• USD 1,7008 +0,01% EUR 2,0342 +0,65%
    • GBP 2,3097 +0,68% RUB 0,0294 +0,68%

Üzə çıxara bilmədiyimiz 142 illik tarix - Mətbuatımızın MUZEY PROBLEMİ

Üzə çıxara bilmədiyimiz 142 illik tarix - Mətbuatımızın MUZEY PROBLEMİ

Bizim eradan əvvəl 59-cu ildə qədim Romada nəşr olunan dünya tarixindəki ilk qəzet barədə təsəvvürümüz olmasa da, ABŞ-da 7 gün çıxan ilk gündəlik qəzet – “Vaşinqton Post”, İngiltərədə “Times”, İtaliyada “Qazeta”, Almaniyada “Pagell” kimi bir neçə əsr əvvəl çıxan qəzetlərin orijinallarını görmək, onların necə, hansı şəraitdə çap olunduğu ilə əyani şəkildə tanış olmaq mümkündür. Bəs bu günlərdə Azərbaycanda mətbuatın 142 illiyini qeyd etməyimizin səbəbkarı olan ilk qəzet “Əkinçi”nin necə hazırlanması barədə təsəvvürümüz varmı?

Bir çox ölkələrdə mətbuatın ilk nümunəsindən tutmuş bugünkü onlayn mediaya qədər bütün məlumatları əldə etmək üçün muzeylər əməlli-başlı informasiya mənbəyidir. Üstəlik, bəzilərinə virtual səyahət də mümkündür.

Məsələn, İngiltərənin Bradford şəhərindəki Milli Elm və Media Muzeyində 3 milyondan artıq mədəni və tarixi əhəmiyyəti olan eksponata nümayiş olunur. Məşhur fotoqrafiya, film və televiziya koleksiyaları qorunur.

Amerika media tarixi ilə bağlı isə Vaşinqtonda yerləşən 7 mərtəbəli, 250 min kv metr sahəsi olan “Newseum” tikilib. Muzeyin saytında ilk olaraq dünyada 80-dən çox qəzetin gündəlik ön səhifələri təqdim edilir. Digər qalareyalarda mətbuat azadlığı, 11 sentyabr hücumları, televiziya və radio tarixini ehtiva edən məlumatlar yer alıb. Muzeyin illik ziyarətçi sayı 815 mindir. 2015-ci ildə muzey 59 milyon gəlir əldə edib. Dünyanın ən interaktiv muzeylərindən biri hesab edilən “Newseum” təcrübəsi, radioların yaranmasından elektron kommunikasiyanın təkamülünü, indiki və gələcək texnologiyalarına qədər məlumatı özündə cəmləşdirib. Bura təkcə muzey deyil, həm də tələbələr üçün öyrənmə platformasıdır.

“Newseum” konfrans, toy, film premyeraları və xüsusi tədbirlər üçün şəhərin ən çox seçilən yerlərindən birinə çevrilib. Azərbaycanda isə mətbuat, radio və televiziya ilə bağlı dəyərli məlumatlar fərdi şəxslərin evində, ya ev muzeylərində, bəziləri isə xarici ölkələrdədir.

Bu məsələ Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşovu da narahat edir. O, Azərbaycan Mətbuat Muzeyinin yaradılmasının vacib olduğunu bildirir: “Bizim mətbuatımızın tarixi ilə bağlı bəzi nəşrlərin nüsxələri Azərbaycanda yoxdur. Mətbuat tarixi, o cümlədən, mühacirət ədəbiyyatı ilə bağlı eksponat və sənədlər şəxsi muzeylərdə, müxtəlif ölkələrin arxivində saxlanılır: “Sankt-Peterburq, Moskva, Ankara, İstanbul, Berlin, Varşava və Paris arxivlərində sənədlər, o cümlədən, ayrı-ayrı şəxslərə aid əşyalar saxlanılır. Mətbuat Muzeyi ilk mərhələdə ayrı-ayrı muzeylərin nəzdində yaradıla bilər. Amma hesab edirəm ki, mətbuat muzeyi müstəqil olmalı, onun üçün xüsusi bina ayrılmalıdır. Həmin bina yeni avadanlıqla təmin olunmalı, müasir tələblərə cavab verməlidir. Bu da kifayət qədər sərmayə tələb edir. Bir sıra ölkələrdə bu cür muzeylər ayrı-ayrı iş adamlarının köməkliyi hesabına həyata keçirilir”.

Ölkəmizdə mətbuat muzeyinin yaradılması üçün ilk addımı atan “Şərq”qəzetinin baş redaktoru Akif Aşırlı hesab edir ki, bu gün rəhbərlik etdiyi qəzetdə yaradılan muzey gələcəkdə Mətbuat tarixi muzeyi üçün başlanğıc rolunu oynayır: “Təbii ki, 5 otaqda Azərbaycan mətbuat tarixinin bütün salnaməsini canlandırmaq mümkünsüzdür. Həm də muzey geniş bir anlayışdır. Bizim muzeydə orijinal qəzetlər, sənədlər saxlanılır. Müxtəlif jurnalistlərin şəxsi əşyaları, 136 yaşlı “Ziya” qəzeti, “Molla Nəsrəddin” jurnalının orijinal nüsxəsi, “Dəbistan”, “Məktəb” jurnalının (1915-16-cı illər) bütün komplektləri var, “Tərcüman” qəzetinin Məktəb əlavəsinin 20-dən çox sayı, Cənubi Azərbaycanda çap olunan bir neçə qəzet, mühacirət mətbuatının əksər nüsxələrinin orjinalı var. Bu orijinalları qorumaq üçün işıqlandırmadan tutmuş, rütubətə qədər hər bir şey nəzərə alınmalıdır. Sadəcə ürəyimizdən gəldiyinə görə redaksiya daxilində bu muzeyi yaratmışıq. Bu mətbuat tariximizi özündə əks etdirən bir ilkdir. Burada 16-ya yaxın mətbuat tarixində dəyərli şəxsiyyətin portreti var”.

A.Aşırlı layihənin daha da genişlənməsi, inkişaf etdirilməsi üçün dəstəyə ehtiyac olduğunu dedi: “Bu layihəni həyata keçirməkdə Prezidentin ictimai-siyasi məsələlər üzrə koməkçisi Əli Həsənovun dəstək və tövsiyələri olub. Mətbuat Şurasının sədri Əfalatun Amaşov iki dəfə bura baş çəkib, görülən işlərlə maraqlanıb. Həmçinin millət vəkili Cavanşir Feyziyev eksponatların toplanması üçün maddi və mənəvi dəstək göstərib. Habelə Xalq şairi Nəriman Həsənzadə layihədə dəstək olub, şair Mikayıl Bozarqanlı 4 böyük şəxiyyətin portretini rəssamlardan alıb, bizə hədiyyə edib. Bu layihədə dəstək olan hər kəsə təşkkür edirəm. Gələcəkdə dövlət bu sahədə qərar verəcəksə, şəxsən özüm də belə bir muzeyin yaradılmasında iştirak edəcəm”.

Картинки по запросу elçin mirzəbəyli

“Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli deyir ki, media sahəsində, mətbuatın inkişafı, jurnalistklərin sosial imkanlarının yaxşılaşdırılması ilə bağlı bir çox addımlar atılıb. Lakin mətbuat muzeyinin yaradılması təşəbbüsün gerçəkləşdirilməsi mümkün olmayıb: “İlk belə bir addımı “Şərq”qəzetinin baş redaktoru atıb. Onun bu ideyasını dəstəkləmək lazımdır. Azərbaycan media muzeyinin yaradılması daha geniş bir layihə olacaqsa, hər birimiz əlimizdə olan imkan daxilində məlumatları təqdim edə bilərik. Şərqdə zamanına görə ən inkişaf etmiş mətbuat orqanları Azərbaycanda formalaşıb, bu mətbuat yalnız bizim sərhədlərlə çərçivələnməyib, Türk, İslam dünyası arealına çox ciddi təsir göstərib. 1918-ci ildə Azərbaycanda qəbul edilmiş mətbuat haqqında qanun bu gün dünyanın bir çox ölkələri üçün örnək ola bilər. Həmin qanun faktiki olaraq Türkiyə Cümhuriyyətinin Mətbuat haqqında qanununa çevrildi. Azərbaycan media tarixində bu cür faktlar kifayət qədərdir. Bu aspektdən həm yerli vətəndaşlar, həm də ölkəmizə gələn əcnəbilər muzeydə mətbuat tariximizlə faktiki tanış ola bilərlər”.

E.Mirzəbəyli hesab edir ki, muzey tarixi olsa da, müasir tələblərə uyğun qurulmalıdır: “Bu Azərbaycan mətbuatının müxtəlif dövrlərini əhatə edən bir muzey olmalıdır. Cümhuriyyətə qədər, həmin dövr, SSRİ və Müstəqil Azərbaycan mətbuatı kimi dövrlərə bölmək olar. Azərbaycan mətbuatı ilə bağlı fərdi şəxslərdə çox dəyərli məlumatlar var. Onların bir yerə toplanması, çox yaxşı olardı. Təkcə çap mətbuatı yox, radio, televiziya, hətta müasir internet media ilə bağlı da əyani vasitələrlə məlumatlar ola bilər”.

Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı mətbuat muzeyinin yaradılmasının maraqlı ideya olduğunu və bunun üçün məlumat, eksponatların toplanmasının çətin olmayacağını düşünür: “Bu muzeydə çap maşınının yaranmağından, ilk qəzetlər, ilk jurnalistlər haqqında məlumatlar, daha sonra mərhələli şəkildə digər dövrlər barədə eksponatlar təqdim edilə bilər. Belə bir muzey təşkil edilsə, şəxsən özüm də məmnuniyyətlə dəstək olardım”.

E.Şıxlı hesab edir ki, bu muzey dövlətin qərarı ilə yaradıla bilər: “Mədəniyyət və Turizm Nazirliyi, eləcə də Mətbuat Şurası tərəfindən bu məsələ qaldırıla bilər. Bundan sonra əlavə dəstək də almaq olar. Əsas məsələ prezident tərəfindən bununla bağlı sərəncamın verilməsidir. Bu muzey üçün eksponatları toplamaq asan olmayacaq, lakin çətin də deyil. Dövlət tərəfindən bununla bağlı qərar verilib, yer ayrılsa, qalan işləri jurnalistlər özləri də həyata keçirə bilər. Muzeydə bu vaxta qədər fəaliyyət göstərmiş bütün mətbuat orqanları haqqında məlumatlar toplanmalıdır”.

Media eksperti Qulu Məhərrəmli Azərbaycan mətbuatının keçdiyi yolun canlı eksponatlarla təqdim olunması üçün mətbuat muzeyinin yaradılmasını vacib hesab edir: “Əkinçi qəzetinin hansı maşında çap olunub, ötən əsrin əvvəllərində Orucov qardaşlarının mətbəəssinin avadanlıqlarının harada olması bizim üçün maraqlıdır. Nəşriyyat və çap işini texnoloji baxımdan izləmək, həmçinin mətbuat tarixi haqqında təsəvvür yaratmaq üçün bu muzeyin yaradılması maraqlı olardı. “Şərq” qəzetinin baş redaktoru öz imkanları daxilində belə bir muzey yaratmağa cəhd edib, orada bir çox qiymətli əşyalar var. Amma muzey yaratmaq işi çox ağır və ciddi maliyyə, elmi yanaşma tələb edir. Yaxşı olardı ki, bu dövlətin gücü və köməyi ilə yaradılsın”.

Amerikada bir neçə dəfə media muzeyində olduğunu deyən Q.Məhərrəmli orada qəzet, çap işi sənədli kino tarixini əks etdirən eksponatlar toplandığını bildirib: “Amerikaya xüsusi layihə ilə gedən qonaqları həmin muzeyə aparırlar. Buna görə bu cür muzeylər həm də mədəniyyət nümunəsi, mətbuatın tarixinə bir əyani ekskursiyadır”.

Gülxar

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>