Əlvida, Lütfi Zadə! - FOTOLAR - (YENİLƏNDİ)
Bizi izləyin

Nida Xəbər

Əlvida, Lütfi Zadə! - FOTOLAR - (YENİLƏNDİ)

Dünya şöhrətli alim Lütfi Zadə dəfn olunub.

Publika.az-ın xəbərinə görə, o, I Fəxri xiyabanda torpağa tapşırılıb.

Dəfn mərasimində Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, ADA Universitetinin rektoru Hafiz Paşayev, AMEA prezidenti Akif Əlizadə, AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli, MSK sədri Məzahir Pənahov və digər şəxslər iştirak ediblər.

***

Dünya şöhrətli alimlə vida mərasimi başa çatıb. O, I Fəxri Xiyabanda dəfn olunacaq.

***

Vida mərasimində görkəmli alimin həyatı və elmi fəaliyyətinə həsr edilən videoçarx nümayiş olundu.

ABŞ-ın Kaliforniya Universitetinin professoru, Yumşaq Hesablamalar üzrə Berkli Təşəbbüsünün rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü, Amerikadakı Azərbaycan diaspor təşkilatlarının fəxri sədri Lütfü Zadənin vəfatı, ümumilikdə, dünyanın elmi ictimaiyyəti üçün ağır itkidir.

Dövlətimizin başçısı mərhumun ailə üzvü ilə söhbət etdi, dərin hüznlə başsağlığı verdi.

Azərbaycan Respublikasının Xalq Artisti, professor Cənnət Səlimova Lütfi Zadənin xatirəsinə göstərilən ehtirama görə görkəmli alimin ailəsi adından Prezident İlham Əliyevə minnətdarlığını bildirdi.

Lütfi Zadə həmişə azərbaycanlı olması ilə qürur duyub, onun ürəyi daim doğma yurdu ilə döyünüb. Dünya şöhrətli azərbaycanlı alim və böyük şəxsiyyət Lütfi Zadənin əziz xatirəsi onu tanıyanların qəlbində hər zaman yaşayacaq.

***

Mərasimə dövlət və hökumət nümayəndələri, elm adamları, ictimaiyyətin təmsilçiləri qatılıb.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə bildirib ki, Lütfi Zadənin əldə etdiyi naliyyətlər praktiki baxımından dünya elminə böyük səmərə verib.

Onun sözlərinə görə, Lütfi Zadə ömrünü Amerikaya keçirsə də, doğma vətəni yaddan çıxarmayıb: "Azərbaycanın uğurları onu sevindirib. İlk dəfə 1965-ci ildə Azərbaycana gəlib. Son dəfə isə ildə Azərbaycan dövlətinin xahişi ilə 2008-ci ilsə Bakıya gəlmişdi. AMEA-da keçirilən görüşdə geniş mühazirə ilə çıxış etmişdi".

Akif Əkizadə qeyd edib ki, O, dostluq ordeni və Nizamı Gəncəvi adına qızıl medalla təltif edilib.

Mərasimdə çıxış edən təhsil naziri Mikayıl Cabbarov deyib ki, qeyri- səlis məntiqin atası hesab olunan Lütfi Zadə ömrünün son günlərində çox səlis bir qərar verərək öz vətənində dəfn olunmasını istəyib.

O, Lütfi Zadənin dünya elminə verdiyi misilsiz tövfələrdən danışıb: "Bəşəriyyətin inkişafında onun kəşfləri inqilab doğurub. Lütfi Zadə dünya elm tarixinə adını yazdıran bir çox azərbaycanlı alimlərdn biridir. O, elmində hər zaman bəşəriliyi əsas götürüb. Əminəm ki, bu gün Azərbaycanın orta və ali təhsil müəssisələrində yeni Lütfi Zadələr yetişir".

Nazir qeyd edib ki, ölkə rəhbərliyinin elmə verdiyi töhfədir ki, biz bu gün bu məkanda toplaşmışıq: “Hesab edirəm ki, Lütfi Zadənin xatirəsi əsirlər boyu yaşayacaq".

Mərasimdə çıxış edən AMEA-nın vitse-prezidenti Rasim Əliquliyev bildirib ki, Lütfi Zadə nəzəriyyəsi orta məktəbin tədris sisteminə salınacaq.

Onun sözlərinə görə, dünya üzrə süni intelekt nəzəriyyəsinə aid ilk elmi məqalə sonuncu dəfə 1950-ci ildə Lütfi Zadə tərəfindən çap olunub: "Amerikada elm ictimaiyyəti bu məqalə ilə tanış olduqdan sonra düşünən maşınlar barədə layihələr hazırlayıb. Lütfi Zadə nəzəriyyəsi Amerikada uzun müddət qəbul olunmayıb. Yalnız yaponlar onun məqaləsinə dəyər vermişdilər. Yaponiyada 23 min qeyri-səlis məntiqə aid texnologiya mövcuddur və onların 18 mini dünya şirkətləri tərəfindən geniş şəkildə istifadə edilir. Bunun kökündə isə Lütfi Zadə elmi dayanır. 5-ci nəsil texnologiyası məhz Lüfti Zadə elmi sayəsində meydana gəlib".

Rasim Əliquliyev onu da əlavə edib ki, Lütfi Zadə Nobel mükafatına layiq alim idi: "Bu mükafatı alacağına inanıram. Orta məktəblərdə Lütfi Zadə nəzəriyyəsi tədris olunaraq onun elmi nəzəriyyələri davam etdiriləcək”.

Mərasim davam edir.

***

Lütfi Zadə ilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əsas binasında vida mərasimi başlayıb.

Publika.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünya şöhrətli alimlə keçirilən vida mərasiminə qatılıb.

***

Dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadə ilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əsas binasında vida mərasimi başlayır.

Dövlət rəsmiləri, elm adamları və ictimaiyyət nümayəndələri mərasimdə iştirak etmək üçün AMEA-da toplanıb.

***

Dünya şöhrətli azərbaycanlı alim, Kaliforniya Universitetinin professoru Lütfi Zadənin nəşi yuyulmaq üçün Heydər Məscidinə gətirilib.

Publika.az xəbər verir ki, məsciddə cənazə namazı qılınıb, Lütfü Zadənin ruhuna dualar oxunub. Dünya şöhrətli alimin cənazəsi vida mərasimin keçirilməsi üçün AMEA-ya yola salınıb.

Vida mərasimi saat 12.00-dan 14.00-dək keçiriləcək.

Mərhum I Fəxri xiyabanda dəfn olunacaq.

Qeyd edək ki, Lütfi Zadə 1921-ci il fevralın 4-də Bakıda, Rəhim Ələsgərzadə (1895-1980) və yəhudi əsilli rus uşaq həkimi olan Feyqa (Fanya) Moiseyevna Koremanın (1897-1974) ailəsində dünyaya gəlib.

Lütfi Zadə süni intellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Kaliforniya Berkli Universitetinin professoru idi. O, bu ali təhsil müəssisəsinin ömürlük professoru seçilmiş yeganə şəxsdir. Amerikadakı Azərbaycan diaspor təşkilatlarının fəxri sədridir.

Dünya elminə Lütfi Zadənin 6 mühüm nəzəriyyəsi məlumdur. Hazırda onlar elm və istehsalatda geniş şəkildə tətbiq olunur. Ona dünya şöhrəti qazandıran, onun dünya elmində inqilab hesab olunan qeyri-səlis məntiq nəzəriyyəsidir.

Bu nəzəriyyə bütün dünyada elmə, texnika və texnologiyaya geniş nüfuz edib. Paltaryuyan maşınlardan tutmuş, avtomat sürücüyə kimi yüzlərlə, minlərlə sistemdə, qurğuda tətbiq olunub.

Dünya şöhrətli alimi sentyabrın 6-da 96 yaşında Kaliforniyada vəfat edib.

Gülxar

FOTO: Elnur Muxtar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm