Çexiyanın Azərbaycandakı səfiri XİN-nə çağırılacaq
Bizi izləyin

Nida Xəbər

Çexiyanın Azərbaycandakı səfiri XİN-nə çağırılacaq

”Azərbaycanın Çexiyadakı səfirliyi bu ölkənin Xarici İşlər Nazirliyinə müraciət edərək həqiqətən bu fikirlərin Çexiyanın Ermənistandakı səfiri tərəfindən söylənildiyini araşdıracaq. Çexiyanın Azərbaycandakı səfiri də məsələ ilə əlaqədar XİN-nə çağırılacaq. Əgər həqiqətən belə fikirlər Çexiya səfiri tərəfindən deyilibsə, bu, qanuna və beynəlxalq hüququn norma və prinsiplərinə ziddir. Əksinə bu kimi açıqlaması ilə Çexiya səfiri cinayət tərkibi olan hüquqi məsələləri siyasiləşdirir”.

Bunu Çexiyanın Ermənistandakı səfirinin açıqlamasını şərh edən Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

”Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər edərək, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və konstitusiya əsaslarının pozulmasına açıq çağırışlar edən, qanunsuz kriminal rejimlə işbirliyinə girən, etnik və dini zəmində nifaq yaradan fərdlərə qarşı Azərbaycan Cinayət Məcəlləsinə uyğun olaraq cinayət işi açılır. Onlardan biri də Avropa Parlamentinin üzvü statusundan sui-istifadə edərək erməni lobbisinin maliyyəsi ilə işğal olunmuş Azərbaycan ərazilərinə səfərlər edən və bu kimi qeyri-qanuni fəaliyyətləri həyata keçirən Çexiya vətəndaşı Yaromir Ştetinadır. Səfirə xatırlatmaq istərdik ki, Çexiya Respublikasının Cinayət Məcəlləsinin İX və X Fəslinə və müvafiq olaraq 309, 310, 323 və 324-cü maddələrinə əsasən Çexiya dövlətinin ərazi bütövlüyü, suverenliyi, konstitusiya əsası və dövlət hakimiyyətinə qarşı fəaliyyətə görə 10 ildən 18 ilə qədər ağır cəza nəzərdə tutulur. Yəni Yaromir Ştetina Azərbaycanın işğal olunmuş ərazilərində etdiyi bu fəaliyyəti Çexiyada etsəydi, onu belə ağır cəza gözləyirdi. Amma Yaromir Şetinanın eyni tərkibli cinayət əməllərini Azərbaycanın işğal olunmuş ərazilərində etməsinin qarşısını almaq üçün Çexiya hakimiyyət orqanları tərəfindən lazımı tədbirlər görülmür”, - deyə o vurğulayıb.

Xatırladaq ki, Çexiyanın Ermənistandakı səfiri Petr Mikiska Dağlıq Qarabağa qanunsuz səfər etmiş Avropa Parlamentinin deputatları Frank Engel (Lüksemburq), Eleni Teorxarus (Kipr) və Yaromir Ştetinanın Azərbaycanın tərəfindən beynəlxalq axtarışa verilməsini hüquqi deyil, siyasi xarakter daşıdığını iddia edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm