Yəhudi deputatdan jurnalistlərə ÇAĞIRIŞ: “Rusiya Azərbaycana lazımdır”
Bizi izləyin

Nida Xəbər

Yəhudi deputatdan jurnalistlərə ÇAĞIRIŞ: “Rusiya Azərbaycana lazımdır”

"Rusiyada yaşayan milyonlarla azərbaycanlının səsi prezidentin seçilməsində mühüm rol oynaya bilər”.

“Azərbaycan xalqı və ictimaiyyəti Rusiya Federasiyası Ali Məhkəməsi tərəfindən Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatının ləğv edilməsi barədə qərarını çox pis qarşılayır”.

Bunu Publika.az-a açıqlamasında Milli Məclisin yəhudi əsilli deputatı, Parlamentin İnsan hüquqları komitəsinin sədr müavini Yevda Abramov bildirib.

Deputat deyib ki, bu qərar Rusiya tərəfindən Azərbaycana arxadan vurulan zərbədir.

Y.Abramov ÜAK-ın qeydiyyatının ləğv edilməsi barədə qərarla bağlı Azərbaycan diaspor rəhbərlərinin də səhvinin olduğunu söyləyib:

“Bu qərar qəbul edilməsində ÜAK rəhbərlərinin də səhvləri var. Çünki burada bəzi nizamnamə tələbləri pozulub, rəhbərlik səviyyəsində xırda səhvlərə yol verilib və sairə. Ona görə də Rusiyanın Ədliyyə Nazirliyi Ali Məhkəməyə müraciət edib. Ali Məhkəmənin də Nizamnaməsində deyilir ki, Ədliyyə Nazirliyinin müraciətinə dərhal baxıb qərar verilməlidir. İndi də qərar mənfi olub. Bu qərar Azərbaycan xalqı üçün də mənfidir. Bu qərar Azərbaycanı istəməyən qüvvələri sevindirib. Bəzi mətbu orqanlarda bu qərar Rusiyadakı ermənilərin “qələbəsi” kimi təqdim edilib. Təbii ki, bu da bizi çox təəssüfləndirir. Gərək ki, bu olmayaydı. Çünki Azərbaycan ilə Rusiya arasında strateji müttəfiqlik əlaqələri mövcuddur”.

Y.Abramov sözügedən qərarın hələ ki, son nəticə olmadığını bildirib:

“Bu qərar hər şeyin sonu demək deyil. Bunu faciəyə çevirmək gərəksizdir. Hələ ki, Rusiya hökuməti və prezident Vladimir Putin bu məsələ ilə bağlı son sözünü deməyib. Hələ Apellyasiya Məhkəməsi olacaq. Məndə olan məlumatlara görə, artıq Azərbaycan tərəfi apellyasiya şikayəti hazırlayaraq, məhkəməyə təqdim edib. Bundan başqa, hələ Rusiya Ali Məhkəməsinin kollegiyası və plenumu var. Hələ ki, bizim bir ay vaxt imkanımız var ki, sözügedən qərarı dəyişdirək. Yəqin ki, bu məsələ ilə bağlı Rusiya və Azərbaycan dövlət başçıları arasında telefon danışıqları olacaq, məsələ müzakirə olunacaq. Azərbaycanın Xarici İşlər Nazirliyi də bu məsələ ilə bağlı iş aparır”.

Yəhudi deputat Rusiya ilə bağlı materiallar hazırlayan jurnalistlərə də çağırış edib:

“Düşünürəm ki, mediada bu məsələləri işıqlandıran zaman diqqətli olmaq lazımdır. Elə etmək lazımdır ki, Rusiya-Azərbaycan münasibətlərinə xələl gəlməsin. Hər deyilən sözün məsuliyyəti olmalıdır. Jurnalist dərk etməlidir ki, bu, adi məsələ deyil. Rusiya kimi nəhəng dövlət Azərbaycanla qonşudur və bizə lazımdır. Bu gün milyonlarla soydaşımız Rusiyada pul qazanıb, Azərbaycandakı ailələrini saxlayırlar. Ona görə də Rusiya ilə olan bu kimi məsələlərə son dərəcə həssas yanaşmaq lazımdır. Rusiyanı birdəfəlik qırıb atmaq olmaz. Düzdür, Rusiya bir çox məsələlərdə günahkardır. ATƏT-in Minsk qrupunun üzvü olmasına baxmayaraq, Qarabağ münaqişəsi məsələsində də tərəf saxlayır. Rusiya kimi böyük dövlətə yaraşmaz ki, o məsələyə birtərəfli qaydada baxsın. Birtərəfli yanaşma bumeranq effekti verə bilər. Bu, Rusiyanın özünə də ziyan verər. Çünki Rusiyada keçirilən prezident seçkilərində ÜAK prezidentliyə namizədlərə lazım olur. Rusiyada yaşayan milyonlarla azərbaycanlının səsi prezidentin seçilməsində mühüm rol oynaya bilər”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm