• USD 1,7002 0,00% EUR 1,9941 -0,65%
    • GBP 2,2440 -0,21% RUB 0,0287 +0,70%

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi HESABAT VERDİ

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi HESABAT VERDİ

İyulun 17-də Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən korrupsiyaya qarşı mübarizə sahəsində 2017-ci ilin I yarısı ərzində görülmüş işlərlə bağlı kütləvi informasiya vasitələri və qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirakı ilə mətbuat konfransı keçirilib.

Publika.az xəbər verir ki. mətbuat konfransını giriş sözü ilə açan Azərbaycan Baş prokurorunun müavini – Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə ölkəmizdə iqtisadiyyatın liberallaşdırılması, şəffaflığın daha da artırılması və azad rəqabətin tam təmin olunması, bürokratik əngəllərin aradan qaldırılması, vətəndaş-məmur təmasının minimuma endirilməsi, daha çevik və keyfiyyətli idarəetmənin təmin edilməsi məqsədilə ardıcıl hüquqi və institusional islahatlar 2017-ci ilin I yarısında da uğurla həyata keçirilib.

K.Əliyev xüsusi vurğulayıb ki, prokurorluq orqanları korrupsiya ilə mübarizəni öz fəaliyyətinin prioritet xətti kimi müəyyən edib, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi isə əvvəlki illərdə olduğu kimi fəaliyyətini hesabat dövründə də uğurla davam etdirib.

Hesabat dövründə Baş İdarə rəisi, Baş İdarə rəisinin müavinləri, idarə və ya şöbə rəisləri, Təşkilati və informasiya təminatı idarəsinin prokurorları tərəfindən ümumilikdə 872 vətəndaşın qəbul edilməsi təmin edilib.

Baş prokurorun müavini qeyd edib ki, hesabat dövrü ərzində korrupsiyaya qarşı mübarizə sahəsində qəbul edilmiş ən mühüm sənədlərdən biri də Azərbaycan Prezidenti tərəfindən 10 fevral 2017-ci il tarixdə qəbul olunmuş “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” sərəncamdır. Qeyd olunan sərəncamda Azərbaycan Baş Prokurorluğuna edilmiş tövsiyələrdən irəli gələrək həmin sənəddə əks olunmuş vəzifələrin icrası məqsədilə 31 may 2017-ci il tarixli əmrlə Azərbaycan Respublikasının Baş Prokurorluğu üzrə bəzi əmrlərə dəyişikliklər edilib.

Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın katibi Kamal Cəfərov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2016-cı il 26 aprel tarixli sərəncamı ilə təsdiq edilən “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”çərçivəsində həyata keçirilmiş bir sıra mühüm qanunvericilik və praktiki tədbirlər öz bəhrəsini verib, korrupsiya hüquqpozmaları ilə bağlı məlumat verən şəxslərin müdafiəsini təmin etmək məqsədilə bir sıra qanunvericilik aktlarına dəyişikliklər edilib. K.Cəfərov korrupsiyaya qarşı həyata keçirilmiş mühüm qabaqlayıcı institusional tədbirlər çərçivəsində “ASAN xidmət” mərkəzlərinin fəaliyyətinin genişləndirilməsinin əhəmiyyətini xüsusi vurğulayıb.

Bundan başqa, K.Cəfərov “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair 2017-2019-cu illər üçün Milli Fəaliyyət Planı”na müvafiq olaraq dövlət orqanlarının bu sahədə fəaliyyətlərinin effektiv əlaqələndirilməsini təmin edən koordinasiya mexanizminin yaradılması, qanunvericiliyin beynəlxalq standartlara tam uyğunlaşdırılması, institusional potensialın və hesabatlılıq sisteminin gücləndirilməsi sahələrində mühüm nailiyyətlərin əldə edilməsini qeyd edib.

Tədbirdə iştirak edən qeyri-hökumət təşkilatlarının nümayəndələrindən “Konstitusiya Araşdırmalar Fondu”nun rəhbəri Əliməmməd Nuriyev və “Şəffaflıq Azərbaycan” təşkilatının icraçı direktoru Rəna Səfərəliyeva çıxış edərək korrupsiyaya qarşı mübarizə sahəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 2017-ci ilin I yarısı ərzində gördüyü işləri müsbət dəyərləndiriblər.

Sonra QHT və kütləvi informasiya vasitələrinin nümayəndələrinin sualları ətraflı cavablandırılıb.

Mətbuat konfransında bildirilib ki, korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın zəruriliyini nəzərə alaraq hesabat dövrü ərzində Baş İdarə tərəfindən bu sahədə ixtisaslaşmış beynəlxalq qurumlar və digər ölkələrin müvafiq hüquq mühafizə orqanları ilə əlaqələrin daha da genişlənməsinə xüsusi diqqət yetirilib.

Belə ki, cari il fevralın 20-də Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin inzibati binasında İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Şərqi Avropa və Mərkəzi Asiya üçün Antikorrupsiya Şəbəkəsinin İstanbul Fəaliyyət Planının IV Monitorinq Raundu çərçivəsində ölkəmiz üzrə qəbul edilmiş hesabat təqdim edilib. Təqdimatda OECD-nin rəsmiləri xanım Tatyana Xvanska və xanım Rusudan Mikelidze, eləcə də Azərbaycan Respublikasının dövlət orqanlarının, qeyri-hökumət təşkilatlarının və kütləvi-informasiya vasitələrin nümayəndələri iştirak edib.

Həmçinin, cari ilin 6-7 iyun tarixlərində üzvlərinin böyük əksəriyyəti müsəlman ölkələrindən olan Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv dövlətlərin prokurorluq, ixtisaslaşdırılmış korrupsiyaya qarşı mübarizə qurumlarırəhbərlərinin və ombudsmanlarının üçüncü iclası keçirilib.

Yüksək səviyyəli tədbirə Türkiyə, İran, Qazaxıstan, Pakistan, Əfqanıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistanın prokurorluq orqanlarının, ixtisaslaşdırılmış antikorrupsiya qurumlarının, ombudsmanlarının və digər dövlət qurumlarının rəhbər vəzifəli şəxsləri, ECO baş katibinin müavini, Beynəlxalq Antikorrupsiya Akademiyasının (IACA) icraçı katibi və digər beynəlxalq təşkilatların nümayəndələri qatılıblae. Tədbirdə, həmçinin dövlət və hökumət rəsmiləri, Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın, mərkəzi icra hakimiyyəti orqanlarının, Baş Prokurorluğun, habelə ölkəmizin digər hüquq-mühafizə qurumlarının və QHT-lərin nümayəndələri, Milli Məclisin deputatları iştirak ediblər.

Tədbir zamanı Azərbaycanın Baş prokuroru Zakir Qaralov İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə təşkilatları rəhbərləri və ombudsmanlarının 3-cü illik konfransına sədr seçilib.

Tədbir çərçivəsində dövlət başçısının yürütdüyü siyasət nəticəsində ölkəmizin dünyada, o cümlədən İslam aləmində qarşılıqlı əməkdaşlığa mühüm töhfə verdiyi diqqətə çatdırılıb, İqtisadi Əməkdaşlıq Təşkilatının mühüm funksiyalar həyata keçirən nüfuzlu qurum olduğu vurğulanaraq üçüncü iclasın əhəmiyyəti xüsusi qeyd edilib.

Tədbirin sonunda təşkilati məsələlər müzakirə olunub və İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərdə korrupsiyaya qarşı mübarizəyə dair Bakı Bəyannaməsi qəbul edilib.

Bundan başqa, Avropa İttifaqının Avropa Qonşuluq Siyasətinin “Şərq Tərəfdaşlığı” və TAIEX (Texniki Yardım və İnformasiya Mübadiləsi) aləti çərçivəsində, Korrupsiyaya qarşı Avropa Tərəfdaşları Təşkilatı (EPAC) və Korrupsiyaya qarşı Avropa Ələqələndiricilər Şəbəkəsi (EACN), Avropa Şurasının Korrupsiyaya qarşı mübarizə aparan dövlətlər qrupu (GRECO), Beynəlxalq Prokurorlar Assosiasiyası (IAP), Beynəlxalq Antikorrupsiya Akademiyasi (IACA), Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilatı (GUAM)və digər təşkilatlarla səmərəli əməkdaşlıq aparılıb.

Hesabat dövründə, həmçinin Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən xarici dövlətlərin hüquq-mühafizə orqanları ilə əməkdaşlığa xüsusi diqqət yetirilib. Belə ki, cari il martın 1-də Azərbaycan Respublikası və Bolqarıstan Baş prokurorluqları arasında Baş İdarə və “ASAN xidmət”in bir illik fəaliyyətlərinin öyrənilməsini nəzərdə tutan birgə fəaliyyət planı imzalanıb. Bu planın müddəalarına uyğun olaraq Azərbaycan Respublikası Baş Prokurorluğunun nümayəndə heyətinin mayın 10-12-də Bolqarıstana, həmin dövlətin Baş prokurorunun müavinlərinin rəhbərlik etdikləri nümayəndə heyətinin isə mayın 22-25-də ölkəmizə işgüzar səfərləri olub.

Bununla yanaşı, iyunun 11-14-də Bolqarıstanın Baş prokuroru Sotir Tsatsarovun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə işgüzar səfərə gəlib. Səfər zamanı Baş prokuror Z.Qaralovla görüş keçirilib və görüşdə ölkələrimizin prokurorluqları arasındakı əlaqələrin inkişafında dövlət başçılarımızın xüsusi rolu qeyd edilib, hüquqi əlaqələrin dərinləşdirilməsi üçün böyük perspektivlərin olduğu bildirilib.

Həmçinin, nümayəndə heyəti Azərbaycan Respublikasının məhkəmə hüquq islahatları, habelə “ASAN xidmət” mərkəzləri və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin fəaliyyətləri ilə yaxından tanış olub.

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən korrupsiyaya qarşı mübarizə fəaliyyətində qeyri-hökumət təşkilatları ilə sıx münasibətlərin qurulmasına xüsusi önəm verilib, Baş İdarənin fəaliyyəti, bu sahədə son vaxtlar qəbul edilmiş qanunvericiliyin tələbləri, beynəlxalq əməkdaşlıq nəticəsində həyata keçirilən tədbirlər, həmin tədbirlərin reallaşmasında dövlət qurumlarının və vətəndaş cəmiyyətinin rolu və digər mühüm məsələlərlə əlaqədar Baş İdarə əməkdaşlarının kütləvi informasiya vasitələrində məqalələri dərc edilib.

Mətbuat konfransında əminlik ifadə olunub ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi bundan sonra da öz fəaliyyətini dövlət səviyyəsində göstərilən yüksək etimada layiq səviyyədə qurulması üçün zəruri tədbirlərin görülməsini təmin edəcək, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi, mütəşəkkil cinayətkarlığın ən təhlükəli təzahürlərindən olan korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində üzərinə düşən vəzifələri daha məsuliyyətlə yerinə yetirərək cinayətkarlığa qarşı ciddi və səmərəli mübarizə tədbirlərinin həyata keçirilməsini təmin edəcək.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>