Bakı Avropada separatizmə qarşı hərəkat yaratdı
Bizi izləyin

Nida Xəbər

Bakı Avropada separatizmə qarşı hərəkat yaratdı

Belçika krallığının paytaxtı Brüsseldə Azərbaycan dövlətinin təşəbbüsü ilə keçirilən forum böyük uğurla başa çatıb.

Musavat.com xəbər verir ki, "Separatizmin beynəlxalq sülhə və təhlükəsizliyə yaratdığı təhdidlər" adını daşıyan tədbir boyunca problemin həllinə dair maraqlı müzakirə və təhlillər aparılıb. Xüsusən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son durum beynəlxalq ekspert və jurnalistlər tərəfindən yüksək səviyyədə təhlil olunub. Çıxışçılar erməni separatizmi və terrorunu bütün detalları ilə təhlil edərək, bunun dünya üçün mənfi örnək təşkil etdiyini bildirib.

Panel iclasının sonunda "Anti-Separatizm Hərəkatı" Beynəlxalq İctimai Təşkilatı Təşəbbüs Qrupunun Bəyanatı qəbul edilib. Bəyanatda bildirilib ki, mədəniyyətlərarası dialoqun son dərəcə mühüm aktuallıq kəsb etdiyi müasir dövrdə “millətlərin özmüqəddəratını təyinetmə hüququ”nu əsas istinad mənbəyi kimi qəbul edərək baş qaldıran separat hərəkatlar nəinki əhatə etdiyi regionlarda, eyni zamanda bütün dünyada dövlətlərin ərazi bütövlüyünü şübhə altına alır, xalqların birgəyaşayışına inamı sarsıdır, sülhü, sabitliyi, təhlükəsizliyi ciddi şəkildə təhdid edən qlobal problemə çevrilir.

Beynəlxalq Forumun bu bəyannaməyə imza atan iştirakçıları separatist hərəkatların doğurduğu münaqişə ocaqlarının dünyada sülhə, təhlükəsizliyə, sabitliyə, bəşəriyyətin gələcəyinə ciddi təhdid yaratdığını və bu təhdidlərin qarşısının alınması istiqamətində yeni mexanizmlərin müəyyənləşdirilməsinin vacibliyini təsdiqləyiblər.

Sənəddə göstərilir ki, forum çərçivəsində müxtəlif ölkələrin nümayəndələri, o cümlədən sabiq dövlət və hökumət başçıları, parlament üzvləri, ekspertlər, siyasi və ictimai xadimlərin iştirakı ilə aparılmış müzakirələr, irəli sürülmüş ideya və təkliflər əsasında qlobal sülhün və təhlükəsizliyin təmin olunmasına töhfə vermək məqsədilə "Anti-Separatizm Hərəkatı" Beynəlxalq İctimai Təşkilatının Təşəbbüs Qrupunun yaradılması təşəbbüsünü dəstəkləyiblər. Bəyanatda vurğulanır ki, Hərəkatın yaradılması təşəbbüsü dünyanın müxtəlif regionlarında separatizm hərəkatları nəticəsində meydana çıxan, yüzminlərlə insanın qətlinə, qaçqın və köçkünə çevrilməsinə səbəb olan münaqişələrin qlobal sülhə təhdid olduğunu, bəşəriyyətin gələcəyi üçün ciddi təhlükəyə çevrildiyini dünya ictimaiyyətinin diqqətinə çatdırmaq ideyasına əsaslanır.

Anti-Separatizm Hərəkatı" Beynəlxalq İctimai Təşkilatı bütün dövlətlərin, xalqların, millətlərin, etnik yaxud dini azlıqların hüquqlarına hörmətlə yanaşacaq, qəti şəkildə heç bir dövlətin, xalqın, millətin, dini, etnik yaxud digər azlıqların əleyhinə fəaliyyət göstərməyəcək, mədəniyyətlərarası dialoq, millətlərin birgəyaşayışı, sülh, sabitlik və təhlükəsizlik ümumbəşəri ideyaların təbliğinə xidmət edəcəkdir.

Forum çərçivəsində həmçinin Anti-Separatizm Hərəkatı" Beynəlxalq İctimai Təşkilatının Təsis Konfransının 2018-ci ilin birinci yarısında hərəkatın yaradılması ideyasını dətəkləyən ölkələrdən birində keçirilməsini məqsədəuyğun hesab edilib.

Sonda isə dünya liderlərinə, beynəlxalq ictimaiyyətə, siyasi partiyalara, ekspertlərə, ictimai təşkilatlara, kütləvi informasiya vasitələrinə müraciət edərək məramı yalnız sülh, birgəyaşayış, milllətlərarası etimad, mədəniyyətlərarası dialoqa töhfə vermək olan "Anti-Separatizm Hərəkatı"nı dəstəkləməyə çağırıblar.
Qeyd edək ki, Forumun işində Azərbaycan Respublikasının Dövlət rəsmiləri, Milli Məclisin deputatları, Avropa Parlamentinin habelə Avropa ölkələri parlamentlərinin üzvləri, həmçinin separatizmdən əziyyət çəkən bir sıra ölkələrin deputatları, siyasətçiləri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə üzv olan bir sıra ölkələrin sabiq prezidentləri, ictimai-siyasi xadimləri həmçinin, Avropadakı Azərbaycan diaspor təşkilatlarının rəhbərləri, elm xadimləri və KİV nümayəndələrindən ibarət 200 nəfərə yaxın nümayəndə iştirak edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm