, P. Aqramunt Rusiya Dövlət Dumasının sədr müavini Vladimir Vasilyevin rəhbərlik etdiyi Rusiya nümayəndə heyəti ilə birlikdə bu ilin martında Suriyaya səfər edərək, bir sıra görüşlər keçirib, o cümlədən Suriya prezidenti Bəşər Əsədlə görüşüb.

Bu isə AŞPA üzvlərinin narazılığı ilə qarşılanıb. Parlamentarilər P. Aqramuna etimadsızlıq məsələsini qaldırıblar.

P. Aqramuntun bu gün AŞPA-nın Büro iclasına gələrək istefasını elan edəcəyi gözlənilsə də, o bunu etməyib.

Büronun iclasına sədrlik etmiş AŞPA-nın vitse-prezidenti, Mühafizəkarlar qrupunun sədri Rocer Geyl bildirib ki, P. Aqramunt Büro iclasına gəlməyib və istefasını təqdim etməyib.

"Biz də buna görə Pedro Aqramunta AŞPA sədri kimi etimad göstərməyəcəyik və o, Assambleyanı təmsil edə bilməz", - deyə R. Geyl vurğulayıb.

P. Aqramunt istefa vermədiyindən və Nizamnamədə impiçment proseduru olmadığından onun aqibəti hələlik məlum deyil.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm