Bölgələrdə 20 Yanvar faciəsinin ildönümü kütləvi mərasimlərlə qeyd edildi - - FOTOLAR
Bizi izləyin

Nida Xəbər

Bölgələrdə 20 Yanvar faciəsinin ildönümü kütləvi mərasimlərlə qeyd edildi - - FOTOLAR

İyirmi səkkiz il əvvəl, yanvarın 19-dan 20-nə keçən gecə Sovet İttifaqı hərbi hissələrinin Bakıya silahlı basqını, dinc, əliyalın insanların, o cümlədən uşaqların, qadınların, qocaların gülləbaran edilməsi, bu zaman hətta qadağan olunan silah və sursatlardan istifadə olunması Azərbaycan tarixinin qanla yazılan səhifələrindəndir. Xalqın azadlıq ruhuna qarşı yönəldilən bu təcavüz nəticəsində 147 mülki şəxs amansızlıqla öldürülüb, paytaxtda, şəhərətrafı qəsəbələrdə və rayonlarda 744 nəfər dinc, günahsız insan yaralanıb, 841 nəfər qanunsuz həbs edilib.

Publika.az xəbər verir ki, artıq hər bir azərbaycanlının şüuruna əbədi həkk olunan bu dəhşətli məlumatlar yanvarın 20-də səhər saatlarında Ağsu şəhərinin Qəhrəmanlar parkına toplaşan minlərlə ağsulunun keçirdiyi anım mərasimində bir daha səsləndirilib.

İzdihamlı mərasimdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev, icra başçısının birinci müavini Rasim Novruzov və başqaları həm də o vaxt informasiya blokadasında olan Azərbaycanda baş verən qanlı faciəyə ilk siyasi qiyməti verən ümummilli lider Heydər Əliyevin böyük şücaətindən danışıblar. Vurğulanıb ki, belə ağır gündə xalqına həyan çıxan, SSRİ rəhbərliyinin min fitnə-fəsadı ilə siyasi səhnədən kənarlaşdırılan Ulu Öndər özünü və ailə üzvlərini təhlükə qarşısında qoyaraq yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində mətbuat konfransı keçirib, faciənin səbəblərini və təşkilatçılarının adlarını açıqlayıb.

Tədbirdə məktəblilərin ifasında əbədi-bədii kompozisiya nümayiş etdirilib.

Sonra tədbir iştirakçıları xatirə kompleksinə, daha sonra şəhid məzarlığına qərənfillər düzüb, Vətənin azadlığı, torpaqlarımızın bütövlüyü uğrunda şəhid olanların xatirəsinə dərin ehtiramlarını ifadə ediblər.

X X X

Yanvarın 20-də səhər saatlarında Qobustanda Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə və təşkilatların kollektivləri, ağsaqqallar və gənclər, ictimaiyyətin çoxsaylı nümayəndələri rayon mərkəzindəki şəhidlərin xatirə kompleksinə gələrək Qanlı Yanvar faciəsinin 28-ci ildönümünü dərin hüznlə yad ediblər.

Sonra rayon icra hakimiyyətinin akt zalına 20 Yanvar faciəsi ilə bağlı tədbir keçirilib.

Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə icra hakimiyyətinin başçısı Adil Məmmədovun “20 Yanvar milli qürur günümüzdür” adlı məruzəsi dinlənilib. Məruzədə qeyd olunub ki, azadlığımızın bərpası yolunda ilk şəhidlərin verildiyi Qanlı Yanvar gecəsi cəsarətin, fədakarlığın, milli məfkurənin dönməz oyanışının əyani təcəssümü idi. Baş verən hadisələr xalqımızın azadlıq arzusunun, müstəqillik idealının 70 il davam edən sovet hərb maşınının repressiyasına rəğmən sönmədiyini, əksinə, yeni güc qazandığını bir daha nümayiş etdirdi. Bununla Azərbaycan xalqı zülmə, ədalətsizliyə və zorakılığa boyun əyməyəcəyini, milli iradəsinin sarsılmazlığını təkcə imperiya rəhbərliyinə deyil, bütün dünyaya göstərdi.

Sonra ümumtəhsil məktəblərinin və şəhər uşaq incəsənət məktəbinin müəllim və şagirdlərinin hazırladıqları ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

Sonda 20 Yanvar faciəsindən bəhs edən film nümayiş olunub.

X X X

Şamaxıda xalqımızın qan yaddaşına qürur günü kimi əbədi həkk olunan 20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönümü minlərlə rayon sakininin qatıldığı anim mərasimində bir daha yad edilib.

Yanvarın 20-də səhər insanlar Şəhidlər xiyabanına gələrək şəhidlərin xatirəsini ehtiramla yad edib, məzarları üzərinə tər çiçəklər düzüblər, şəhidlərin xatirəsinə ucaldılan abidənin önünə əklillər qoyublar.

Mərasimdə Qanlı Yanvar gecəsi sovet hərbi hissələrinin torpaqlarımızın azadlığı, Azərbaycanın suverenliyi uğrunda dinc mübarizəyə qalxan silahsız insanları gülləbaran edərək vəhşicəsinə qətlə yetirmələri bir daha xatırlanıb. Qeyd edilib ki, aralarında yaşlılar, qadınlar və uşaqlar olmaqla 147 nəfər silahsız mülki şəxs amansızcasına öldürülüb, 744 nəfər yaralanıb, xeyli insan qanunsuz həbs edilib.

Rayon icra hakimiyyətinin başçısı Asif Ağayev, rayon ictimaiyyətinin nümayəndələri mərasimdən sonra Qanlı Yanvar faciəsində şəhid olan rayon sakinləri Vidadi Məmmədovun və Ağanəzər İsrayılovun ailə üzvləri ilə görüşüb, qayğıları ilə maraqlanıblar.

X X X

İsmayıllıda da 20 Yanvar şəhidlərinin xatirəsi ehtiramla anılıb. Minlərlə ismayıllılı sakini iyirmi səkkiz il əvvəl sovet imperiyası hərbi hissələrinin Bakıda törətdikləri Qanlı Yanvar faciəsinin ildönümünü qeyd edib.

Əvvəlcə tədbir iştirakçıları Şəhidlər xiyabanına gələrək ölkəmizin azadlığı və müstəqilliyi uğurundan canlarından keçmiş Vətən oğullarının xatirəsini yad ediblər.

Sonra şəhər mədəniyyət mərkəzində 20 Yanvar faciəsinin dəhşətlərini və vətən övladlarının dəyanətini, vətənpərvərliyini, cəsurluğunu, igidliyini əks etdirən ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

X X X

Kürdəmir rayonunda 20 Yanvar faciəsinin iyirimi səkkizinci ildönümü böyük ehtiramla yad edilib.

Minlərlə rayon sakini 20 Yanvar parkına gələrək burada ucaldılan Ana harayı abidəsinin önünə gül-çiçək dəstələri düzüblər.

Tədbir iştirakçıları məktəblilərin ifasında 20 Yanvar faciəsinə həsr edilən kompozisiyaya baxıblar, şagirdlərin əl işlərindən ibarət rəsm, 20 Yanvar faciəsinə dair kitab sərgiləri ilə tanış olublar.

Sonra mərasim iştirakçıları Şəhidlər xiyabanında ucaldılan Şəhidlər abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.

X X X

20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönümü ilə bağlı Zərdabda ümumrayon anım mərasimi keçirilib.

Rayon rəhbərləri və ictimaiyyət nümayəndələri əvvəlcə Şəhidlərin Xatirə Parkında 20 Yanvar faciəsinin ildönümünə həsr olunan divar qəzetlərinə, rəsm və kitab sərgilərinə baxıblar.

Sonra parkdakı abidənin önünə çiçəklər qoyulub.

Rayon icra hakimiyyəti başçısının birinci müavini Rəhman Feyzullayev anım mərasimində çıxış edərək bildirib ki, 20 Yanvar hadisələri Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri kimi yazılıb, həm də xalqın müstəqillik, azadlıq uğrunda mübarizəsinin və yenilməz iradəsinin rəmzi kimi yadda qalıb. 28 il əvvəl doğma yurdunun, xalqının azadlığı, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları canlarından keçərək şəhidlik zirvəsinə ucalıblar.

Mərasimdə qeyd edilib ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə Zərdab rayonu da şəhidlər verib, neçə-neçə zərdablı əlil olub.

Mərasimdə 20 Yanvar faciəsi ilə bağlı ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

Saat 12:00-da rayon ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Rayonun idarə, müəssisə və təşkilatlarının kollektivləri, ağsaqqallar və gənclər Şəhidlərin Xatirə Parkında ucaldılan abidənin önünə tər güllər qoyub, qəhrəman övladların xatirəsini ehtiramla yad ediblər.

Gün ərzində rayon ərazisindəki məscidlərdə ehsan süfrələri açılıb, şəhidlərin ruhuna dualar oxunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm