"Struktur islahatları ilə daha çevik hökumət quruldu" - DEPUTAT
Bizi izləyin

Nida Xəbər

"Struktur islahatları ilə daha çevik hökumət quruldu" - DEPUTAT

Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən struktur islahatları idarəetmə sisteminin təkmilləşməsinə xidmət edir. Bu islahatlar nəticəsində idarəetmə sistemindəki paralelliyin və təkrarçılığın aradan qaldırılması, dinamikli, mobilli, daha çevik, operativ idarəçilik mexanizminin formalaşması həyata keçirilir.

Prezident İlham Əliyev dəfələrlə bu islahatların aparılmasının zəruriliyini qeyd edib. Çünki bəzi qurumlar bir çox halda bir-birinin fəaliyyətini təkrarlayır ki, bu da həm mürəkkəb strukturun formalaşmasına, həm də bürokratiyaya səbəb olur. 2016-cı ilin 26 sentyabr tarixində keçirilən referendumdan sonra bu əngəllərin aradan qaldırılması, daha təkmil struktur mexanizminin yaradılması istiqamətində mühüm addımlar atıldı. Belə addımlardan biri də Nazirlər Kabinetinin fəaliyyətinin təkmilləşdirilməsidir.

Prezident İlham Əliyevin 2017-ci il 23 avqust tarixli fərmanı ilə Nazirlər Kabineti Aparatının yeni strukturu təsdiq edildi və Aparatın işçilərinin say həddi (İşlər idarəsi istisna olmaqla) 200 ştat vahidi müəyyən edilib. Fərmana əsasən, mövcud olan 11 şöbənin birləşdirilməsi nəticəsində 5 yeni şöbə yaradılıb. Həmçinin bir sıra şöbələrin adları dəyişdirilməklə fəaliyyət istiqamətləri təkmilləşdirilib.

Təsdiq olunmuş struktur belədir: Baş nazirin xidməti; Baş nazirin birinci müavininin xidməti; Baş nazirin müavinlərinin xidmətləri; Nazirlər Kabineti Aparatının rəhbərinin xidməti; Nazirlər Kabineti Aparatı rəhbərinin müavininin xidməti; Hüquq şöbəsi; Maliyyə və iqtisadiyyat məsələləri şöbəsi; Humanitar və sosial məsələlər şöbəsi; Beynəlxalq əlaqələr şöbəsi; Sənaye və energetika məsələləri şöbəsi; Neft və kimya məsələləri şöbəsi; Kənd təsərrüfatı məsələləri şöbəsi; Ekologiya məsələləri şöbəsi; Təhlükəsizlik və müdafiə məsələləri şöbəsi; Kommunikasiya, tikinti və kommunal təsərrüfatı məsələləri şöbəsi; Regionların inkişafı məsələləri şöbəsi; Beynəlxalq maliyyə təşkilatları ilə iş şöbəsi; Qaçqınların və məcburi köçkünlərin məsələləri şöbəsi; Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi; Mətbuat xidməti; İşlər idarəsi.

Nazirlər Kabineti bu vaxta qədər sabiq Baş nazir Surət Hüseynovun 1994-cü ildə təsdiq etdiyi Müvəqqəti Reqlament əsasında fəaliyyət göstərirdi. Qeyd edilən Fərmanda Azərbaycan Prezidentinin verdiyi tapşırıqdan sonra “Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydası” və “Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatı haqqında Əsasnamə” layihələri qısa müddətdə hazırlandı və dövlətimizin başçısının 2017-ci il 10 oktyabr tarixli Fərmanı ilə təsdiq edildi.

Bu sənədlər Nazirlər Kabinetinin fəaliyyətinin təkmilləşdirilməsi, operativliyinin təmin edilməsi və səmərəliliyinin yüksəldilməsi məqsədilə qəbul olunub.

Bunu Publika.az-a şərh edən millət vəkili Aydın Hüseynov bildirib ki, islahatlar Nazirlər Kabinetinin işinin effektivliyinə müsbət təsir göstərəcək:

“Nazirlər Kabineti ali icraedici orqandır. Bu orqanın strukturu nə qədər mükəmməl olarsa, bir-birini təkrarlamazsa, işin operativliyi və nəzarətin çevikliyinə o qədər müsbət təsir edər. Sözügedən islahatlar büdcə vəsaitlərinə qənaətlə yanaşı, Nazirlər Kabinetinin işinin daha da effektliyinə təsirini göstərəcək. Bu kimi islahatlar iqtisadiyyatımızın stimullaşdırılmasına, idarəetmənin çevikliyinə xidmət edən və bu sahəni daha da mükəmməlləşdirən tədbirlərdir”.

A.Hüseynov bu cür islahatların aparılmasının zamanın tələbi olduğunu bildirib:

“Ölkəmizdə yeni iqtisadi strategiya müəyyənləşdirilib. Ötən ilin dekabrında cənab Prezidentin sərəncamı ilə Strateji Yol Xəritəsi hazırlanıb. İqtisadiyyatın 12 sektorunu əhatə edən mükəmməl bir proqram ortaya qoyulub. Bu da özlüyündə daha çevik və optimal sturukturların yaradılmasını tələb edir. Bir-birini təkrarlayan struktur dəyişikliklərinin aparılması zamanın, iqtisadi çağırışların tələbidir. Bu məsələni gecikdirmək olmaz və artıq öz həllini tapıb”.

Millət vəkili Vahid Əhmədov isə bildirib ki, Nazirlər Kabineti bu vaxta qədər 1994-cü ildə təsdiq edilən Müvəqqəti Reqlament əsasında fəaliyyət göstərirdi, bu gün daha çevik bir hökumətə ehtiyac var:

“Bu baxımdan Prezidentin imzaladığı fərman çox əhəmiyyətli addımdır. Struktur islahatları həyata keçirilməklə daha çevik hökumət quruldu ki, bu da Azərbaycanda iqtisadi islahatları aparmaq üçün normal şərait yaratmağa yönəldilib. Müəyyən struktur islahatları sona çatdırılmayıb, müəyyən işlər görüləcək. Ümumilikdə isə aparılan işlər qane edir. Nazirlər Kabinetinin strukturunun təkmilləşdirilməsi Azərbaycanda aparılan iqtisadi islahatların faktiki olaraq tərkib hissəsidir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm