Azərbaycan XİN fransalı həmkarlarını erməni lobbisinə uymamağa çağırır
Bizi izləyin

Nida Xəbər

Azərbaycan XİN fransalı həmkarlarını erməni lobbisinə uymamağa çağırır

Fransa Xarici İşlər Nazirliyinin (XİN) açıqlaması ilə əlaqədar Azərbaycan XİN-in Mətbuat Xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

Publika.az-a nazirlikdən verilən məlumata görə, digər həmsədr ölkələrlə birlikdə 25 ildən artıq Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan Fransa da çox yaxşı bilir ki, regionda gərginliyin əsas səbəbi Ermənistanın gücdən istifadə edərək Azərbaycan ərazilərinin hərbi işğalını davam etdirməsidir. Ermənistan ərazisində və işğal olunmuş ərazilərdə Ermənistan tərəfindən bir milyondan artıq azərbaycanlıya qarşı etnik təmizləmə törədilib və bunun nəticəsində 90-cı illərin əvvəllərində Azərbaycan II Dünya müharibəsindən sonra Avropanın ən böyük humanitar fəlakətini yaşayıb.

Ermənistan BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz və tam çıxarılmasına, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmasının təmin edilməsinə dair tələblərini hələ də yerinə yetirmir. Azərbaycan Prezidentinin azərbaycanlıların beynəlxalq sənədlərdə və BMT TŞ-nın qətnamələrində təsbit olunduğu kimi, sülh şəraitində öz tarixi torpaqlarına qayıtması barədə açıqlaması münaqişənin həlli prosesinin vacib humanitar prinsiplərindən biridir.

Münaqişənin həlli üzrə danışıqlar getdiyi halda, ATƏT-in Minsk qrupunun həmsədri və BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi Fransanı və digər həmsədrləri Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərinin anneksiyası məqsədilə həyata keçirdiyi qeyri-qanuni əməlləri, o cümlədən ərazinin demoqrafik tərkibinin dəyişdirilməsi və Azərbaycan xalqının maddi-mədəni və dini irsinin məhv edilməsi halları ciddi narahat etməlidir.

Bu xüsusda ciddi narahatlıq doğuran məqamlardan biri də Fransanın XİN və Daxili İşlər Nazirliyinin mərkəzi təlimatına və ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransanın statusuna zidd olaraq, Fransanın regionlarının qondarma rejimlə qanunsuz əlaqələr yaratması və qondarma rejimin nümayəndələrinin Şenqen viza qaydalarının tələblərini pozaraq Fransa ərazisinə daxil olmaları və propaqanda ilə məşğul olmalarıdır.

Həmçinin, Fransa tərəfini Ermənistan prezidenti Serj Sargisyanın Azərbaycanın Dağlıq Qarabağ bölgəsində aqressiv separatizmin 30 illiyi ilə əlaqədar qondarma rejimə ünvanlandığı 20 fevral tarixli təbrikinə diqqət yetirməyə çağırırıq. Ermənistan prezidenti Azərbaycana qarşı terror, aqressiv separatizm, işğal, təcavüz və qanlı etnik təmizləmə nəticəsində yaradılmış qondarma rejimi nailiyyət kimi təqdim edir və Azərbaycanın suveren ərazilərinin anneksiyasına çağırır. Hesab edirik ki, beynəlxalq terrorizmdən əziyyət çəkən Fransanı Ermənistan prezidentinin bu təbirik məktubunda Fransa ərazisində də qanlı terror törədən və günahsız Fransa vətəndaşlarını qətlə yetirən terrorist Monte Melkonyandan qəhrəman kimi iqtibas gətirilməsi ciddi narahat etməlidir.

Fürsətdən istifadə edərək, Fransa Xarici İşlər Nazirliyindən olan həmkarlarımızı Ermənistan və Fransada olan erməni lobbi dairələrinin dizinformasiya və propoqandasına uymamağı tövsiyə edirik.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm