“Bu, NATO-nun dağılmasına gətirib çıxara bilər” - ŞƏRH
Bizi izləyin

Nida Xəbər

“Bu, NATO-nun dağılmasına gətirib çıxara bilər” - ŞƏRH

“Bu, hər şeydən əvvəl Türkiyənin artan hərbi-siyasi çəkisi ilə bağlıdır”.

Bu barədə Türkiyə və NATO arasında yaranan gərginliyi şərh edən siyasi elmlər namizədi, politoloq Elşad Mirbəşiroğlu Publika.az-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, Qərb artıq Türkiyə ilə aralarında olan körpünün yanmaqda olduğunu dərk edir. Politoloq Türkiyə prezidentlik idarəçiliyinə keçidlə bağlı addımların atılmasına başlanılan dövrdən bu yana Qərblə Türkiyə arasında sərinləşmənin getdiyini xatırladıb:

“Türkiyədə parlament üsul-idarəsinin olması Qərbin maraqlarını təmin edirdi. Bu halda hakimiyyətdə bir deyil, bir neçə siyasi qüvvə təmsil olunurdu və bu qüvvələrdən birinin köməyilə Türkiyənin siyasətinə təsir imkanları meydana çıxırdı. Prezident Rəcəb Tayyib Ərdoğanın prezident üsul-idarəsinə keçidlə bağlı atdığı addımlar münasibətləri sürətlə sıfır nöqtəsinə gətirib çıxarıb. Qərb strukturları bu məsələ ilə bağlı özlərinin kəskin mövqeyini zaman-zaman ortaya qoyub. Son olaraq Avropa İttifaqı Türkiyəyə ayrılacaq vəsaiti kəskin şəkildə azaldıb. Bütün bunlar onu göstərir ki, Türkiyə-Qərb münasibətləri təkcə NATO formatında deyil, həm də digər formatlarda kəskinliyi ilə seçilməkdədir”.

Müsahibimiz xatırladıb ki, 2016-cı il dövlət çevrilişinə cəhddən sonra Türkiyə cəmiyyətində NATO-ya qarşı narazılıq açıq şəkildə özünü büruzə verirdi və hakimiyyət kuliarlarında da çevriliş cəhdində NATO-nun bu və ya digər dərəcədə rolunun olduğuna dair ehtimallar səsləndirilirdi. Hətta helikopterlərin “İncirlik” aviabazasından qalxdığına dair fikirlər dilə gətirilirdi. O vaxtdan Türkiyə və NATO münasibətlərində sərinləşmə gedirdi və Türkiyədə hakimiyyət hiss edirdi ki, Ərdoğan Qərbin ən möhtəşəm hərbi-siyasi infrastrukturu üçün arzuolunmaz şəxsdir. Təbii ki, Türkiyə müvafiq addımlar atmaq məcburiyyətində qaldı və Rusiya ilə yaxınlaşmağa başladı. Bu yaxınlaşma yalnız iqtisadi deyil, həm də hərbi və siyasi sahəni ciddi şəkildə əhatə etməyə başladı. Türkiyə-NATO münasibətlərin kökündə hər şeydən əvvəl Türkiyədə maksimum şəkildə zərbə vurmaq cəhdləri dayanır. Türkiyə kimi potensiallı bir ölkənin Rusiya ilə yaxınlaşması gələcəkdə NATO-nun özü üçün ciddi başağrısı yarada bilər. NATO-nun özünün də Rusiya ilə hərbi-siyasi əməkdaşlığı olmuşdu, amma bu şəkildə deyildi. Türkiyənin Rusiya ilə yaxınlaşması və S-400 zenit-raket sistemlərinin alınması barədə əməkdaşlıq sözün həqiqi mənasında, NATO-da duş effekti yaradıb. Bu baxımdan da, NATO Türkiyəyə qarşı maksimum kəskin mövqe sərgiləməkdədir və son olaraq Norveçdə keçirilən NATO təlimlərində türklərin ideya atası Atatürklə hazırkı lideri Ərdoğanın portretlərinin düşmən hədəf kimi göstərilməsi Türkiyəyə bir mesaj kimi qiymətləndirilməlidir. NATO-nun baş katibi Jens Stoltenberq hadisəyə görə üzr istəsə də, Ərdoğan üzrü qəbul etmədi. Çünki, Ərdoğan gözəl bilir ki, bu adi bir insident deyil, bu NATO-nun Türkiyəyə münasibətinin açıq göstəricisidir. Yəni, NATO Türkiyəyə deyir ki, hədəflərimdən biri də sənsən. Bu, həm də o anlama gələ bilər ki, Türkiyə Rusiya ilə eyni sırada olan ölkəyə çevrilir”.

Onun sözlərinə görə, bundan sonra müşahidə edəcəyimiz proseslər ondan ibarət olar bilər ki, NATO ilə Türkiyə arasında ziddiyyətlər daha da kəskinləşəcək.

Türkiyənin NATO-dan kənarlaşdırılması ilə bağlı Qərb siyasi və hərbi dairələrində zaman-zaman səsləndirilən təkliflərə gəlincə, E.Mirbəşiroğlu bunun baş verəcəyinə inanmadığını deyib:

“Burada bir gerçəkliyi söyləmək lazımdır. NATO Türkiyəni sıralarından buraxmaqda maraqlı olmayacaq, çünki bu, NATO-nun özünün inkişaf və mövcudluq perspektivlərinə zərbə vura bilər. Avropa ölkələri özlərinin hərbi ittifaqını yaratmağa kifayət qədər meyllidir. Onlar hesab edirlər ki, NATO əsasən ABŞ-ın strukturudur. NATO-nun 900 milyard dollarlıq büdcəsinin təxminən 600 milyardı ABŞ-ın payına düşür. Təbii ki, belə olan halda ittifaqda əsas söz sahibi ABŞ olacaq. Bu isə Avropanı qane etmir. Avropa ölkələri cüzi bir məqam gözləyirlər ki, ABŞ-ın iqtisadi, hərbi və siyasi orbitindən uzaqlaşsınlar. ABŞ isə onların NATO sıralarından çıxmasını qəbul etməyəcək və bunun qarşısının alınması üçün əlindən gələni edəcək. Bu, bir presedent yaradacaq. Nəzərə alaq ki, Fransanın NATO-nun tərkibindən çıxaraq yenidən qayıtması təcrübəsi var. Bunu digər Qərbi Avropa ölkələri tamamlaya bilərlər. Amma bundan sonra NATO-nu tərk edənlər bir daha geri qayıtmayacaq. Bu isə hərbi alyansın dağılmasına gətirib çıxara bilər. Hesab edirəm ki, NATO rəhbərliyi buna görə də Türkiyəni sıralarından buraxmamağa çalışacaq”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm