“Rəsulzadənin ata evi...” - Milli Məclisdə Cümhuriyyət müzakirəsi
Bizi izləyin

Nida Xəbər

“Rəsulzadənin ata evi...” - Milli Məclisdə Cümhuriyyət müzakirəsi

“Azərbaycan Prezidenti Xalq Cümhuriyyətinin 100 illiyinin dövlət səviyyəsində qeyd edilməsi ilə bağlı sərəncam imzalayıb. Hesab edirəm ki, Prezidentin bu sərəncamı vaxtında atılan addımdır”.

Publika.az-ın məlumatına görə, bu sözləri Milli Məclisdə çıxışı zamanı deputat Fazil Mustafa səsləndirib:

“Bildiyiniz kimi, bizimlə yanaşı erməni və gürcülər də cümhuriyyətlərinin 100 illiyini qeyd edir. Cümhuriyyətin 100 illiyinin qeyd edilməsinə 6 ay müddət qalır. Hesab edirəm ki, Azərbaycan parlamenti də keçiriləcək tədbirlərlə bağlı qərar verməlidir, Gəncədə və digər yerlərdə keçiriləcək tədbirlər haqqında məlumatlı olmalıyıq. Bilirəm ki, Oqtay müəllimin Azərbaycan Xalq Cümhuriyyəti münasibəti duyarlıdır. Hesab edirəm ki, bunu qərarlarımızda göstərməyimiz lazımdır”.

Deputat deyib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasında iki şəxsiyyətin müstəsna rolu olub:

“Cümhuriyyətin yaradılması, onun ideyası, dövlət atributlarının müəyyən edilməsində Məhəmməd Əmin Rəsulzadənin fəaliyyəti mühümdür. Cümhuriyyətin hərbi baxımdan qorunmasında isə Nuru Paşanın fəaliyyəti misilsizdir. Nuru Paşaya abidə qoymaqla bağlı mən və həmkarım Qüdrət Həsənquliyev Baş nazirə müraciət etmişik. Bu günə qədər müraciətimizə cavab verilməyib. Məhəmməd Əmin Rəsulzadənin Novxanıdakı ata ocağı isə bildiyim qədər uşaq bağçası kimi fəaliyyət göstərir”.

Spiker Oqtay Əsədov isə Fazil Mustafanın dediklərinə cavab olaraq bildirib ki, Prezidentin sərəncamından sonra Milli Məclis işə başlayıb:

“Bu Cümhuriyyətlə yanaşı Azərbaycan parlamentinin 100 illiyi ilə bağlıdır. İşlər gedir və zamanı gələndə nəticəsini görəcəksiniz”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm