"Qarabağ"ın qələbəsinin pərdəarxası: Bir oyunla ÜÇ HƏDƏF
Bizi izləyin

Nida Xəbər

"Qarabağ"ın qələbəsinin pərdəarxası: Bir oyunla ÜÇ HƏDƏF

Dünən gecə Çempionlar Liqasının play-off mərhələsi çərçivəsində Danimarka təmsilçisi ilə qarşılaşan doğma “Qarabağ” futbol klubu layiqli qələbəsi ilə bütün azərbaycanlılara bayram coşğusu yaşatdı. “Qarabağ” tarixi qələbəsi sayəsində Azərbaycan futbol tarixində bir ilkə imza ataraq UEFA Çempionlar Liqasının qrup mərhələsinə yüksəldi.

Publika.az tarixi qələbədən sonra ölkənin tanınmış ictimai-siyasi xadimlərinin matç haqqındakı təəssüratlarını öyrəndi.

Millət vəkili Aydın Mirzəzadə:

“Hər birimizin içində “Qarabağ”ın qalib gələcəyinə böyük inam var idi. Çünki son illərdə Azərbaycan futbolunda böyük keyfiyyət dəyişiklikləri gedir. “Qarabağ”ın qrup mərhələsinə addımlaması futbolumuzun səviyyəsini bir az da qaldırdı. Bu da ilk növbədə Azərbaycan cəmiyyətinin futbola və idmana böyük qayğısının nəticəsi olaraq özünü göstərdi.

Bu gün bizim üçün və dünya üçün futbol sadəcə idman deyil, dövlətin inkişaf səviyyəsini göstərən bir indiqatordur. Fikir verirsinizsə, dünyanın ən güclü futbol klubları ən inkişaf etmiş ölkələrə məxsusdur. “Qarabağ” dünənki qələbəsi ilə bizi bu ölkələrin siyasına qatılmağa daha bir addım da yaxınlaşdırdı.

Hesab edirəm ki, dünən gecə bütün Azərbaycan və bütün azərbaycansevərlər ayaq üstə idi. Çünki Avropanın 32 ən güclü futbol komandasının içində olmaq, “Barselona”, “Real Madrid”, “PSJ” kimi komandalarla bir mərhələdə oynamaq hər ölkəyə nəsib olmur.

Dünən mərhələdə işirak edəcək 32 komandanın siyahısına baxdım. Siyahıda keçmiş MDB məkanından cəmi 4 komanda var: ikisi Rusiya, biri Ukrayna və biri də Azərbaycan. 48 Avropa ölkəsindən isə cəmi 16 ölkənin adı var idi.

Bu qələbədən sonra artıq dünya Azərbaycana Qarabağın gözü ilə baxmağa başlayacaq. İnternet serverlərində “Azərbaycan”, “Qarabağ”, “ Bakı” sözü ilə axtarışların sayı birə-on artacaq. Azərbaycan bu şöhrətə, bu qələbəyə layiqdir.

Dünən hər birimizin sevinci və ürəyi “Qarabağ” komandası idi. Əlbəttə ki, burada həm federasiyanın, həm də sponsor şirkətlərin əməyi danılmazdır.

Qarabağın son dövrlərdə sərgilədiyi performanslar həm komandanın, həm də Azərbaycanın daha çox tanınmasına, daha nüfuzlu olmasına səbəb olacaq. Məhz bu performansdan sonra komandanın oyunçularının da dəyəri qat-qat qalxacaq və şübhə yoxdur ki, gələcəkdə Avropanın aparıcı klubları “Qarabağ”ın ulduzlarını öz heyətinə qatmaq istəyəcək.

Komandanın məhz işğal olunmuş torpaqlarımızın adını daşıması çox uğurlu siyasətdir. Əlbəttə ki, bu gün “Qarabağ” sözü dünya siyasi leksikonunda tanınan və bilinən bir ifadədir. Lakin bu söz orada tamam başqa mahiyyət daşıyır. Ancaq futbol sahəsində əldə edilmiş irəliləyişlərdən sonra bu ifadə başqa mahiyyət kəsb edəcək.

Azərbaycanın Çempionlar Liqasında iştirak etməsi bir yana, məhz “Qarabağ” adı altında iştirak etməsi ölkəmizin düşmənləri üçün çox ağır bir situasiyadır. Çünki bununla biz Qarabağın Azərbaycana aid olduğunu və onun işğalda olduğunu dünyaya çatdırmış oluruq. Bu da düşmənlərə sərf etmir.

Qarabağın dünənki qələbəsi bir daha sübut etdi ki, Azərbaycan istənilən qələbəni əldə etməyi bacarır. Biz bunu yeni dövrdə daha sıx və keyfiyyətli şəkildə nümayiş edəcəyik.

Bu gün artıq “Qarabağ” təkcə futbol deyil, ərazi deyil, bütöv bir AZƏRBAYCANDIR”.

Millət vəkili Qənirə Paşayeva:

“Dünən səsim batacaq qədər həyəcan keçirmişəm. Biz bu qələbəni gözləyirdik, ümid edirdik. Bilirdik ki, “Qarabağ” bu tarixi mərhələni yaşayacaq. Dünən axşam çox gözəl və layiqli bir oyun izlədik. Rəqib meydançasında oynamaq və qalib gəlmək ikiqat ağır yükdür. Lakin”Qarabağ” bunun öhdəsindən layiqincə gəldi. Burada rəqib komandanın da potensalını dəyərləndirməliyik. Çünki rəqibimiz elə-belə bir klub deyildi.

Düşünürəm ki, dünən sadəcə Azərbaycanda yaşayan azərbaycanlılar deyil, bütün dünya azərbaycanlıları və bizi sevənlər bu oyunu maraqla izləyib və komandamızın tarixi uğuruna şahid olmaq istəyiblər.

Qələbədən dərhal sonra bütün sosial şəbəkələrdə Qarabağın uğuru paylaşıldı və alqışlandı. Çox sevindirici haldır ki, iki qardaş ölkənin - Türkiyə və Azərbaycanın futbol klubları bu mərhələdə çiyin-çiyinə, qardaşcasına mübarizə aparacaqlar.

Başda Qurban Qurbanov olmaqla, klubun bütün rəhbərliyini və üzvlərini tarixi qələbə münasibətilə təbrik edirəm. Qurban Qurbanovun zəhmətini isə xüsusi qeyd etmək istəyirəm. Çünki o, doğrudan da, çox gözəl və disiplinli bir komanda ərsəyə gətirib. “Qarabağ”ın koordinasiya edilməsində, mükəmməl oyun nümayiş etdirməsində baş məşqçisinin müstəsna əməyi var.

Çempionlar Liqasının qrup mərhələlərinə adlayan 32 ölkənin adı içində “Qarabağ”ı görmək başqa bir qürurdur, şərəfdir. Oyunçularımız da bu adın məsuliyyətini, şərəfini layiqli şəkildə daşıyırlar. Məhz belə bir komandaya sahib olduğu üçün xalqımızı ürəkdən təbrik edirəm.

Komandanın məhz “Qarabağ” adı daşıması işğal olunmuş torpaqlar problemini bir daha dünyanın nəzərinə çatdırır, həmin torpaqların əslində kimə məxsus olmasına aydınlıq gətirir. Qələbədən sonra bütün sosial şəbəkə hesablarımda milyonlarla insanın “Azərbaycan” və “Qarabağ” sözlərinin yanaşı işlətməsinin şahidi oldum. Bu düşmənlərə ciddi bir zərbədir.

Bu qələbə Azərbaycanda idmanın inkişafı anlamında dövlətin imici üçün də çox önəmlidir. Çünki idmanın özü çox effektli bir təbliğat vasitəsidir. Dünyada elə ölkələr var ki, orada sadəcə “Azərbaycan” adı eşidilib. Lakin bundan sonra milyonlarla əcnəbi Azərbaycanla yanaşı, Qarabağın hansı anlam daşıdığını, nə məaiyyət kəsb etdiyini öyrənmək istəyəcək. “Nədir Qarabağ”, “haradır Azərbaycan” suallarına cavab axtaracaq.

Qurban Qurbanov öz çıxışında çox gözəl bir cümlə işlədib: “Bu, təkcə bizim deyil, bütün Azərbaycanın uğurudur”. Mən də bu fikrə qoşuluram və xalqımı bu gözəl bayram münasibətilə təbrik edirəm”.

Millət vəkili Aqil Abbas:

“Futboldan gözəl təbliğat vasitəsi yoxdur. Buna görə də “Qarabağ”ın qazandığı qələbənin ölkəmiz üçün nə dərəcədə əhəmiyyət kəsb etdiyini deməyə artıq ehtiyac yoxdur. “Qarabağ” öz adını 32 ölkənin siyahısına yazdırdı. Bu bizim üçün çox gözəl uğurdur”.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm