Millət vəkili: "Bu gün Türkiyə NATO ilə deyil, NATO Türkiyə ilə güclüdür"
Bizi izləyin

Nida Xəbər

Millət vəkili: "Bu gün Türkiyə NATO ilə deyil, NATO Türkiyə ilə güclüdür"

“Dünyanın inkişafına böyük töhfələr vermiş bir ölkənin liderinə və indiki dövlət başçısına qarşı belə bir hərəkət etmək onu təhqir etmək deməkdir”.

Bu Publika.az-a açıqlamasında millət vəkili Aydın MirzəzadəNATO ilə Türkiyə arasında yaranmış problemi şərh edərkən deyib.

Millət vəkili bu hadisənin NATO-nun müəyyən dairələrində anti-türk münasibətlərini ortaya qoyduğunu bildirib:

“Bu onu göstərir ki, NATO daxilində hələ də ideoloji və siyasi münasibətlər tam formalaşmayıb və bəzi ölkələr hələ də 3 növ kimi qəbul edilir. Məsələ ilə bağlı Norveçin və NATO-nun üzrxahlıq etməsi kifayət deyil. Bu, NATO-nun sammitində ciddi müzakirəyə çıxarılmalı və bir daha Türkiyə də daxil olmaqla, hər hansı bir ölkəyə qarşı bu cür münasibət sərgilənməyəcəyinə dair zəmanət verilməlidir. Bu gün Türkiyə NATO ilə deyil, NATO Türkiyə ilə güclüdür. Bu ölkənin ittifaqda siyasi nüfuzu bu gün dünyada stabilliyin qorunmasında böyük rol oynayır.

Təbii ki, Azərbaycan bu məsələdə də Türkiyənin yanındadır. Hesab edirik ki, qardaş ölkəyə qarşı atılmış bu addım əvvəldən düşünülmüşdür və siyasi təxribat xarakteri daşıyır.

Baş vermiş son hadisənin NATO-Türkiyə münasibətlərinə hansı təsirləri olacağını zaman göstərəcək. Türkiyə heç vaxt konfliktin, müharibənin və ya qarşıdurmanın tərəfdarı olmayıb. Ancaq onun hissiyyatı, adı ilə oynamaq yolverilməz bir haldır. Buna görə də hadisənin təşkilatçıları ciddi cəzalandırılmalıdır.

Maraqlısı odur ki, Norveçdən başqa heç bir ölkə bu məsələ haqqında hər hansı bir bəyanat yaymayıb. Bu necə müttəfiqlikdir? Müttəfiqin biri təhqir edilir, digərləri susaraq cavab verir. Bəs kim zəmanət verə bilər ki, belə bir hal digər bir müttəfiqin başına gəlməyəcək? Hər halda Türkiyənin NATO-ya verəcək kifayət qədər sualları var”.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm