Astanada Heydər Əliyevin xatirəsi anıldı
Bizi izləyin

Nida Xəbər

Astanada Heydər Əliyevin xatirəsi anıldı

Astanada Azərbaycanın Qazaxıstandakı səfirliyinin təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anım günü keçirilib.

Publika.az xəbər verir ki, tədbirdə Azərbaycan Mədəniyyət Mərkəzləri İttifaqının üzvləri, “Xəzər” Azərbaycan Mədəniyyət Mərkəzinin nümayəndələri, Qazaxıstanda Axıska türkləri diaspor təşkilatının təmsilçiləri və jurnalistlər iştirak ediblər.

Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin səfirliyin foyesindəki büstü önünə gül dəstələri qoyublar. Sonra Ümummilli Liderin həyat və fəaliyyətinin müxtəlif sahələrini əhatə edən fotosərgi ilə tanışlıq olub.

Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov çıxış edərək Ulu Öndərin Azərbaycan dövlətinin qurulmasında, qüdrətlənməsində, müstəqilliyinin möhkəmləndirilməsində müstəsna xidmətlərindən danışıb. Bildirib ki, ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi sülh strategiyası, mehriban qonşuluq və dostluq siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Səfir vurğulayıb ki, Azərbaycan xalqı Ulu Öndərin tarixi xidmətlərini heç zaman unutmayacaq, onun əziz xatirəsini daim uca tutacaq.

Diplomat qeyd edib ki, bu gün ulu öndər Heydər Əliyev haqqında filmlər çəkilir, kitablar yazılır. Bütün dünya xalqlarının liderləri Heydər Əliyevin dövlət quruculuğundakı xidmətlərini yüksək qiymətləndirirlər.

Azərbaycan ilə Qazaxıstanın beynəlxalq arenada birgə fəaliyyət göstərdiyini və əməkdaşlıq etdiyini vurğulayan səfir Rəşad Məmmədov deyib ki, məhz bu cür strateji yanaşma nəticəsində ölkələrimiz arasında illər ərzində heç bir problem yaşanmayıb. Bu yaxınlarda Azərbaycan və Qazaxıstan Hökumətlərarası İqtisadi Məsələlər Komissiyasının 14-cü iclasının yekun sənədlərinin, əməkdaşlığın “Yol xəritəsi”nin imzalanması da iki ölkə liderlərinin siyasi kursunun nəticəsidir. Azərbaycan-Qazaxıstan münasibətlərini strateji tərəfdaşlıq səviyyəsinə çatdırılması ümummilli lider Heydər Əliyevin, millətin lideri Nursultan Nazarbayevin və Azərbaycan Prezidenti İlham Əliyevin çox böyük xidmətləridir.

Tədbirdə Azərbaycan Mədəniyyət Mərkəzləri İttifaqının sədri Vidadi Salahov, “Xəzər” Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Vidadi Ağayev və nümayəndəsi Səyyaf İsmayılov çıxış edərək bildiriblər ki, Azərbaycan diasporunun inkişafı, 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün dünyanın hər yerində təntənə ilə qeyd olunması da Ulu Öndərin adı ilə bağlıdır. Milli birliyin ideoloji əsası olan azərbaycançılıq ideyası və məfkurəsi məhz dahi rəhbər Heydər Əliyev tərəfindən formalaşdırılıb.

Sonda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr edilmiş “Əbədiyyət” sənədli filmi nümayış olunub. (Azərtac)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm