600 min avroluq söyüş və bataqlıq quşları
Bizi izləyin

Nida Xəbər

600 min avroluq söyüş və bataqlıq quşları

Sosial şəbəkələrdə bütün söyüşlər, təhqirlər, səviyyəsizliklər, dövlətimizə, onun simvollarına qarşı yağdırılan şər-böhtanlar... Hamısı pula görədir.

Hər şeyi pula görə etdiklərini özləri də etiraf edirlər. Əməlləri kimi etirafları da anormaldır. Üç gündən bir aralarında ixtilaf, nifaq yaranır. Başlayırlar bir-birini didib-didişdirməyə.

İndi də Xədicə İsmayılla özünü "araşdırmaçı jurnalist" kimi təqdim edən Hafiz Babalı giriblər bir-birinə.

Bu H.Babalı bir vaxtlar "Azadlıq Radiosu"nda da çalışıb. İddia eləyir ki, "Meydan" TV hər il 600 min avro qrant alır, ancaq istədikləri kimi fəaliyyət göstərmir.

Bundan sonra tərəflər arasında ittiham atışması başlayıb. Sonra da həmişəki kimi söyüş, təhqir...

X.İsmayılın yaxınları da boş dayanmayıblar. Sosal şəbəkədə H.Babalıya hücuma keçərək, dərhal onu "xəyanətkar", "satqın" adlandırıblar.

Hamısı belədi…

O gün şou düzəldib, adını mitinq qoymaq istədilər. Rüsvayçılıq oldu, ciblərini daha çox dolduracaq hadisələr baş vermədi. Şouya gələn də olmadı. Təlx olub, başladılar qapazlamağa baş axtarmağa. Çox uzağa getmədilər, uğursuzluqlarını bir-birinin üstünə ata-ata daha bir ənənəvi rüsvayçı mənzərə yaratdılar. 1-2 saata sosial şəbəkələrdə qırğın da başladı, əllərinə düyməsi turpdan bir yaxa keçdi. Günahkarı tapdılar.

Milli Şuranın sədri Cəmil Həsənli. Məlum oldu ki, mitinqə çağırışla bağlı sosial şəbəkələrdə təşviqat məsələləri "Şura" sədrinə tapşırılıbmış. Amma işinin öhtəsindən gələ bilməyib. Hətta sosial şəbəkələrdə mintinqə getməyənlərə söyüş qoyulsa da, öz qohum-əqrabalarından başqa gələn olmadı. Bunu Musavat, AXCP, hətta "şura" üzvlərinin özləri də yazırlar. "Şura" sədrini qeyri-səmimilikdə, yalan vədlərlə əqidə yoldaşlarını aldatmaqda günahlandırırlar. Elə bil 2 saat əvvəlki insanlar bunlar deyillər.

Bütün bu vurhavur, dümsükləmə oyunu isə daha bir etiraf idi.

Radikal müxalifətin fəaliyyət proqramında dəyişən bircə şey olur: Şəxsi maraqlar.

Anti-milli fəaliyyət, zoru, pozuculuğu və anarxizmi daha da şiddətləndirmək, bunlar üçün yeni "texnologiyalar" tapmaq, məkrli, avantürist metodlar, erməni lobbisinin təsiri altında olan bəzi xarici təşkilatlardan və başqa Azərbaycan əleyhdarlarından aldıqları pulların qarşılığını vermək cəhdi…

Bütün bunlardan əl üzüldükdə isə Avropanın müxtəlif ölkələrində daldalanan, anti-Azərbaycan dairələrin və müxtəlif xarici xidmət orqanlarının toruna düşən savadsız, milli düşüncədən məhrum orduxanlara, məhəmmədlərə, turallara üz tutmaq… Bütün bunlar etiraf deyilmi?

Sağlam siyasi yanaşmanın, milli əqidənin, dövlətçilik sevgisinin, sosial bazanın olmamasının etirafı…

Əsas məqsədlərinin şər-böhtanla, ucuz məzar hiyləsiylə pul qazanmaq olduğunun etirafı…

Gözlərinin Vətən düşmənlərinin ağzında, cibində olmağının etirafı…

Və nəhayət, öz yaratdıqları bataqlıqda çürüyən cəsədə çevrildiklərinin etirafı…

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm