İşğalçı ölkə iflic olacaq - Ermənistandakı inqilabda Azərbaycan AMİLİ
Bizi izləyin

Nida Xəbər

İşğalçı ölkə iflic olacaq - Ermənistandakı inqilabda Azərbaycan AMİLİ

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 18-də Milli Məclisdə keçirilən andiçmə mərasimində çıxışı zamanı bir sıra mühüm məsələlərə toxundu. Bunlardan biri Azərbaycanın Avrasiyanın enerji xəritəsində oynadığı rolla bağlı idi. Azərbaycanın artıq Avrasiyanın enerji xəritəsini dəyişdirdiyini deyən dövlət başçımız bundan sonrakı illər ərzində Azərbaycanın Avrasiyada çox önəmli enerji resurslarını dünya bazarlarına çıxaran ölkə kimi fəaliyyət göstərəcəyini vurğuladı.

Azərbaycan prezidentinin çıxışını şərh edən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov Publika.az-a açıqlamasında bildirib ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən başladılan enerji strategiyası prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

“Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Bu istiqamətdə həyata keçirilən birinci layihə Bakı-Tbilisi-Ceyhan neft kəməri layihəsi idi. Bunun ardınca “Şahdəniz-2” layihəsinin icrası başladı. Azərbaycan Avropanın təbii qazla təmin olunmasında ən etibarlı və davamlı mənbədir. TANAP və TAP layihələrinin bu il reallaşması nəzərdə tutulur. Bu kimi layihələr və “Şahdəniz” konsorsiumun müddətinin 2050-ci ilə qədər uzadılması Azərbaycan Avropanın enerji təminatında mühüm rol oynamasına, eləcə də, enerji xəritəsinin dəyişməsinə gətirib çıxarıb”, - millət vəkili bildirib.

Son 15 ildə ölkə iqtisadiyyatının 3,2 dəfə artdığını deyən müsahibimiz qeyd edib ki, dünyanın heç bir ölkəsində belə artım müşahidə olunmur. Son 15 ildə Azərbaycan iqtisadiyyatına 230 milyard dollardan artıq investisiya qoyulduğunu diqqətə çatdıran millət vəkili iqtisadi uğurlarımızın getdikcə artacağını dilə gətirib:

“Azərbaycanın Strateji Yol Xəritəsi müəyyən edilib. Bu prezident İlham Əliyev tərəfindən hazırlanan və onun müəllifliyi ilə həyata keçirilən strategiyadır. Burada başlıca məqsəd ölkə iqtisadiyyatının qeyri-neft sektorunun daha da inkişaf etdirilməsi və ixrac yönlü, rəqabətə davamlı məhsulların dünya bazarına çıxarılmasıdır. Azərbaycan gələcəkdə Avrasiya məkanında ən etibarlı və dayanıqlı iqtisadiyyata malik ölkə olacaq. Ələt azad iqtisadi zonasının yaxın illərdə fəaliyyətə başlaması ölkənin həm iqtisadi qüdrətini, həm də siyasi nüfuzunu artıracaq”.

Azərbaycan torpaqlarının bir hissəsini işğal altında saxlayan Ermənistanın bütün bu layihələrdən kənarda saxlanıldığına diqqət çəkən Aydın Hüseynov qeyd edib ki, Azərbaycanın düşmən ölkəyə qarşı həyata keçirdiyi təcrid siyasəti artıq öz nəticələrini verməyə başlayıb:

“Serj Sarkisyanın baş nazir olması ilə bağlı Ermənistanda ciddi narazılıqlar baş qaldırıb. Sarkisyan diktaturası və işğalçı rejimə qarşı xalq ayağa qalxıb. Bu o deməkdir ki, Azərbaycanın siyasəti Ermənistanın daxili siyasətində də özünü göstərməkdədir. Sarkisyanın rəhbərliyi altında erməni xalqı aclıq və səfalət içindədir. Ölkə bütün regional layihələrdən təcrid olunub. İşğalçılıq siyasətinə görə Azərbaycanın, konkret olaraq prezident İlham Əliyevin qətiyyətli siyasəti sayəsində Ermənistan təcrid edilib. Bu ölkənin büdcəsi ianələr hesabına formalaşır. Artıq ianələr də kəsilir və bu, işğalçı ölkənin tamamilə iflic olmasına gətirib çıxaracaq. Reallığı erməni xalqı da artıq anlayır və insanların küçələrə çıxaraq Sarkisyan rejimi ilə barışmaq istəməməsi də bunu göstərir”.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm