Meksikada Novruz şənliyi - FOTO
Bizi izləyin

Nida Xəbər

Meksikada Novruz şənliyi - FOTO

Meksikanın Mexiko ştatının Naukalpan şəhərinin ən böyük və tanınmış Naukali parkında bu ölkədəki səfirliyimizin təşkilatçılığı və Naukalpan şəhəri hökumətinin dəstəyi ilə Novruz bayramı və Azərbaycan mədəniyyəti günü keçirilib.

Publika.az Azərtac-a istinadən xəbər verir ki, mərasimdə Naukalpan şəhərinin sakinləri, Meksikadakı diplomatik korpusun nümayəndələri iştirak ediblər.

Tədbirdə Azərbaycanın Meksikadakı səfirliyinin müvəqqəti işlər vəkili Məmməd Talıbov qonaqları salamlayaraq Novruz bayramının Azərbaycanda çox qədim kökləri olduğunu, ölkəmizdə bu əziz bayramın çox geniş və təntənəli şəkildə qeyd edildiyini deyib. O, bu bayramın qonaqpərvərlik, qarşılıqlı hörmət, rəğbət, səmimiyyət, dostluq və bərabərlik kimi dəyərlərinin xalqımızın mənəvi həyatına nüfuz etdiyini bildirib. Azərbaycanın müxtəlif mədəniyyət təmsilçilərinin əsrlər boyu sülh və əmin-amanlıq şəraitində yaşaması ilə tanındığını vurğulayıb.

Bu kimi tədbirlərin tez-tez keçirilməli olduğunu deyən diplomat beləliklə Meksika və Azərbaycan xalqlarının bir-birinin zəngin mədəniyyət və ənənələri ilə tanış olmaq imkanını əldə etdiyini deyib. O, Novruzun turistlər arasında ən populyar bayramlardan biri olduğunu bildirərək Azərbaycanda turist sayının ildən ilə artdığını qeyd edib və tədbirin qonaqlarını ölkəmizə səfər etməyə çağırıb.

Ölkə rəhbərliyi tərəfindən atılan ardıcıl və səmərəli addımlar nəticəsində xüsusilə son illər Azərbaycanda turistik infrastrukturunun sürətli inkişafından söz açıb. M.Talıbov hər bir Meksika vətəndaşının “ASAN Viza” internet səhifəsinə daxil olaraq üç sadə addımın yerinə yetirilməsindən sadəcə üç saat sonra elektron viza əldə edə biləcəyi barədə xəbər verib.

Gün ərzində parka gələn çoxsaylı qonaqlar Novruz bayramı ilə bağlı ölkəmizdəki adət və ənənələrlə tanış olub, onlara ölkəmizin tarixi, milli mətbəxi və mədəniyyəti barədə məlumat verilib, materiallar paylanılıb. “İpək Yolu” yerli rəqs qrupu tərəfindən Azərbaycan milli rəqsləri nümayiş etdirilib, musiqisi səsləndirilib.

Naukalpan şəhəri sakinləri tədbirə böyük maraq göstərib. Novruz bayramı zamanı bütün uşaqlar tərəfindən sevilən yumurta döyüşdürmə ənənəsi meksikalı uşaqların da böyük marağına səbəb olub.

Sonda Naukali parkının rəhbərliyi ölkəmizin mədəniyyəti ilə tanış olmaq üçün yaradılan imkana görə Azərbaycan tərəfinə təşəkkür edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm