Əli Həsənov: "KİV bütün namizədlər üçün bərabər şərait yaratmalıdır"
Bizi izləyin

Nida Xəbər

Əli Həsənov: "KİV bütün namizədlər üçün bərabər şərait yaratmalıdır"

“Seçkilərdə Kütləvi İnformasiya Vasitələrinin rolu namizədlərin rolu qədərdir”.

Publika.az xəbər verir ki, bu sözləri Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Həsənov “Azərbaycan Respublikasının Prezident seçkilərində Kütləvi İnformasiya Vasitələrinin rolu və vəzifələri” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

Ə.Həsənov artıq seçkilərlə bağlı xüsusi məqamların KİV-ə bəlli olduğunu deyib:

“Bu məsələdə hər şey bəllidir. Ona görə sizə yeni nələrsə deməyəcəyik. Qarşıdan gələn 11 aprel seçkiləri ilə bağlı həyata keçirilən bu proseslər kütləvi informasiya vasitələrinin rolu, vəzifəsi məsuliyyətini bir daha Azərbaycanın aparıcı kütləvi informasiya vasitələrinin rəhbərlərinə çatdırmaqdan ibarətdir. Seçki Məcəlləsində bununla bağlı dörd punkt göstərilib. Hər bir seçki üç mərhələdən ibarətdir: təbliğata qədərki, təbliğat dövrü seçki prosesinin başlanması, keçirilməsi və nəticələrin elan olunması. Hər dövr üçün Seçki Məcəlləsində KİV-in rolu və vəzifəsi göstərilib. Ancaq biz Məcəllənin tələblərini təkrar-təkrar sizin diqqətinizə çatdırmaq istəyirik. Bu gündən Azərbaycan cəmiyyətində seçki ilə bağlı iki mühüm obyekt və subyekt var. Birincisi, ilk növbədə namizədlərdir. Yəni, diqqət mərkəzinə çıxan namizəddir, onun platformasıdır. Hər bir namizəd fikirlərini ilk növbədə Kütləvi İnformasiya Vasitələri ilə kütləvi şəkildə əhaliyə çatdırmalıdır. Mərkəzi Seçki Komissiyası namizədlərin arzularını nəzərə alaraq namizədlər üçün efir vaxtını hamının baxa biləcəyi 21-23 saatlarda müəyyən edib. Hesab edirəm ki, bu, kifayət qədər münasib vaxtdır. Radio debatları 19:00-da keçiriləcək. Lakin telekanallarda vaxt elə seçilib ki, hər kəs rahatlıqla televiziya qarşısında oturub debatları izləyə biləcək. Namizədlərin çıxışını əhaliyə yenə də Kütləvi İnformasiya Vasitələri çatdıracaq. Bununla yanaşı namizədlər bölgələrdə canlı görüşlər keçirəcəklər. Lakin həmin görüşlərə namizədin fəaliyyətindən asılı olaraq bir qisim insan toplamaq mümkündür. Oradakı görüşləri də cəmiyyətə Kütləvi İnformasiya Vasitəsi çatdıracaq. Seçkilərdə medianın rolu namizədlərin rolu qədərdir. Media namizədlərin əhaliyə çatdırmaq istədikləri proqram, hədəfləri onlar çatdırır”.

Ə.Həsənov bildirib ki, seçkilərin işıqlandırılmasında ikinci məqam Kütləvi İnformasiya Vasitələrinin rolunun Seçki Məcəlləsinə uyğun tənzimlənməsidir:

“Seçki məcəlləsinin tələblərinin nəzərə alınmaması ümumi seçki prosesinə xələl gətirə bilər. Seçki müşahidə missiyaları namizədlər üçün yaradılmış şərait barədə fikirlərini səsləndirəcək. Namizədlərin biri hazırkı Prezidentdir. Bu gündən ölkə Prezidentinin fəaliyyətinin işqlandırılması ilə onun təbliğ olunması arasındakı fərqi müəyyənləşdirmək üçün peşəkarlığınız mühüm əhəmiyyət kəsb edəcək. Bu zaman seçki məcəlləsinin pozulmamasına çalışmalısınız”.

Ə.Həsənov daha sonra sözlərinə belə davam edib: “Hər bir KİV həm də kommersiya qurumudur. Namizədlər müraciət edərkən pullu efir vaxtı ilə bağlı məcəllənin tələbləri pozulmamalıdır. Yəni bir namizəd üçün yaradılan şərait digər namizədlər üçün də yaradılmalıdır. Burada da mütləq şəkildə KİV-in peşəkarlığı və Seçki Məcəlləsini necə mənimsədiyiniz bəlli olacaq. Bugünkü seminarın məqsədi məsuliyyət və kommersiya maraqlarının uyğunlaşdırılmasıdır”.

Gülxar,

Foto: Səfiyar Məcnun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm