“İslam həmrəyliyi və media” mövzusunda konfrans
Bizi izləyin

Nida Xəbər

“İslam həmrəyliyi və media” mövzusunda konfrans

Bu gün Bakıda Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi və Azərbaycan Mətbuat Şurasının birgə təşkilatçılığı ilə “İslam həmrəyliyi və media” mövzusunda konfrans keçirilib.

Publika.az xəbər verir ki, tədbirdə çıxış edən Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı dini maarifləndirmədə əsas şərtlərdən birinin İslamın özünü öyrənmək olduğunu deyib: “Həsən bəy Zərdabi tərəfindən əsası qoyulan Azərbaycan kütləvi informasiya vasitələri bütün şərq ölkələrinin mediası arasında ən avanqard mətbuatlardan birinə çevrilib. Sovet dövründə də mətbuatımız inkişaf edib. Azərbaycan mətbuatının inkişafına ulu öndər Heydər Əliyev daim diqqət yetirib. Prezidentimiz də bu sahəni diqqətdə saxlayır. Bu günlərdə jurnalistlərə veriləcək mənzillər, yeni binanın tikintisinə başlanması mətbuata diqqət və qayğının bariz nümunəsidir. 2017-ci il “İslam Həmrəyliyi İli” elan edilib, həm ölkə daxilində, həm də xaricdə təbliğində Azərbaycan mətbuatı öz sözünü deməkdədir. Prezidentin tapşırığı ilə bizim komitə və Qafqaz Müsəlmanları İdarəsi bir sıra xarici ölkələrdə “İslam Həmrəyliyi İli” ilə bağlı tədbirlər keçirəcək. İslam dünyasının həmrəyliyə daha çox ehtiyacı var. Bu mövzunun mediada təbliği üçün mətbuatla sıx əməkdaşlıq edirik”.

Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov Azərbaycan xalqının həyatında onun mətbuatının çox böyük rol oynadığını deyib: “Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi öz fəaliyyətinin işıqlandırılmasında mediaya əsaslanır. Hətta Komitə mediaya ən açıq qurumlardandır. Azərbaycan istər İslam Əməkdaşlıq Təşkilatında, istərsə də digər qurumlarda islami dəyərləri daim yüksək qiymətləndirir, buna böyük önəm verir. Bir müddət əvvəl Bakıda baş tutan İslam Həmrəyliyi Oyunlarının təşkili də İslam ölkələri arasında əlaqələri möhkəmləndirməyə xidmət etdi. Çünki İslam sülh, mərhəmət dinidir”.

Ə.Amaşov onu da vurğulayıb ki, Azərbaycan mətbuatı hər zaman milli və dini dəyərlərə hörmətlə yanaşıb: “Əkinçi” qəzeti milli dəyərlərə söykənib, maariflənmənin təbliği də dini və milli dəyərlərə verilən önəmin göstəricisidir. Daha sonra çap olunan qəzetlərdə də bu məsələ daim ön planda olub. Hazırda da jurnalisitlərimiz İslam ölkələrinə səfər edir, bu yaxınlarda İranın nümayəndə heyəti də Azərbaycana təşrif buyurdu. Azərbaycan media modeli İslam ölkələri üçün bir örnəkdir. Yaxın vaxtlarda İslam Əməkdaşlıq Təşkilatının xarici işlər nazirlərinin toplantısında İslam ölkələri media qurumları arasında bir təşkilatın yaranması ilə bağlı qərar qəbul ediləcək. Yəqin ki, həmin təşkilatın mərkəzi ofisi Bakıda yerləşəcək”.

“Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov ölkəmizdə dini təriqətlər barədə danışıb. O bildirib ki, bu təriqətlərin nümayəndələri küçədə sadə insanlara daha rahat çatır və bu bizi narahat etməlidir.

B.Sadıqov ötən il elan olunmuş “Multikulturalizm İli”nin bu il “İslam Həmrəyliyi İli” ilə davam etdirilməsinin məntiqi ardıcıllıq olduğunu vurğulayıb.

Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Qəmər Cavadlı “Əkinçi” qəzetindən bu günə qədər mediada dini dəyərlərə özünəməxsus münasibət bildirildiyini qeyd edib: “Sovet dövründə panislamizmlə mübarizə siyasəti olub. Bizim jurnalistlərimiz İslam dinini yox, onun ətrafındakı mövhümatı, xurafatçılığı tənqid ediblər. İslam dini ilə media arasında qarşılıqlı münasibətlər sistemi var. Son illərdə dini icmaların, qurumların nəzarəti altında olan, həmçinin dövlət mediasında dini dəyərlərə çox həssas münasibət görürük. Jurnalistlərimizi Həsən bəy Zərdabi kimi xurafata qarşı mübarizə aparmağa çağırıram. Bu mübarizədə mətbuatın köməyinə ehtiyacımız var”.

“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu qeyd edib ki, din məsələsinə həssas yanaşmasaq, Azərbaycan vətəndaşları kənar dövlətlərin maliyyələşdirildiyi dini qrupların təsiri altında qala bilər: “Bu gün Azərbaycanda hər kəs öz dinini azad şəkildə yaya bilir. Lakin buna bir nəzarət olmalıdır. Biz media olaraq bu məsələdə dövlət qurumlarına dəstək verməyə hazırıq”.

“Teleqraf holdinq”in baş direktoru Aynur Camalqızı tədbirdə kifayət qədər maraqlı müzakirə aparıldığını bildirib: “Mətbuatın əsas missiyalarından biri də maarifçilikdir. Mediamız bu sahədə çox faydalı işlər görür. Təəssüf ki, orta statistik azərbaycanlının kitab oxumaq vərdişi get-gedə sıradan çıxır. Bəzi əyalətlərdə insanlar aylarla qəzet oxumur. Yazılanlar oxunmursa, onları qəzetlərdə çap etməyin bir önəmi qalmır. Təklif edirəm ki, qəzetlərin bölgələrə çatdırılmasına texniki dəstək olunsun. Bu qəzetlərin bölgələrdə yayılmasına Komitə dəstək verə bilər. Məncə, bu təklif qəzet baş redaktorları tərəfindən də müsbət qarşılanar”.

A.Camalqızı Dövlət Komitsi ilə baş redaktorların görüş təklifini müsbət qarşıladığını vurğulayıb: “Bu görüşdə Təhsil Nazirliyinin nümayəndələrinin iştirakını vacib sayıram. Çünki savadsız insanın müxtəlif qrupların təsirinə düşməsi daha asandır. Hesab edirəm ki, Təhsil Nazirliyinin nümayəndələri bu görüşdə iştirak etsələr, daha müsbət nəticələr əldə olunar. Nəticədə yaxşı təkliflər irəli sürə bilərik”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm