"Ölkə başçısı yeni "Yol xəritəsi"nə uyğun siyasət yeridəcək" - ŞƏRH
Bizi izləyin

Nida Xəbər

"Ölkə başçısı yeni "Yol xəritəsi"nə uyğun siyasət yeridəcək" - ŞƏRH

“Prezident İlham Əliyevin Milli Məclisdə keçirilən andiçmə mərasimində Dağlıq Qarabağ mövzusuna toxunması yüksək qiymətləndirilən məqamlardan biridir”.

Publika.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Fazil Mustafa Aprelin 18-də Prezident İlham Əliyevin Milli Məclisdə keçirilən andiçmə mərasimindəki çıxışına münasibət bildirərkən deyib. O bildirib ki, ölkə başçısının bu günə qədər yeritdiyi uğurlu siyasət gələcəkdə də ölkənin və xalqın taleyini müsbət istiqamətdə dəyişəcək:

“Ölkə başçısının çıxışı Azərbaycan dövlətinin daxili və xarici siyasətinin konseptual əsaslarını ifadə edirdi. Çıxışda mənim ən çox xoşuma gələn məqamlardan biri, prezident seçkiləri ərəfəsində namizədliyi irəli sürülən şəxslərin səsləndirdiyi fikirlərə görə, İlham Əliyevin təşəkkür etməsi oldu. Bu həqiqətən təqdirəlayiqdir. Eyni zamanda bu millət vəkillərinə, eləcə də digər məmurlara bir mesaj idi ki, tənqidi fikirlərdən qorxmaq lazım deyil. Prezident qeyd etdi ki, namizədlərin səsləndirdiyi bütün konstruktiv fikirlər gələcək fəaliyyəti illərində mütləq nəzərə alınacaq. Bu təkcə prezident seçkilərində iştirak edən namizədlərə deyil, bütün siyasi partiyalara, vətəndaşlara şamil edilir. Ölkənin gələcəyi naminə səsləndirilən bütün müsbət layihələr, faydalı fikirlər nəzərə alınacaq. Hesab edirəm ki, bu məsələdə ilk növbədə məmurlar düşünməli və lazımı tədbirləri həyata keçirməlidirlər”.

Prezidentin Dağlıq Qarabağ məsələsinə toxunmasını xüsusi qeyd edən millət vəkili onu da əlavə etdi ki, ölkə başçısı işğal altında olan torpaqların azad olunması ilə bağlı konkret fikirlər səsləndirib:

“Azərbaycanın ən ağır yarası olan Qarabağ problemi və torpaqlarımızın işğaldan azad edilməsi ilə bağlı konkret bir istiqamət təyin olundu. Belə demək mümkünsə, bir “Yol xəritəsi” cızılıb. Bütün istiqamətlərdə düşünürəm ki, ölkə başçısı artıq fərqli islahat yönümlü addımlar atacaq. Bu xətt üzrə isə bütün siyasi partiyalar prezidenti dəstəkləməyə hazırdır. Şəxsən mən özüm bütün islahat yönümlü addımların həm nəzəri, həm də praktiki baxımdan gerçəkləşməsi üçün hər cür iştirak və dəstəyə hazıram. Bu birinci növbədə cəmiyyətin yığılıb qalmış problemlərinin həlli deməkdir. Ona görə də, mən bunu “Yol xəritəsi” kimi görürəm və istiqamətlərin bu qədər açıq-aydın, konkret tezislər əsasında formalaşmasına sevinirəm”.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm