VI Qlobal Bakı Forumu işini yekunlaşdırdı - FOTO - (YENİLƏNDİ)
Bizi izləyin

Nida Xəbər

VI Qlobal Bakı Forumu işini yekunlaşdırdı - FOTO - (YENİLƏNDİ)

VI Qlobal Bakı Forumu çərçivəsində keçirilən sonuncu panel müzakirələr “Dini, mədəni müxtəliflik - siyasi liderlik üçün hansının rolu daha önəmlidir?” mövzusuna həsr olunub.

İclasın moderatoru Norveç Krallığının sabiq Baş naziri Kyel Maqnedini mədəni müxtəlifliklə bağlı məsələlərin dialoq vasitəsilə həll edilməsinin mümkün olduğunu bildirib.

Paraqvay Respublikası Senatının sədri Fernando Luqo qeyd edib ki, din və mədəniyyətin vəhdətinin yaradılmasını təmin etmək vacibdir: “Elə cəmiyyət qurmalıyıq ki, o, tolerant olsun. Bu sahədə layihələr işlənib hazırlanmalı və həyata keçirilməlidir. Çalışmalıyıq insanlara dinin mahiyyətini düzgün izah edək ki, heç bir dinə nifrət olmasın”.

Türkiyənin keçmiş xarici işlər naziri Hikmət Çətin dinin alət kimi istifadə edilməsinin yolverilməz olduğunu bildirib. O qeyd edib ki, əsas məsələ bütün cəmiyyətlərdə birgəyaşayış yollarının tapılmasıdır. “Türkiyədə müxtəlif dinlərə mənsub insanlar müsəlmanlarla birgə çox rahat, dinc şəraitdə yaşayırlar” – deyə H.Çətin əlavə edib.

Tacikistan parlamenti sədrinin müavini Akramşo Felaliyev bildirib ki, İslam sülh və qardaşlıq dinidir: “İslam dinini terrorizmlə eyniləşdirmək qətiyyən düzgün deyil. Terrorizmin nə dini, nə də milliyyəti var. Dinin siyasətə qarışdırılması münaqişələrə yol açır”.

Qırğızıstanın böyük müftisi Maksatbek Toktomuşevin fikrincə, bütün dünyada bilik və qarşılıqlı anlaşma vacibdir. Dinin mahiyyəti hər bir insana düzgün çatdırılmalıdır ki, dindən müxtəlif məqsədlər üçün istifadə olunmasın. Müfti əsas məqsədin dinin siyasiləşdirilməməsi olduğunu vurğulayıb. Əlavə edib ki, bu, baş verəndə cəmiyyətlərdə çaxnaşmalar olur.

İsrail Knessetinin sədr müavini Hamad Amar bütün dinlərdə insanların incidilməsinin qadağan olunduğunu diqqətə çatdırıb. O deyib ki, bütün xalqlar xoşbəxt olmalıdırlar. İnsanlar bir-birilərinə qarşı dost münasibəti bəsləməlidirlər. Bütün dinlərin bir məqsədi var, o da sülhdür.

İtaliya Prezidentinin diplomatik məsələlər üzrə sabiq müşaviri Antonio Zanardi Landi dinin mədəniyyətləri özündə cəmləşdirdiyini bildirib. O deyib ki, dinin mahiyyətinin təhrif olunması yolverilməzdir, bunu edənlər məsuliyyət daşımalıdırlar. O, dindən istifadə edilərək parçalanma hallarına yol verənlərin də məsuliyyətə cəlb olunmalarının vacibliyini bildirib.

Bununla da Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı VI Qlobal Bakı Forumu çərçivəsində keçirilən panel iclaslar başa çatıb.

***

Bu gün VI Qlobal Bakı Forumunun növbəti panel iclası “Elm və siyasət” mövzusuna həsr edilib.

İclasın moderatoru Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmayıl Serageldin mövzunun aktuallığından danışıb. O bildirib ki, mürəkkəb dünyada anlaşmanın əldə edilməsində elmin rolu əvəzedilməzdir. Qarşılıqlı anlaşma və inkişaf üçün elmin faydalarından istifadə etmək vacibdir. Bu, ərzaq təhlükəsizliyinin təmini, səhiyyə, kənd təsərrüfatı və ya mühəndislik sahələrinin inkişafı üçün texnologiyaların, iqlim dəyişikliyinin təsirlərinin dəyərləndirilməsi və digər problemlərin öhdəsindən gəlmək üçün xüsusi əhəmiyyət kəsb edir.

Albaniya Respublikasının sabiq Prezidenti Recep Meydani elm və siyasət arasında bəzi boşluqların mövcud olduğunu bildirib. O vurğulayıb ki, elm siyasətə qarşı çıxarsa cəmiyyətdə bir sıra problemlər yarana bilər. Ona görə də elm adamları da siyasətə töhfə verməlidirlər. Siyasətçilər və alimlər dünyada hökm sürən epidemiyalara, iqtisadi böhranlara qarşı birgə fəaliyyət göstərməlidirlər. Ancaq bu halda səmərəli nəticə əldə etmək olar.

ABŞ dövlət katibinin elm məsələləri üzrə sabiq müşaviri xanım Nina Federoff dünya əhalisinin qida təminatından danışıb. Elm və siyasət arasında fərqləri şərh edən N.Federoff bildirib ki, siyasətçilər bir çox hallarda cəmiyyətin inanclar sisteminə fikir vermirlər. O deyib: “Gələcəkdə qida təminatı ilə bağlı problemlərlə üzləşə bilərik. Bu məsələ aktuallığını saxlamaqdadır və hələ ki, həll olunmayıb”.

Beynəlxalq elmi əməkdaşlığın gücləndirilməsinin, qadın elm adamlarının sayının artırılmasının vacibliyini bildirən Dünya Elmlər Akademiyasının sabiq icraçı direktoru Məhəmməd Həsən bildirib ki, ölkələr arasında elmi əlaqələr siyasi münasibətlərə də müsbət təsirini göstərə bilər. O deyib: “Qaçqınlar arasında da elm adamları, siyasətçilər var, onlar tapılmalı, üzə çıxarılmalıdır. Ola bilsin ki, onlar elmi diplomatiya sahəsində əvəzsiz adamlardır”.

Beynəlxalq Yaşıl Xaç Cəmiyyətinin sabiq prezidenti Aleksandr Likhotal elm ilə siyasət arasındakı əlaqələrin tarixindən danışıb. O qeyd edib ki, elm insanların bütün suallarına cavab tapmalıdır.

“Əslində elm və siyasət ayrı deyil. Təcrübəmə əsasən deyə bilərəm ki, onlar arasında son dərəcə güclü əlaqə mövcuddur. Elm və siyasət adamları birgə məsuliyyət daşıyırlar. Elmi akademiyalar müasir əməkdaşlığın aparıcı qüvvəsi olmalıdır”. Bu fikirləri isə Rumıniyanın sabiq Prezidenti Emil Konstantinesku söyləyib.

İnternet Arxivinin təsisçisi, İnternet Arxivi Federal Kredit İttifaqı və “Alexa”nın təsisçisi Bryuster Keyl dünyada internet məkanında təhlükəsizlik məsələlərinə dair fikirlərini bölüşüb.

Panel iclas müzakirələrlə davam edib.

***

VI Qlobal Bakı Forumu çərçivəsində "Nəsillər arasındakı boşluqlar: Gənclər danışır, biz dinləyirik" mövzusunda gənc liderlərin müzakirəsi keçirilib.

Publika.az xəbər verir ki, iclasa Ukraynanın sabiq birinci xanımı Katerina Yuşenko moderatorluq edib. Mövzusunun aktuallığından, gənclərin cəmiyyətdə fəallığından danışan Katerina Yuşenko bildirib ki, yaşlı nəsildən fərqli olaraq gənclər daha fəal, sosial mediada daha fərqlidir, onlar tənqidi düşünə bilir: “Onların təhsil sistemi də fərqlidir, habelə səyahət etmək üçün daha çox imkanları var. Gənclər dünya və cəmiyyətə daha çox meyil edirlər. Təsadüfi deyil ki, yaşlı nəsil onlara baxıb daha fərqli olmağa çalışır”.

Panel iclasda inklüziya və eksklüziya, texnologiya və idarəetmə, gənclərin müxtəlif sahələrdə təmsilçiliyi məsələləri müzakirə edilib. Gənc liderlər Forum iştirakçıları ilə birlikdə qlobal boşluqlar barədə sual-cavab şəklində fikirlərini bölüşüblər. Qeyd edilib ki, eksklüziyanı öyrənmək üçün ayrıca təhsil lazım deyil. Belə ki, bu gün dünyada müxtəlif ölkələrdə irqi, dini, milli, gender, məişət zorakılığı, miqrasiya, əlillik və digər məsələlərlə bağlı ayrı-seçkilik halları müşahidə edilir. İnsanlar cəmiyyətdə ortaq cəhətlər baxımından birləşməli, fərqli cəhətləri isə öyrənməlidir. Habelə sosial modellik, iqtisadi gəlirin təkrar bölgüsü məsələlərinə yenidən baxılsa, daha faydalı olar. Elə bir dünyada yaşamalıyıq ki, hər kəs özünü öz ölkəsində əmin-aman hiss etsin. İnklüziya təşviq edilməli, təcrid etmə halları aradan qaldırılmalıdır.

Texnologiya və idarəetmə məsələsi ilə bağlı çıxış edən gənc liderlərin fikrincə, bu iki məsələ bir-biri ilə sıx bağlıdır. Belə ki, texnologiya hökumətlərin daha effektiv, innovativ olmasına kömək edər, dəqiqliyi təmin edər. Habelə bu texnologiyalardan istifadə edilməsi üçün işçi qüvvəsi yaradılmalı, iqtisadi dəyişiklik, o cümlədən işsizliyin aradan qaldırılması məsələsinə diqqət yetirilməlidir. Tədqiqatçı kimi düşünməyi erkən yaşdan təbliğ etmək lazımdır. Vurğulanıb ki, sosial mediadan daha çox informasiyanın əldə edilməsi üçün istifadə edilərsə, bu, hökumətlə cəmiyyət arasında boşluğu aradan qaldıra bilər. Eyni zamanda, sosial mediadan yalan xəbərlərin yayılması halları nəzərdən qaçırılmamalı, onların qarşısının alınmasında fəallıq göstərilməlidir.

Gənclərin proseslərə cəlb olunması və təmsilçiliyi məsələləri ilə bağlı çıxışlarda gənc zəkaların cəmiyyət həyatında müxtəlif sahələrə, o cümlədən siyasi proseslərə, ekoloji, iqtisadi, səhiyyə və digər sahələrə cəlb edilməsinin, onlar üçün imkanlar yaradılmasının aktuallığı vurğulanıb. Cəmiyyətin demokratikləşdirilməsində gənclərin rolu qeyd edilib. Boşluqların aradan qaldırılmasında gənclər təşkilatlarının fəaliyyətinin əhəmiyyəti bildirilib.

Çıxışlarda qeyd olunan problemlərin aradan qaldırılmasında müxtəlif ölkələrin, o cümlədən Azərbaycanın müsbət təcrübəsi diqqətə çatdırılıb.

Sonda bu gün dünyada gənclərin proseslərə cəlb edilməsində mövcud olan boşluğun doldurulması məsələsinin mümkünlüyü bildirilib.

Forum panel iclaslarla davam edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm