Azərbaycanın zəfəri: İslam dünyası nə qazandı, biz nə?
Bizi izləyin

Nida Xəbər

Azərbaycanın zəfəri: İslam dünyası nə qazandı, biz nə?

75 qızıl, 46 gümüş və 36 bürünc. Bu, Azərbaycanın ev sahibliyi etdiyi IV İslam Həmrəyliyi Oyunlarında qazandığı medalların sayıdır. Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarının qalibidir.

10 gün ərzində Bakıda keçirilən idman yarışlarının əsas qalibi isə ilk növbədə bütün İslam aləmi hesab oluna bilər. Azərbaycanın Birinci vitse-prezidenti, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri xanım Mehriban Əliyevanın dediyi kimi, “Son 10 gün ərzində burada, Bakıda bizim üçün və hamı üçün əsl qələbə bu Oyunlarda gördüyümüz İslam aləminin həmrəyliyi oldu. Olduqca fərəhləndiricidir ki, Azərbaycan xalqlar arasında dostluq ruhuna dəstək verdi. Biz hamımız gələcəkdə bu ülvi missiyanın davam etdirilməsi üçün yorulmadan çalışmalıyıq”.

Bəli, Azərbaycanın paytaxtı siyasi maraqlar uğrunda parça-parça olan İslam dünyasının birləşdiyi məkan oldu.

- Siyasi münaqişədə olan ölkələrin idmançıları Bakıda əl-ələ tutuşdu, bir süfrədən çörək yedi.
- Və bütün dünya İslamın bir olduğunun, bir ola biləcəyinin şahidi oldu.

Bu baxımdan, idman sadəcə atletlərin güc nümayişi yox, mədəni körpü, siyasi həmrəylik və insanları bir araya gətirən əsas faktorlardandır. Bakı İslam dünyasını həmrəy etməyi, bir ürək kimi döyünə bilməsini həyata keçirtdi, bunu bacardı. Və bütün bunların fonunda Azərbaycanın qazandığı dividendlər də aydın görünür.

Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarının sözün bütün mənalarında qalibidir. Bu qalibiyyət təkcə medalların sayına görə yox, iqtisadi və siyasi dividend, təbliğat, eləcə də ölkənin nüfuzunun artmasında cəmləşir. Çünki idman təkcə yarışlar deyil, idman bir ölkənin inkişafının göstəricisi, mədəni üstünlüyü, “yumşaq güc” siyasətində əsas faktordur.

İdman: Azərbaycan oyunların ilk pilləsində aldığı yeri növbəti İslamiadaya qədər tutacaq. Bu, növbəti 4 il ərzində bütün İslam dünyasında İslamiadanın qalibi olaraq yad edilmək deməkdir. 50-dən artıq ölkədə İslamiadanın hazırki qalibi kimdir sualının cavabı “Azərbaycan” olacaq və bu, cəlbedici ölkə olmaq, tanınmaq baxımından mühüm qazancdır. Belə demək mümkünsə, növbəti 4 il ərzində İslam aləmində qalibiyyətin sinonimi Azərbaycan sözü olacaq.

Təbliğat: Azərbaycan IV İslam Həmrəyliyi Oyunları ilə 54 ölkədə öz təbliğatını mükəmməl şəkildə qurdu.

- İslamiadanın mayın 12-də keçirilən açılış və mayın 22-də keçirilən bağlanış mərasimlərini, eləcə də 10 gün ərzində Bakıda baş tutan yarışları 54 ölkədən 1 milyard 500 mindən artıq insan mavi ekranlardan izlədi.

- Oyunlardan iştirak üçün Bakıya gələn 3 min idmançı, 1000-dən çox nümayəndə Azərbaycanı yaxından tanıdı. Bununla yanaşı, oyunlara amaşa üçün ölkəmizə gələn turistlərdə də Azərbaycan haqda dolğun təəssürat formalaşdı.

- İslamiadada qalib gələn idmançılara 1600 medal təqdim edildi. Bu İslamiadanın medalları olsa da, hər birinin üzərində əldə olunduğu tarixi və məkan qeyd olunub. Bu isə o deməkdir ki, Azərbaycanın adı 1600 medalın üzərinə həll olunub. Hansı ki, Azərbaycanda qalib gələn idmançılar öz medallarının üzərində həmişə ölkəmizin adını görəcək.

İqtisadi və siyasi: Rəsmi məlumata görə, oyunlar zamanı 165 növ idman yarışına 500 mindən çox bilet satılıb. Həmçinin, reklam çarxları və 5 xarici sponsorun olması da Azərbaycanın iqtisadi qazancıdır. (İslamiadada əldə etdiyimiz gəlirlər hələlik açıqlanmayıb). Lakin əsas qazanc qarşıdakı dövrdə gözlənilir. Xüsusilə İslam ölkələrindən Azərbaycana gələn turistlərin sayı artacaq.

Oyunlar zamanı Azərbaycan İslam dünyasının mərkəzi olaraq çıxış etdi. “Siyasətdə idman faktoru” prizmasından yanaşsaq, bu oyunların Azərbaycanın siyasi nüfuzunun artması, İslam dünyasını birləşdirən mərkəz ola biləcəyini nümayiş etdirməsi baxımından əhəmiyyətli idi.

Ümumilikdə, qalib Azərbaycan və İslam dünyasıdır.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm