Tahir Kərimli: Prezident çıxışında radikal müxalifətə tutarlı cavab verdi və onlara olmayan yerlərini göstərdi
Bizi izləyin

Nida Xəbər

Tahir Kərimli: Prezident çıxışında radikal müxalifətə tutarlı cavab verdi və onlara olmayan yerlərini göstərdi

Prezident İlham Əliyev andiçmə mərasimindəki çıxışında ölkənin bütün sahələrində görülən işləri əhatə etdi.

Bunu millət vəkili Tahir Kərimli deyib.

Millət vəkili bildirib ki, dövlət başçısı çıxışında son illər görülən işlər və ölkədəki inkişafı bir daha vurğuladı: "Cənab Prezident çıxışı zamanı Azərbaycan iqtisadiyyatının, siyasətinin, ictimai münasibətlərinin, beynəlxalq siyasətin elə bir sahəsi qalmadı ki, ona toxunmasın. Dövlət başçısının çıxışında ən əhəmiyyətli məqamlardan biri onun bu vaxta qədər Ermənistanla bağlı heç kəsin səsləndirmədiyi məqama diqqət çəkməsi oldu ki, bu məqamı bu vaxta qədər müxalifət də səsləndirə bilməmişdi. Cənab Prezident bu gün Ermənistanın paytaxtı olan İrəvanın vaxtilə Azərbaycan torpağı olduğunu, Ermənistanın Azərbaycan torpağında yerləşdiyini səsləndirdi. Ölkə başçısı Dağlıq Qarabağ münaqişəsinə də toxundu, Azərbaycanın Ordu quruculuğuna toxundu və ölkənin güclü orduya sahib olduğunu bəyan etdi. Cənab Prezident cəsarətlə qeyd etdi ki, aprel döyüşləri Azərbaycanın şanlı zəfər tarixidir və bizim mübarizə torpaqlarımız işğaldan azad olunana qədər davam etdiriləcək".

T.Kərimli bildirib ki, cənab Prezident Azərbaycanın qonşu dövlətlərlə normal münasibətdə olduğunu bildirib: "Dövlət başçısı bu münasibətlərin bundan sonra da davam etdiriləcəyini dedi və bildirdi ki, qonşu dövlətlərlə normal münasibətlər olmasaydı, müəyyən loqistika mərkəzlərini yaratmaq mümkünsüz olardı. Cənab Prezident qısa müddətdə Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin fəaliyyətə başladığını, Şahdəniz yatağının yaxın vaxtlarda işə düşəcəyini, bir sıra sənaye obyektlərinin fəaliyyətə başlayacağını, qeyri-neft sektorunun daha da inkişaf edəcəyini bildirib".

Millət vəkili qeyd edib ki, dövlət başçısı çıxışı zamanı həmçinin Azərbaycanda radikal müxalifətə də tutarlı cavab verdi və onlara olmayan yerlərini göstərdi: "Dövlət başçısının çıxışı çox əhəmiyyətlidir və hesab edirəm ki, növbəti 7 il Azərbaycan üçün daha böyük inkişaf erası olacaq. Cənab Prezidentin and içərək yenidən prezidentlik fəaliyyətinə başlayan kimi şəhid ailələrinə birdəfəlik müəvinətlərin verilməsi barədə fərman imzalaması yüksək səviyyədə qiymətləndirilməlidir. Bu, dövlət başçısının bir daha xalqın yanında olmasını sübuta yetirdi. Dövlət başçısı prezidentlik səlahiyyətlərinin icrasına başlayan kimi ilk olaraq şəhid ailələrinə 11 min manat müavinət verilməsi barədə fərman imzaladı, bu, onun göstəricisidir ki, cənab Prezident dediyi bütün vədlərə əməl edir, ölkənin bütün təbəqəsinin problemlərinin həllinə həssas yanaşır. Və Prezidentin fəaliyyətinin ən böyük nəticəsi ölkədə stabillik və təhlükəsizliyin təmin olunmasıdır. Çünki ölkədə stabillik olmasa, inkişaf ola bilməz. Cənab Prezident ölkədə sabitliyi, əmin-amanlığı təmin etdiyi üçün Azərbaycanın iqtisadiyyatı, inkişafı ayaq üstədir".

Qeyd edək ki, aprelin 18-də Milli Məclisdə Prezident İlham Əliyevin andiçmə mərasimi keçirilib. Ölkə başçısı mərasimdə nitq söyləyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm