NATO-nun qardaşımıza qarşı növbəti ÇİRKİN OYUNU: “Pulu kim verirsə..."
Bizi izləyin

Nida Xəbər

NATO-nun qardaşımıza qarşı növbəti ÇİRKİN OYUNU: “Pulu kim verirsə..."

“NATO Türkiyə üçün önəmli bir alyansdır. Ancaq Türkiyə NATO üçün daha da önəmlidir. Çünki bu ölkə ittifaqın İslam dünyasındakı yeganə müttəfiqi və Yaxın Şərqdəki ən etibarlı mövqeyidir. Türkiyənin ittifaqdan çıxması NATO-nun bu bölgədəki mövqelərinin itirilməsi deməkdir ki, bunun da alternativi yoxdur”.

Bu sözləri siyasi şərhçi Elçin Mirzəbəyli Publika.az-a NATO ilə Türkiyə arasında yaranmış siyasi böhranı şərh edərkən deyib.

Politoloq bildirib ki, bu böhran heç də təsadüfdən yaranmayıb:

“NATO kifayət qədər ciddi qurumdur. Və bu alyansın hərbi təlimlərində bütün proses nəzarətdə saxlanılır. Çünki bu təlimlərdə NATO-ya üzv olan bütün ölkələrin təmsilçiləri iştirak edir. Bu aspektdən yanaşdıqda hadisənin təsadüfən baş verdiyini düşünümürəm.

Bu hadisə təxribat xarakterli də baş verə bilər ki, Türkiyə-NATO əlaqələrindəki gərginlik dərinləşsin. Hətta, Türkiyənin NATO-dan uzaqlaşdırılmasında müəyyən dairələrin xüsusi marağı var. Yaxud da ola bilər ki, Atatürkün və Ərdoğanın fotolarının hədəf taxtasına qoyulması ilə Türkiyəyə ümumi mesaj veriblər.

Təbii ki, bu bir NATO müttəfiqinə -Türkiyəyə qarşı atılmış təhqiramiz addımdır və biz bunu şiddətlə qınayırıq. Düzdür, NATO-nun hərbi komandanlığı, siyasi rəhbərliyi və baş kaitibi Türkiyədən üzr istəyib. Günahkarlar da qurumdan uzaqlaşdırılıblar. Ancaq təbii ki, bu hadisəni planlaşdıranlar ciddi şəkildə cəzalandırılmalıdır".

E.Mirzəbəyli bildirib ki, Türkiyə ilə NATO arasında yaranmış ziddiyyətlərdə əsas məsuliyyət hərbi komandanlığın və rəhbərliyin üzərinə düşür:

"Çünki Türkiyənin yerləşdiyi strateji nöqtədə kifayət qədər gərgin proseslər gedir. Buna görə də Türkiyə özünü ən müasir silahlar və müdafiə sistemləri ilə təchiz etmək məcburiyyətindədir. NATO üzvü olan dövlətlər Türkiyəni bu silahla təmin etmədiyi üçün Türkiyə də alternativlər axtarmaq məcburiyyətində qalır. Bu istiqamətdə Rusiya ilə razılığın əldə edilməsi də NATO-da qıcıq yaradır, buna görə də bu ölkəyə qarşı sərt ittihamlarla çıxış edir. Əslində NATO bu günə qədər Türkiyə ilə bağlı üzərinə götürdüyü heç bir öhdəliyi yerinə yetirməyib. Qardaş ölkəmiz bu dəqiqə terror təhdidləri ilə üz-üzə qalıb, ancaq NATO öz üzvünün ərazi bütövlüyünün və sabitliyinin qorunması üçün heç bir addım atmır.

Düşünürəm ki, ikili arasındakı böhranın əsas səbəbi Türkiyənin Rusiyadan “S-400” havadan müdafiə sistemi almasıdır. Ancaq Türkiyənin NATO qarşısında səsləndirə biləcəyi əsaslı arqumentləri var. Yuxarıda da qeyd etdiyim kimi, Türkiyə öz ərazi bütövlüyünü ehtimal edilən təhdidlərdən qorumaq üçün müdafiə sistemlərinə ehtiyac duyur. Bu silahların da NATO tərəfindən verilməsini istəyir. Bunun üçün ittifaqa dəfələrlə müraciət edilsə də, heç bir nəticə əldə edilməyib. Belə olduğu təqdirdə Türkiyə də alternativ yol tapıb. Bu baxımdan NATO-nun üzvünə qarşı qaldırdığı ittihamların heç bir əsası yoxdur".

Siyasi şərhçinin fikrincə, Türkiyənin müstəqil siyasət yürütmək cəhdi və bir çox hallarda NATO-dakı müttəfiqlərlə hesablaşmaması bu gün belə genişmiqyaslı böhranlara yol açır:

"Türkiyənin indiyə qədər özünə qarşı münasibətdə nümayiş etdirilən simasızlıq və ədalətsizliyin cavabını artıqlaması ilə verməsi, hər şeyi öz adı ilə çağırması müttəfiqlərinə toxunduğu üçün Norveçdən başqa, demək olar ki, heç bir üzv ölkə bu böhrana münasibət bildirmədi.

Əslində müttəfiqlərin ortalıqda sadə və bəsit reallıqları var. NATO istəyir ki, Türkiyə onların arzuladığı bütün proseslərdə iştirak etsin. Türk hərbi sistemi onların maraqları uğrunda mübarizə aparsın və bunun qarşılığında Türkiyənin mühafizəsi üçün heç bir addım atmasın. Necə olur ki, illərdir PKK terror təşkilatı Türkiyənin sabitliyini təhdid edir, ancaq Avropanın mərkəzində yerləşən NATO üzvləri öz ərazilərində həmin təşkilatın qərargahını qurur.

Son dövrlərdə Türkiyə bu problemləri açıq şəkildə dilə gətirdiyi üçün müəyyən ziddiyyətlər ortaya çıxır. Məhz bu ikili standartlar da NATO üzvlərinin gerçək simasını ortaya çıxarır. Buna görə də yaranmış problemlərin aradan qaldırılması istiqamətində müttəfiqlərdən hər hansı bir canfəşanlıq gözləmək absurddur.

NATO-nun büdcəsinin əhəmiyyətli hissəsini verən Amerikadır, NATO hərbi komandanlığı ABŞ-ın nəzarətindədir və pulu kim verirsə, musiqini də o sifariş edir”.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm