“Bu sərəncam illərdir bizə dikilən baxışlara sevinc bəxş etdi" - Qarabağ qazisi
Bizi izləyin

Nida Xəbər

“Bu sərəncam illərdir bizə dikilən baxışlara sevinc bəxş etdi" - Qarabağ qazisi

"Andiçmə mərasimindən sonra Prezidentin ilk fərmanının məhz şəhid ailələri ilə bağlı olması bizi çox sevindirdi. Bu hərbi qulluqçuların ailələrinin çoxdan gözlədiyi qərar idi".

Bu sözləri Qarabağ qazisi, Qazilər.az saytının baş redaktoru Rey Kərimoğlu Publika.az-a “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanından danışarkən bildirib.

R.Kərimoğlu deyib ki, ayrılan vəsait şəhid ailələrinin həyat şəraitinin yaxşılaşdırılmasına kömək edəcək:

“Bu sərəncam illərdir bizə dikilən baxışlara sevinc bəxş etdi. Axı şəhidlər bizim baş tacımız, qürur yerimizdir. Biz Qarabağ əlilləri sağıq, nə qədər ağır yaralanmış olsaq da, valideynlərimizin, övladlarımızın yanındayıq. Lakin ailə başçısını itirmiş ailələr üçün bu illər ərzində yaşamaq heç də asan olmayıb. Bu mənada ayrılan vəsait onların həyat şəraitinin yaxşılaşdırılmasında önəmli bir addım oldu. 2014-2016-cı illərdə zaman-zaman düşmən tərəfindən atəşkəsin pozulması halları müşahidə edildi. 2016-cı ilin aprel ayında ordumuz düşmənə sözünü dedi. O vaxta qədər Ermənilər işğal olunmuş torpaqlarla bizim aramıza sədd qurmuşdu və “keçilməz Ohanyan xətti”deyə bir ifadə formalaşmışdı. Aprel döyüşlərində 15 dəqiqəyə ordumuz həmin səddi keçib, darmadağın etdi. Həmin döyüşlərdə dəyərli igidlərimiz həlak oldu. Bu gün şəhid ailələri üçün ayrılan vəsait əsgərlərimiz, ordumuz üçün həm də stimul rolunu oynayır. Azərbaycan əsgəri bilir ki, o şəhid olduğu halda dövlət ailəsinin yanında olacaq,ona ən yüksək səviyyədə dəstək göstərəcək. Bildiyiniz kimi, Qarabağ əlillərinə dövlət tərəfindən mənzil, 20 Yanvar, Çernobl əlilləri üçün dövlət tərəfindən pulsuz avtomobillər verilir. Torpaqlarımızın işğaldan azad olunması baxımdan bu fərman çox ciddi bir addım oldu. Ordudakı əsgərlərimiz dövlətin onların arxasında olacağı ilə bağlı rahat ola bilərlər. Bütün Qarabağ əlilləri, şəhid ailələri problemlərinin həlli üçün cənab Prezidentə güvənir, inanır”.

Qarabağ qazisi onu da vurğulayıb ki, bu məsələ dəfələrlə gündəmə gətirilib, Prezidentin bu məsələnin həllinə yardımçı olacağına hər zaman inam olub:

“Mənimlə birlikdə döyüşən, şəhid olanların ailələri ilə görüşəndə bu məsələ ilə maraqlanırdılar. Biz onlara cavab verə bilmirdik. Qarabağ Qaziləri Birliyi, Şəhid ailələri cəmiyyətləri, xüsusən Almaz Zeynalovanın rəhbərlik etdiyi cəmiyyət, vətən müharibəsi əlilləri birlikləri bu məsələni zaman-zaman gündəmə gətiriblər. Bu məsələni daim gündəmdə saxlayan Hadı Rəcəbli, Qənirə Paşayeva, Flora Qasımova, Aqil Abbas, Fazil Mustafa, Qüdrət Həsənquliyev və adını çəkə bilmədiyim digər millət vəkillərinə təşəkürümü bildirirəm. Ümumilikdə, şəhid ailələrinə 100 milyon manat vəsait ayrılıb. Bu fərman açıqlanandan telefonlarım susmur, müxtəlif rayonlardan olan şəhid ailələrindən zənglər gəlir. Onlar bu xəbərdən sevinclərini bölüşürlər. 11 min manat bir ailə üçün az vəsait deyil. Onların müəyyən problemlərini həll etmək üçün böyük vəsaitdir. Bizə zaman-zaman ailələr maddi ehtiyacları ilə bağlı müraciət edirdi. Əlbəttə, həmin ehtiyacları qarşılamağa bizim imkanımız olmur. Prezidentin bu fərmanı ilə ailələrin bir çox problemləri həllini tapacaq. Bu həmin anaların, uşaqların halal pullarıdır. Ümid edirik ki, növbəti addım Qarabağ əlilləri ilə bağlı olacaq. Təklif edilmişdi ki, 11 min manat sığorta pulu şəhid ailələri, 8 800 manat birinci qrup Qarabağ əlili, 6600 İkinci qrup, 4400 manat üçüncü qrup Qarabağ əlili üçün nəzərdə tutulsun. İlk mərhələdə şəhid ailələrinə həmin vəsait ödənildi. İnanırıq ki, yaxın zamanda digər Qarabağ əlilləri üçün də nəzərdə tutulan vəsaitin ödənilməsi ilə bağlı Prezident fərmanı olacaq”.

Qeyd edək ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Prezidentin fərmanına əsasən ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə 11.000 manat veriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm