Siyavuş Novruzov: "Bəzi səfirliklər bağlanmalıdır"
Bizi izləyin

Nida Xəbər

Siyavuş Novruzov: "Bəzi səfirliklər bağlanmalıdır"

“Büdcə göstərir ki, böyük qlobal layihələr həyata keçirilir. Əsrin Müqaviləsinin uzadılması və Bakı-Tiflis-Qars layihəsi gerçəkləşdirilib. Bu ölkəyə gəlirlərin artmasına, turizmin inkişafına kömək göstərəcək. Rəşt-Astara layihəsinin həyata keçirilməsi ilə bağlı siyasi qərar var. Mən maliyyə nazirindən xahiş edərdim ki, bunun üçün addım atılsın. Bu layihə gerçəkləşərsə, Naxçıvan nisbətən blokadadan çıxa bilər. Üstəlik gəlirlərimiz bir qədər də artar”.

Publika.az xəbər verir ki, bu fikirləri Milli Məclisdə YAP-ın icra katibinin müavini, parlamentin komitə sədri Siyavuş Novruzov deyib.

O xatırladıb ki, indiyə qədər komitələrdə büdcə layihəsi müzakirə edilib, 37 deputat çıxış edib. Onun fikrincə, 30-dan çox rayonun özü-özünü təmin etməsi yaxşı haldır:

“Biz rəqabət prinsipini də tətbiq edə bilərik. Bəzən ayrı-ayrı təşkilatların cəriməsinin müəyyən faizi özündə qalır. Məncə, bunu rayonlar üzrə də tətbiq etmək olar. Yəni özünü maliyyələşdirə bilən rayonlara imkan vermək olar ki, bəzi layihələri özü həyata keçirə bilsin.

İkincisi, idman, təhsil, mədəniyyət sahəsində böyük infrastruktur yaradılıb. Ancaq biz büdcədən həm də bu infrastrukturun saxlanılmasına vəsait ayırırıq. Hesab edirəm ki, elə mexanizm qurulmalıdır ki, bu obyektlərin özü-özünü saxlasın və hətta vergi də versin.

Üçüncüsü, regionlarda özəl bağça və məktəblərin açılması məsələsinə diqqət etmək lazımdır. Adam var ki, biznesmendir, imkanlı şəxsdir. Ancaq uşağını oxutmaq üçün Bakıya gətirir. Çünki rayonlarda belə məktəb və ya bağçalar yoxdur. Hesab edirəm ki, regionlarda da bu kimi məktəb və bağçalar açılmalıdır.

Dördüncüsü, kredit problemini qeyd etmək istərdim. Bəzən banklar əmanəti 3-4%-ə götürür, əhaliyə azı 12 % verir. Bir problem olanda da camaatı hökumətin üzərinə göndərir. Məncə, kommersiya bankları bu məsələyə diqqət etməli, problemli kreditlərin bağlanmasına dəstək olmalıdır. Buna da ciddi nəzarət edilməlidir ki, yaradılan problemlər aradan qaldırılsın, vətəndaşı dövlətdən narazı salmasınlar.

Bəzi dövlətlərdə səfirliklərimiz bağlandı. Hansı ölkədə lazımdırsa, bağlayırlar, harada lazım deyilsə, saxlayırlar. Hesab edirəm ki, səfirliyə ehtiyacımız olmayan ölkələrdə bağlamaq lazımdır”.

Sonda S.Novruzov xatırladıb ki, gələn il Azərbaycanda seçki ilidir:

“Adətən seçki ilində partiyalara daha çox vəsait ayrılır. Məsələn, Türkiyədə seçki ilində siyasi partiyalara maliyyə 3, Almaniyada isə 5-dəfə çox ayrılır. Hesab edirəm ki, bunu da nəzərə almaq lazımdır”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm